Susmayan silahlar, SUSAN MƏMURLAR

Susmayan silahlar, susan məmurlar

Elmar Hüseynov və Rail Rzayevin qətlində uzun illər keçsə də, bu cinayətlərin baş verməsinə aydınlıq gətirilməyib


Hüquq-mühafizə orqanları odlu silahla törədilən cinayətlərin açılmasının təmin edə bilmirlər?

Son illər ölkəmizdə qanlı cinayətlər baş versə də, onların bəzilərinin üstü açılmır. Əsasən də odlu silahla törədilən cinayətlərin iştirakçılarının məsuliyyətə cəlb edilməsi mümkün olmayıb. Hər il cinayətlərin açılma səviyyəsinin yüksəldiyi elan olunsa da, səs-küylü olaylarla bağlı durum pisliyə doğru gedir. Əlbəttə demək olmaz ki, ölkədə kriminogen durum nəzarətdən çıxıb. Amma o da reallıqdır ki, Bakıda sükutu tez-tez güllə səsləri pozur.

Hüquq-mühafizə orqanlarının baş verən cinayətlərin açılmasında gördükləri uğurlu əməliyyatları danılmaz faktdır. Lakin yenə də qeyd etmək lazımdır ki, hüquq-mühafizə orqanları sifarişli cinayətlərin açılmasını tam təmin edə bilmirlər. 90-cı illərdə baş verən Milli Məclisini sədr müavini Afiəddin Cəlilovun, Prezident Aparatı yanında xüsusi şöbənin rəisi Şəmsi Rəhimovun, AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun, Azərnəşrin direktoru Əjdər Xanbabayevin, akademiklər - Ziya Bünyadov, Fərəməz Maqsudovun qətlə yetirilmələri ilə bağlı bir neçə dəfə məhkəmə qurulsa da, bu cinayətlərin törədilməsinə aydınlıq gətirilməyib.

İki dəstənin arxasından polisin özü çıxıb

Misal üçün qeyd etmək olar ki, 1994-2005-ci illər ərzində ölkədə baş verən ən səs-küylü cinayətlərin arxasında polisin yüksək rütbəli şəxsləri dayanıb. Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci ilin martın 10-da həyata keçirdiyi “Qara Kəmər” əməliyyatı nəticəsində Daxili İşlər Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşları həbs edilmişdi.

Başda Hacı Məmmədov olmaqla polis əməkdaşlarından ibarət olan dəstə paytaxtda və region rayonlarında bir sıra sifarişli qətlləri və soyğunçuluq cinayətlərini həyata keçiriblər. MTN-nin keçirdiyi başqa bir əməliyyat

nəticəsində isə 1998-2008-ci illər ərzində Bakı şəhərində odlu silahdan törədilən cinayətlərin, qarətlərin də arxasında polisin dayanması müəyyən edilib.

MTN-nin 2009-cu ilin sentyabrın 26-da keçirdiyi əməliyyat zamanı Yasamal rayon Polis İdarəsində Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsində məsul vəzifələrdə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsində işləmiş Mehdi Əmirəliyev həbs edilib. Onunla bərabər əvvəllər DİN orqanlarında yüksək vəzifə sahibi olmuş daha iki nəfər - İrac Nəsrullayev və Ceyhun Qarayev də tutulub. Bu cinayət işi üzrə ibtidai istintaq dövründə dəstənin digər üzvləri İsmayıl Feyziyev, Seyran Bağırov və Rauf Rzayev həbs ediliblər. Məhkəmənin hökmü ilə müxətlif müəddətlərə məhkum olunan bu şəxslərin paytaxtda 32 silahlı qarət hadisəsi törətmələri müəyyən edilib.

Hacı Məmmədov Elmar Hüseynova görə MTN-də saxlanır?

Bundan başqa, ötən illərdən üstü bağlı qalan sifarşli qətllər baş verib ki, onların üstünün açılmasında hüquq-mühafizə orqanları maraqlı olmayıblar. 2005-ci ilin martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov evinin qarşısında xüsusi amansızlıqla qətlə yetirilib. Həmin qətl hadisəsindən dərhal sonra qətlin açılması üçün göstəriş verilsə də, bu günə kimi qətlin sifarişçiləri və icraçıları həbs edilməyib. İddia edilir ki, bu cinayəti Gürcüstan vətəndaşları Teymuraz Əliyev və digər şəxslər tərəfindən törədilib.

