Ekoloji qanunvericiliyin tələblərinə RİAYƏT OLUNMASI VƏZİYYƏTİ araşdırılıb
01-15 aprel 2016-cı il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 146 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 37 müddətli “məcburi göstəriş” verilib. Ümumilikdə, 37 iş üzrə 43450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 25 iş üzrə 339403.8 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 252 iş üzrə 56097.51 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və məhkəmələrə 19, icra qurumlarına isə 16 iş göndərilib. AzerTaym.az