AZƏRBAYCAN iqtisadiyyatının antiböhran immuniteti: FAKTLAR, RƏQƏMLƏR

Dünyada iqtisadi böhran davam edir. Belə şəraitdə Azərbaycanda Prezidentin təşəbbüsü ilə sistemli antiböhran tədbirləri həyata keçirilməkdədir. Bu isə onu göstərir ki, ötən ildən başlayaraq atılan addımlar və 12 ildir həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı kataklizmlərdən sığortalanıb.

 

Faktlar və rəqəmlər...

 

2015-ci ildə dünya iqtisadiyyatında böhranın yaşandığı zaman ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 54,4 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 1,1 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib. Əlavə dəyərin 33,9 faizi sənayedə, 12,1 faizi tikintidə, 10,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 19,4 faizi isə digər sahələrdə istehsal

edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-nin 8,3 faizini təşkil edib. Ümumi Daxili Məhsulun əhalinin hər nəfərinə düşən həcmi 5703,7 manata bərabər olub.

Sənayenin qeyri-neft sektorunda əvvəlki illə müqayisədə 8,4 faizlik artım əldə edilib.

Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faiz olub. Ümumi istehsalın 87,1 faizi sənaye məhsulunun istehsalı, 12,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Ötən ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15957,0 milyon manat vəsait yönəldilib. Onun 9880,6 milyon manatı və ya 61,9 faizi məhsul istehsalı obyektlərinin, 5046,7 milyon manatı (31,6 faizi) xidmət sahələri üzrə obyektlərin, 1029,7 milyon manatı (6,5 faizi) isə ümumi sahəsi 1927,2 min kvadratmetr olan

yaşayış evlərinin tikintisinə sərf olunub.

 

12 ildə görülən işlər

 

Məlumdur ki, regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları təsdiq edilir. Təkcə 2015-ci ildə Azərbaycan regionlarının inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. Proqramların icra olunduğu 12 il ərzində Ümumi Daxili Məhsul 3,2 dəfə, o cümlədən, qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb.

İşsizlik və yoxsulluq son illər ərzində 5 faizə düşüb, pensiyalar 7 dəfə artıb, 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir.

89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb, ölkə üzrə bütün çadır şəhərcikləri ləğv edilib.

 

Sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib, 70 mindən çox müəssisə yaradılıb, ölkədə 25 elektrik stansiyası tikilib, qazlaşma 90 faizə çatıb, 12 min km yol çəkilib. Bütün bu proqramların nəticəsində Ümumdünya İqtisadi Forumu (ÜİF) 2014-2015-cü illər üzrə dünya iqtisadiyyatlarının rəqabətədavamlılıq reytinqində Azərbaycanı dünya iqtisadiyyatının daha rəqabətədavamlı ölkələri sırasına daxil edərək 144 ölkə arasında 38-ci edib.

 

UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə isə ölkəmiz ilk 10-luqda qərarlaşıb. Hesabatda, həmçinin, Azərbaycan əmək bazarının effektivliyinə görə 33-cü, innovasiya potensialının göstəricilərinə görə 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə isə 60-cı yeri tutub.

 

Böhranadavamlı iqtisadiyyat

 

Yuxarıda qeyd edilən nailiyyətlər nəticəsində Azərbaycan iqtisadiyyatı regionda böhranadavamlı iqtisadiyyatlardan biri kimi də dəyərləndirilir. Məsələn, "Fitch Ratings" bildirir ki, ölkənin 16 aylıq ümumi idxal göstəricilərinə əsasən, ARDNF-in vəsaitləri 35 mlrd. ABŞ dolları təşkil edib. Agentlik qeyd edir ki, Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının kəskin azalmasına baxmayaraq ölkənin 34 milyard dollarlıq qızıl-valyuta ehtiyatları var. Bu ehtiyatlar sayəsində Azərbaycan Mərkəzi Bankın azalan ehtiyatlarına baxmayaraq, güclü antiböhran sipərinə malikdir. Və Azərbaycan strateji valyuta ehtiyatlarını neftin kəskin ucuzlaşmağa başladığı 2014-cü ildəki templə xərcləsə, ehtiyatlar  3 il yarıma bəs edər.

 

"Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi isə ölkə iqtisadiyyatını əks etdirən göstəricini "Stabildən" "Pozitivə" yüksəldib.

 

2016-cı il - iqtisadi islahatlar ili

 

2016-cı il çox ciddi iqtisadi islahatlar ili olacaq. Ən əsası, biznes mühitinin yaxşılaşdırılması və dövlət xərclərinin azaldlması üçün tədbirlərin həyata keçirilməsi davam etdiriləcək. Dövlət başçısı İlham Əliyev də bildirib ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin.

Qeyd edək ki, artıq ötən ildən bir sıra sərəncam və fərmanlar imzalanıb. Bu ilin ilk ayında “Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", “Gömrük tarifi haqqında" mövcud qanunlara dəyişikliklər edildi. Hansı ki, bu dəyişikliklər özəl sektorun aparıcı qüvvəsi olan banklara, sahibkarlara yeni nəfəs deməkdir.

 

Belə ki, “Əmanətlərin tam sığortalanması haqqında” yeni Qanuna əsasən əmanətlər 3 il müddətində tam sığortalanır.

 

Eləcə də “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişiklikdə sahibkarların idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumundan azad edilməsi, valyuta əməliyyatlarına görə güzəştlərin tətbiqi kimi mühüm dəyişikliklər əksini tapıb.

 

Hazırda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılır. Maliyyə nazirliyinin açıqlamasına görə, bu il Sahibkarlığa Kömək Milli Fonduna əlavə vəsait ayrılacaq. Həmin vəsaitin ayrılması Fondda olan vəsaitlərlə birlikdə regionlarda yeni müəssisələrin yaradılmasına şərait yaradacaq. Bu, eyni zamanda, aqrar sektora da təkan verəcək.

 

Xatırladaq ki, 2016-cı ildə Fonda 60 milyon manat vəsait nəzərdə tutulub.

 

O cümlədən, “Aqrolizinq” Səmhdar Cəmiyyətinə 32 milyon manat, fermerlərə kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Kreditləri Üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsait nəzərdə tutulub.

 

Habelə, sosial ipoteka kreditləşməsinə 50 milyon manat vəsait proqnozlaşdırılıb.

 

Bunların hər biri isə sahibkarlara maliyyə dəstəyi deməkdir.

(Azərtaym.az)






Fikirlər