Çoxsaylı qətllərdə ittiham olunan Hacı Məmədov mühakimə edildiyi məhkəmədə bildirmişdi ki, Elmar Hüseynovu onun dəstəsinin üzvləri keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetiriblər. MTN bu ifadəsinə görə Hacı Məmmədovu dindirib, amma serial qətllərin müəllifinin bu açıqlaması özünü doğrutmadı. Bununla bağlı neçə ildir ki, Hacı Məmmədov MTN-nin (indiki Dövlət Təhülkəsizlik Xidmətinin istintaq təcridxanasında) təcridxanasında saxlanılsa da, cinayət işinin istintaqı ilə bağlı heç bir yenilik yoxdur.

Genera Rail Rzayevin qətli ilə bağlı müəmmalar

Ölkədə daha bir açılmayan sifarşli qətl 2009-cu ilin fevralın 11-də baş verib. Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev evinin yaxınlığında naməlum şəxslər tərəfindən güllələnib.

Rail Rzayevin öldürülməsi Müdafiə Nazirliyinin tarixində ən səs-küylü qətldir. Bu vaxta qədər Azərbaycanda hərbi generalın öldürülməsi fakt qeydə alınmamyıb. Rail Rzayevin qətlə yetirilməsi ilə bağlı istintaqa 100-dən çox şəxs cəlb edilib.

Rail Rzayevin qətl hadisəsi ilə bağlı onun köməkçisi Aydın Rəfiyev, yaveri Anar Həşimov və hərbi hissələrin bəzi əməkdaşları cinayət məsuliyyətinə cəlb ediliblər. Onların barəsində məhkəmə hokum çıxarılıb.

Genralın qətli ilə bağlı saxlanılan şəxslərdən biri də polkovnik-leytenant Fuad Ağarzayevdir. Rail Rzayevin yaxın qohumu olan Fuad Ağarzayev Suraxanı Hərbi Komissarlığının rəhbəri vəzifəsindən genralın qətlindən 10 gün əvvəl azad edilib.

Ümumilikdə genralın qətli ilə bağlı 8 nəfər məsuliyyətə cəlb edilib. Bu cinayət işi üzrə bir neçə dəfə istintaqın müddəti uzadılıb. Sonuncu dəfə isə istintaqın müddəti 2011-ci ilin yanvarında uzadılıb ki, bu da axırıncı müddət olub. Həmin vaxtdan sonar generalın qətlinin istintaqı ilə bağlı heç bir açıqlama verilmir.

Genralın qətli ilə bağlı ötən illər ərzində iki məhkəmə qurulub. Rail Rzayev qətlə yetirilən gün həmin binanın mühafizəçisi olmuş Elşən Eyvazov dələduzluq və narkotik vasitləri qanunsuz saxlamağa görə, Yasamal rayon Məhkəməsini hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Eyvaz Eyvazov genralın qətlinə görə, 2010-cu ilin fevralın 17-də saxlanılıb. Istintaq 9 ay onu genralın qətli ilə bağlı dindirsə də, cinayəti sübuta yetirə bilməyib və onu digər cinayətlərdə ittiham edib.

Ən maraqlı məqam ondan ibarətdir ki, general Rail Rzyavev düz keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaşadığı binanın qarşısında

qətlə yetirib. Həmin ərazi təhülkəsizlik kamerları ilə müşahidə olunsa da, Rail Rzayevin qətilinin kim olması müəyyən edilməyib…

Qumaşyan niyə tutulmadı?

2009-cu ilin aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında yaşanan dəhşətli terror hadisəsinə görə, 4 nəfər məhkum edilsə də, cinayətin baş verməsinə hüquq-mühafizə orqanları aydınlıq gətirə bilməyiblər. Fərda Qədirovun milliyyətcə erməni olan Mardun Qumaşiyanın sifarişi ilə törətdiyi bildirilən bu cinayətə görə, Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Mardun Qumaşiyanın barəsində tədbir görülmədiyindən cinayətin müəmmalı olaraq qalmasından xəbər verilir.

