Fikrət Yusifov: "Bu o deməkdir ki, əsas istiqamətlər üzrə yeni proqramlar hər bir sahənin bütün reallıqlarını olduğu kimi nəzərə almaqla tərtib ediləcək"
Günel Fərhadqızı: "Həmin sistemə keçidlə bağlı zəruri olan qanunvericilik bazası da təkmilləşir"
Martın 16-da Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf edib, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin edib, bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaradıb.
Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.
Sərəncama əsasən, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq inkişaf planlarının işlənməsi məqsədilə İşçi qrupu yaradılıb. İşçi qrupuna tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" nəzərə alınmaqla, bu layihələri - 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini, 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini altı ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin.
Müəyyən edilib ki, bu sərəncamın yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər, bu sərəncamın yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması ilə əlaqədar Azərbaycana dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza ala bilər, bu sərəncamın 2-ci hissəsinə uyğun olaraq yaradılan İşçi qrupunun dəvət məktubu bu sərəncamda nəzərdə tutulmuş viza verilməsi üçün əsas hesab edilir.
Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırılıb ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.
"Milli iqtisadiyyatın inkişafının strateji yol xəritəsinin əsas istiqamətləri" təsdiq edilib, onun əsas sektorları Azərbaycan iqtisadiyyatının gələcək inkişafına xidmət edir.
Bu "Yol xəritəsi" Azərbaycanı postneft iqtisadiyyatının əsas hədəflərinə çatdırmaq üçün nə kimi rola malik olacaq?
İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun fikrincə, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli Sərəncamı yaxın, orta və uzaq perspektiv üçün Azərbaycan iqtisadiyyatının müasir tələblər çərçivəsində əsaslı şəkildə yenidən qurulmasını nəzərdə tutan mühüm bir sənəddir: "Bu sənəd əsasında Azərbaycan iqtisadiyyatının güclü, zəif tərəfləri, onun real imkanları və mövcud ola biləcək təhlükələr müəyyən ediləcək, bir sözlə, onun faktlara əsaslanan 360 dərəcəli diaqnostikası aparılacaq. Bu isə o deməkdir ki, əsas istiqamətlər üzrə yeni proqramlar hər bir sahənin bütün reallıqlarını olduğu kimi nəzərə almaqla tərtib ediləcək. Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsini təşkil edən 8 prioritet sektora xüsusi diqqət yetiriləcək. Bunlar 4 istehsal sektoru: - neft, qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma, 2 xidmət sektoru: - ixtisaslaşmış turizm, logistika və ticarət və 2 sosial sektor: - uyğun qiymətə mənzillər və kompleks məsələ kimi peşə təlimləri sahələrindən ibarət olacaq. Bu əsas sektorların hər biri üçün ayrıca həm diaqnostik hesabat, həm də yol xəritəsi olacaq". Qeyd edək ki, strateji yol xəritəsinin hazırlanmasına bir sıra iqtisadçılar cəlb edilib. F.Yusifov da bildirdi ki, ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, yol xəritəsi və baxışın yekun versiyasının işlənib hazırlanmasında alimlər və bütövlükdə elm sektoru, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq tərəfdaşlardan ibarət geniş bir auditoriya iştirak edəcək. Bu strateji xəritənin ölkə iqtisadiyyatının inkişafında, mövcud problemlərin həllində roluna gəldikdə isə, iqtisadçı qeyd etdi ki, adıçəkilən strateji xəritə ilə nəzərdə tutulacaq tədbirlərin reallaşdırılması bütövlükdə ölkə iqtisadiyyatının yeni əsaslarla qurulması və beləliklə, onun neftdən asılılığının optimal bir həddə qədər endirilməsi demək olacaq: "Xarici təsirlərdən maksimum sığortalanacaq, dayanaqlı bir iqtisadiyyat isə ölkə əhalisinin sosial durumunun müasir tələblər səviyyəsində təşkilinə şərait yaradacaq".
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, imzalanan yeni sərəncam iqtisadiyyatın inkişafına müsbət impuls verəcək və postneft dövrünün tələblərinin yerinə yetirilməsini stimullaşdıracaq: "Məlumdur ki, Azərbaycan postneft dövrünə keçidlə bağlı yeni iqtisadi sistem müəyyən edib. Artıq bununla bağlı lazım olan bütün işlər sürətlə görülür. Həmin sistemə keçidlə bağlı zəruri olan qanunvericilik bazası da təkmilləşir. Yeni qərarlar qəbul olunur. Prezidentin imzaladığı yeni sərəncamı da bu qəbilə aid edə bilərik. İqtisadiyyata aid olan bu yol xəritəsi bizim gələcək üçün normal inkişafımızı təmin etməyə hesablanıb. Yeni yol xəritəsi bizim üçün vacib olan qeyri-neft sektorunun inkişafını təmin edəcək".
Məhəmmədəli QƏRİBLİ
Fikirlər