Telli Borçalı və Akif Çovdarov dostluğu haqda — BİLMƏDİKLƏRİNİZ
Camaat, gözünüz aydın olsun. Telzadə Qurbanova üzə çıxdı. Telli Borçalını deyirəm də. Başa düşürəm, düşünürsünüz ki, aşıq olasan, rus demişkən "kliçkan" da qondarma ola, qəliz məsələdir. Siz bunları boş verin. Daha maraqlı, daha "axıtmalı" xəbərlər var. Telli jurnalistləri axıdırmış. Mövzuya keçməzdən öncə ATV-yə və aparıcı Yusif Ağayevə kiçik bir xatırlatma. Telliylə bağlı məlum xəbər "bəzi saytlarda" yox, Ölkə.Az-da getmişdi. Azacıq abır-həyanız olsun, oğurluq etməyin. İndi də keçək canlı yayımımıza. - Yusif bəy, görünmür, qoy görünsün danışaq, burda mənim süjetim gedir. - Təbrik etmək istədik ki, yaxında toy olacaq. Hiss olunur ki, xanım çox həyəcanlıdır. Nitqinə davam edir: - Qonaqlarınızı salamlayıram. Çox gözəl qonaqlarınız (qonağın soyadını düz deyə bilmir ha) var. Deyirəm, yalan olar, amma bu qədər də ağ yalan ola bilməz e. Bu arada Yusif başını bulayır və dodaqlarını çeynəyir. Elə bil ki, xəbəri bunun haqqında yazmışam. Davam edirik.. - İnternet saytı yazıb. - Mən indi Bakıda deyiləm. Bakıya gələndə o yazını yazanlarla hamısınnan birbəbir görüşəjəm, özü də necə lazımdı görüşəjəm. Yusif bəy, belə dırnaqarası jurnalistlərə jurnalist demək olmaz. Yusif başıyla Tellinin dediklərini təsdiqləyir. Telli isə davam edir: - Yaxşı doğrunu yazan jurnalistlərimiz də var. Sənə kim ixtiyar verib ki, bu qədər yalan, iftira... Mənnən danışmamısan, mənə zəng vurmamısan, yol yoldaşı olmamısan, toyda olmamısan. Sən ölü dalınnan danışersan? Ölünün dalınnan belə danışallar ki, əşi, gəlif mənə hardan cavaf verəjək. Doğrudan e, axı mən Telliylə yol yoldaşı olmamışam. Bəs niyə bu xəbəri yazdım? Yol yoldaşı olsaydım, bəlkə məni də Akif Çovdarovla qorxudardı. Axı Çovdarovun və əhatəsinin məclislərinin bəzəyi olub Telli. Və elə buna görə aşıqlar arasında efirlərə qadağa işinə, özləri demişkən toylardan burmaq məsələsinə də məhz özü baxırmış. İndi baxa bilmir. Səbəbi təbii ki, məlumdur. Bunları da ona görə yazıram ki, Telli məni də yaxşı jurnalist saysın. Canlı yayımımız isə aşıqla davam edir: - Mən səni kimisinin, elənçi jurnalistin neçəsini təpəsi yuxarı axıdıf, dik yuxarı da gəzmişəm. Bu cümləni dəqiq başa düşmədim axı. Nəyi axıdıb, nə vaxt axıdıb, harda axıdıb? Hə, jurnalisti axıdıbmış. Nəysə, qəliz və axıtmalı cümlə oldu, canlı yayımımıza davam edək. - Bu şeyi sənə kim sifariş verib, bilmirəm. - Kimsə düşmənlərdən olub. - Olar, Yusif bəy, onu bilirəm. - Bəlkə 17 yaş kiçik olan oğlan dostunuz olub? (Sanki bu sualla Telliyə pas verir ki, al vur qapıya) - Bir adama salam verməyinə peşman olursan. Vay niyə oturub çay içdilər? Gah məni kimə verirlər. - Bəyəm Tellinin başına oğlan qəhətdir ki, özündən 17 yaş kiçiyə ərə getsin? - Nəyə bir az şey oluram? Elə şey yaz ki, bir az inandırıcı olsun. Mənim xarakterimi hamı çox gözəl bilir. Bax burda da mənim səhvim var. Gərək yaş fərqini bir az az yazaydım. Telli xanım, 10 yaş gedər? Di onda Allah xeyir versin. Söhbətin axırı əsl komediya mövzusudur. Deməli, mənim yazdığım xəbərdə bildirilir ki, Telli oğlanın valideynlərini hədələyib. Motiv də bu olub ki, oğlunuza başqasına elçi getməyin. Telli isə söhbəti "günəşvari" oxuyub və reaksiyasına baxın: - Deyirlər elçilik olub. - Guya elçi gəlmək istəyiblər, mən hədələmişəm. Bu orucluq ayına and olsun, orucluq ayı onu yazana qənim olsun ki, belə şey ola bilməz. Bu qədər ağ yalan... Tellinin bu sözləri, xüsusən mənə etdiyi qarğışı qımışaraq səsləndirməsi, məni çox xoşhal etdi. Bir anlıq özümü savab iş görmüş adam kimi hiss elədim. Vallah, Tellini də sevindirmək imandandır. Heç olmasa, bircə dəfə də özümüz yazaq da. Adam hər dəfə çıxıb deyir ki, "nervinni" oğlan olmasa, getmərəm. Elə bəlkə bu xəbərdən sonra səydərəşin biri tapıldı, dedi, gəl, səninlə evlənək. Onsuz da özü eləsini axtarırdı da. Zarafat bir qırağa, görünür Telli Çovdarovla dostluq elədiyi (dostluq) dövrlərin xiffətini çəkir. Çünki o vədələrdə hansısa aşıq ürək eləyib Telli haqda heç ürəyində də pis düşünə bilmirdi. Qəlizdir...çox qəliz. Azadlıqda məhbəs kimidir, ay Telli xanım. Allah qapınızı açsın.