Keçmiş millət vəkilinin bankına basqın edənlər tutulmayıb

2010-cu ilib noyabrın 12-də Nərimanov rayonu Y.Çəmənzəminli küçəsindəki “Debüt” banka məxsus valyuta dəyişmə məntəqəsində silahlı basqın hadisəsi baş verib. Naməlum şəxslər məntəqənin işçisi Tərlan Məlikzadəyə başından xəsarət yetirərək torbada olan 8000 manatı götürərək oradan çıxıb. Bu işi üzrə araşdırma aparılsa da, bu günə kimi cinayətin açılması mümkün olmayıb.

Qeyd edək ki, “Debüt” bank keçmiş millət vəkili Fərhad Qəribovun ailəsinə məxsusdur. Fərhad Qəribov hadisə baş verən zaman Milli Məclisinin üzvü olub. Amma 2015-ci ildə keçirilən parlament seçkilərində namizədliyi qeydə alınmayıb. Artıq “Debüt” bankın səhmləri ləğv edilib və bank fəaliyyət göstərmir.

Deputatın qohumunu öldürənlər azadlıqda gəzir

2010-cu il fevralın 20-də Sumqayıt şəhərində törədilən qətlində üstü açılmayıb. Millət vəkili İqbal Ağazadənin qohumu Vüqar Balayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Vüqar Balayevlə birlikdə atası İsmayıl Balayev həmin gün evdən işə gedərkən 1-ci mikrorayon ərazisində silahlı hücuma məruz alıblar. İki nəfər silahlı Vüqar Balayevi qətlə yetirib, onun atasını isə ağır yaralayıb. Bu cinayət işi üzrə foto

robut hazırlansa da, cinayət törədən şəxsləri tutmağa müvəffəq olunmayıb.

Şadlıq evi basıb 300 min dollar aparanlar tapılmadı

Paytaxtın Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi 12-də yerləşən və Vaqif Qurban oğlu Əsgərova məxsus “Gilan” şadlıq evinə silahlı basqın edilmişdi. Basqınçılar gözətçi Rasim Eyvazovun əl-ayağını bağlayıb içərisində 150 min manat pul, 300 min dollar və sənədlər olan seyfi aparıblar. Gözətçi ilkin dindirilmə zamanı naməlum şəxslərin maskalı olduqlarını bildirib. Lakin bu cinayəti törədən şəxslər də hələki tutulmayıb.

Ötən il və bu il ərzində paytaxtda və regon rayonlarda bir çox güllələnmə hadisələri baş verib. Ötən ilin noybarın axırlarında Şirvan şəhərində silahlı insident baş verib. Hadisə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi (“razborka”) zəminində baş verib.

Kriminal avtoritetlərin “razborka”sı

“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu (kriminal aləmdə “krıtıy Elvin” kimi tanınan) qətlə yetirilib.

Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb olunması gözlənilir.

Qeyd edək ki, Sarıbalayev Zaur Vəfadar oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

Ad günündə güllələnmə

Bu ilin fevralın 21-də Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında güllələnmə qeydə alınıb. Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb. Artıq şübhəlinin yeri müəyyən edilib və tutulması istiqamətində tədbirlər görülür.

Bu ilin fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş vermiş münaqişə zamanı Məhəmmədəli Abdullayev Natiq Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdirilib. Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb.

Rayonun Topalhəsənli kənd sakini Məhəmmədəli Abdullayev qaynı Natiq Dəmirovun ad günündə həddindən artıq içkili olmasına baxmayaraq yenə içki istəyib. Natiq Dəmirov buna etiraz edəndə mübahisə yaranıb. Məhəmmədəli Abdullayev evinə gedərək ov tüfəngini götürüb və qaynının həyətinə girərək evin qapısına 26 dəfə atəş açıb.

İdmançıya qarşı cinayət

Fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər

prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanlb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil verib. Qeyd edək ki, E.Cəlilov kikboksinq üzrə ikiqat Azərbaycan çempionudur. 






Fikirlər