Prezident İlham Əliyevin mətbuata qayğısı: yazmaq üçün yaradılan ŞƏRAİT
Prezident İlham Əliyev Milli Mətbuatın 142 illik yubileyində 255 jurnalistə mənzil hədiyyə etdi. 2013-cü ildə isə 155 jurnalist mənzillə təmin olunmuşdu. Bu, son 4 ildə 410 jurnalist ailəsinin mənzil probleminin həll olunmasıdır. Artıq jurnalistlər üçün nəzərdə tutulan növbəti binanın təməli qoyulub. Həmin binada 255 mənzil nəzərdə tutulur ki, bu da 2020-ci ilə qədər ümumilikdə 665 mənzil deməkdir. Bu humanist addım milli mətbuatımıza və jurnalist şəxsiyyətinə verilən qiymətdir.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən jurnalistlərin sosial probleminin həll edilməsi məntiqi olaraq iş keyfiyyətinin yaxşılaşmasına, yüksək səviyyəli fəaliyyətin ortaya çıxmasına səbəb olur. Dövlət tərəfindən jurnalistlərə verilən mənzillər həm də onların müxtəlif mənbələrdən asılılığını aradan qaldırır. Çünki bir çox hallarda hansısa siyasi dairələr – bu, həm daxildə, həm də xaricdə ola bilər -jurnalistlərin yaradıcılıq enerjisini öz məqsədlərinə yönəldir. Adətən xarici dairələr müxtəlif qrant layihələri ilə mediaya sızır və birbaşa Azərbaycan dövlətinə qarşı azərbaycanlı jurnalistlərin əli ilə fəaliyyət göstərir. Dövlətin mətbuata qayğısı, jurnalistlərin mənzil məsələsi kimi ciddi problemini həll etməsi bu cür təhlükəli tendensiyaların aradan qaldırılması deməkdir. Məsələnin ən yaxşı tərəfi həm də odur ki, dövlət jurnalistlərə göstərdiyi dəstəyin qarşılığında onlardan, ümumilikdə mətbuatdan nəsə istəmir, hansısa siyasi məqsəd güdmür. Əksinə, məqsəd jurnalistlərin sosial yüklərdən azad olaraq, daha obyektiv, daha azad şəkildə yaradıcılıq fəaliyyəti göstərməsidir.
Digər tərəfdən, sosial problemi olmayan, yaxud daha az olan jurnalist həm fərd, həm də bir yaradıcı şəxs kimi daha azad olur və bu, ifadə azadlığının qorunmasına təsir edir.
Dövlətin mətbuata göstərdiyi qayğı ümumilikdə medianın inkişafı və qarşılaşa biləcəyi təhlükələrdən qorunması məqsədi daşıyır. Bu dəstək indiyə qədər müxtəlif formalarda davam edir.
Prezident İlham Əliyev 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalayıb. Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır.
Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addım da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” sərəncamı, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi də diqqət və qayğının bariz nümunələrindəndir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürüdür.
Dövlətin əsas məqsədi jurnalistlərin daha yaxşı şəraitdə yazıb-yaratmasıdır. Prezident İlham Əliyevin iyulun 20-də jurnalistlərə mənzillərin verilməsi ilə bağlı keçirilən mərasimdə dediyi fikirlər bu baxımdan diqqət çəkir: “Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.
Göründüyü kimi, cənab Prezident “Siz yazın ki, biz nöqsanları düzəldək” deyir və jurnalistlərdən yalnız bir şey istəyir. Yazmağı.