İlham Əliyev 9 MAYla bağlı keçirilən MƏRASİMDƏ
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlət başçısı İlham Əliyevi qarşılayıb. Müharibə veteranları ilə görüşən İlham Əliyev və xanımı onları Qələbə Günü münasibətilə təbrik ediblər. Dövlət başçısına xatirə hədiyyələri təqdim olunub. Azərbaycan Prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib. İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.