"Ekspress"də də mənzil almaq üçün namizədlər MÜƏYYƏNLƏŞDİ

İyunun 6-da “Ekspress” qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.

İclası “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvü , Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə izləyib.

İclası giriş sözü ilə açan “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov öncə Azərbaycanda mətbuata göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.

Daha sonra iclasa sədrlik edən “Ekspress” qəzetinin baş redaktorun birinci müavini Qalib İbrahimoğlu redaksiyada mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını elan edib. İclasda iştirak edən əməkdaşların bu barədə fikirləri öyrənilib. Daha sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə “Ekspress” qəzetinin 6 əməkdaşının adının müvafiq Komissiyaya təqdim olunması qərara alınıb.
Namizədlər isə bunlardır: Qəzənfər Bayramov, Aqil Aslan, İntiqam Məmmədov, Təranə Məmmədova, Ulduzə Quliyeva, Namiq Məmmədov.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə çıxışında Azərbaycanda dövlət başçısının jurnalistlərə qayğısından danışaraq bildirib ki, bu il Milli Mətbuat Günü ərəfəsində təqdim olunacaq mənzillər bu qayğının davamıdır: “Cənab Prezidentimizə minnətdarlıq edirəm ki, şəxsən onun təşəbbüsü ilə belə şərait yaradılıb. Artıq jurnalistlər üçün tikiləcək növbəti binanın da təməli yaxın vaxtlarda qoyulacaq. Bir müddətdən sonra üçüncü bina hazır olanda növbəti jurnalistlərin evlə təmin olunması həyata keçiriləcək”.
Vüqar Rəhimzadə hazırkı mərhələdə hər redaksiyadan neçə namizədin ev ala biləcəyini deməkdə çətinlik çəkdiyini bildirib. “Ola bilər ki, bir redaksiyadan 3 nəfər, 4-5 nəfər, ya 2 nəfər ev ala bilsin. Həmin müəyyən olunan şərtlərə cavab verən namizədlərin sənədləri çox dəqiqliklə yoxlanılacaq. İlkin olaraq KİVDF tərəfindən informasiyaları incələnən namizədlərin siyahısı Prezident Administrasiyasına təqdim olunacaq. Ötən dəfə jurnalistlərə təhvil verilən binada 156 mənzil var idi. Bu dəfə inşa olunan binada 255 mənzil var. Hesab edirəm ki, proses tam ədalətli şəkildə həyata keçirilməlidir, haqqı, ehtiyacı olan mənzillə təmin olunmalıdır. “Ekspress” qəzetindən də kim alacaqsa, içində can sağlığı ilə yaşasın. Mənzil alan jurnalistləri təbrik etmək üçün bir tort alıb evinə gələcəm”, - deyə Vüqar Rəhimzadə bildirib.






Fikirlər