Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan söküntü işləri nəticəsində evinə vurulmuş ziyandan əziyyət çəkir.
Kinorejissor bununla bağlı dəfələrlə mətbuatda BŞİH-nin, şəhər meri Hacıbala Abutalıbovun ünvanına sərt çıxışlar edib, əlində olan məhkəmə qərarlarının icra edilməsini tələb edib.
Görəsən, kinorejissorla Bakı Şəhər İcra Hakimiyyəti arasındakı münaqişədə hər hansı yenilik varmı? Mətbuatda səsləndirdiyi fikirlərə görə qarşı tərəfdən müsbət və ya mənfi mənada hansısa təpkilər alıbmı?
Moderator.az məsələ ilə bağlı Şeyx Əbdül Mahmudbəyovun fikirlərini öyrənib.
Kinorejissor indiyə qədər qarşı tərəfdən heç bir təpki görmədiyini bildirib:
“Hacıbala o adama təzyiq göstərə bilər ki, təzyiq etdiyi adam Hacıbalanın tayı olsun. Kiminsə qanadının, qoltuğunun altına girsin, ona etimad olunan dövlət vəzifəsindən sui - istifadə etsin, vəzifə hesabına ədavət aparsın. Mənim nə vəzifəm, nə biznesim, nə də imkanım var. Mənim yüksək səviyyədə xarakterim, prinsiplərim, əxlaq və mənəviyyata xidmət edən çox güclü ideoloji tərbiyyəm var və mən bu Vətənin övladıyam, bu Vətən mənimdir. Kimlərsə vəzifəsindən istifadə edib özünə xoş gəlməyənlərə qarşı təzyiq edirsə, bu, nakişilikdir. Kişi öz şəxsiyyəti, prinsipi, yolu ilə ədavət aparar, vəzifə hesabına yox.
İkincisi, məni qorxutmaq, çəkindirmək mümkün olan iş deyil. Üçüncüsü, bunlar istəyirlər ki, mən də başqaları kimi Avropa təşkilatlarının qapılarına cumum. Əvvəla, mən Avropaya da, orda olan cəmiyyətlərə də nifrət edirəm. Birmənalı şəkildə nifrət edirəm ki, Avropada yaradılan bütün cəmiyyətlər ancaq Azərbaycan xalqına düşmənçilik etmək üçündür. Minsk qrupunu da, ATƏT-i də görürük. 500 ildir Azərbaycana qarşı təşkil olunan, Pyotrun planı ilə ermənilərin Azərbaycana daşınması və müsəlman-türk dünyasına qarşı düşmən bir ocaq yaradılması mənim bildiyim şeylərdir. Mən bu işlərlə mübarizə aparıram, bunların təbliğatını qururam, Hacıbala kimdir ki. Sadəcə olaraq mənim haqqım, tələbim, vətəndaş kimi hüququmdur ki, başa düşmədiyim prinsipial məsələlərə açıqlama alım. Bütün fəaliyyəti, mədəni səviyyəsi ilə, apardığı siyasətlə nümunə olacaq böyük məktəb keçmiş prezidentimiz bu xalqın qarantıdır. O, dəfələrlə deyib ki, biz xalqa xidmət edirik, bu vəzifələri ona görə sizə etibar eləmişəm ki, xalqa xidmət eləyək. Hanı bəs? Mən bu xalqın sayılıb, seçilən 73 yaşlı bir vətəndaşıyam. Heç bir marağım, təmənnam, ambisiyam yoxdur. Sadəcə olaraq Hacıbala Abutalıbov yaşadığım ərazidə park, yeraltı qaraj tikəndə (hansı ki, bu gün oradan külli miqdarda gəlir götürür) mənim halal, qanuni evimi uçurdub, ev dağılıb. Bu barədə də bütün qurumların çıxardığı AKT-lar, rəylər, üç məhkəmə qərarı var. Əgər bu gün üç məhkəmə qərarlarını hansısa Hacıbala Abutalıbov adlı (bəzi ifadələri ixtisar etməyə məcbur olmuşuq-red.) mövqeyi bəlli olmayan bir adam saya saymırsa, vəzifə səlahiyyətlərindən istifadə edib prezidentin adından alver edirsə, prezidentin gördüyü işləri öz adına çıxıb, onun kölgəsində digər struktur rəhbərlərinə xox gəlirsə, onlara barmaq silkələyirsə, onlar da bundan qorxub öz qanuni işlərini icra eləmirsə, mən neyləməliyəm? İki ildir dözülməz şəraitdə yaşayıb, işləyirəm. Kimdir axı Hacıbala? Onun bütün cəddi-əqrəbasını tərəzinin bir gözünə qoysan, mənim gördüyüm işin bir misrası ağırlığında gəlməz”.
Şeyx Əbdül daha sonra qeyd edib ki, şəhər merinin onu yenidən məhkəməyə verməsini istəyir:
“Hacıbalanın mənim yanımda böyük bir eyib işi var, dövlətçiliyə, konkret olaraq Heydər Əliyevə qarşı. Mən nakişilik edib onu heç vaxt gündəmə gətirmərəm, çünki mən Hacıbala üçün bambılı deyiləm. Hacıbala haqqında ona görə sərt çıxışlar edirəm ki, bəlkə kişiliyi çatdı, məni təzədən məhkəməyə verdi. Heç olmazsa ona sözümü məhkəmədə deyə biləm, soruşam ki, məndən nə istəyir axı. Halal zəhmətlə qazandığım evimi dağıdıb, qəzalı vəziyyətdə yaşayıram, obyektimi, qəzet butkamı uçurtsaydı, dillənməzdim. Bir toyuq hinim belə yoxdur ki, 7 nəfər ailə üzvümü götürüb gedim orada yaşayım. İnsan nə qədər (......) ola bilər ki, bütün rəsmi təşkilatları aldada. Yalan deyə ki, biz neyləyək, o, heç bir şeyə razılaşmır, heç nəyə qane olmur, heç nə istəmir. Yalançının ataba-atasının yeddi arxa dönəninə lənət. İnsan bir az da kişi olar, sən mənə nə təklif eləmisən axı, nə demisən ki, mən imtina etmişəm?
Bir daha sizin vasitənizlə deyirəm ki, Hacıbala, sənin də 73 yaşın var, mənim də, o vəzifə də sənin babanın, dədənin deyil. Hansı hoqqalardan, oyunlardan çıxmısansa, inşaallah vaxt gələcək haqq divanında cavab verəcəksən. Bu dövlətin sahibi var, qanunları var, kitabın dönəndə hər şeyə görə cavab verəcəksən, cinayətləri ört-basdır etmək olmaz. Sənin günahsız, ağsaqqal, gecə-gündüz elmə, mədəniyyətə, tarixə xidmət edən bir adamla düşmənçilik aparmağın ayıbdır. Bütün dünya, bütün Azərbaycan bilir ki, mən dövlətə, dövlətçiliyə xidmət edən adamam, əgər Hacıbala bunu bilmirsə, onun mənşəyini axtarmaq lazımdır, görək kimdir, haradan gəlib.
Dəfələrlə ölkə başçısına müraciət etmişəm, yenə də prezidentimizə müraciət edirəm, Hacıbalaya kim səlahiyyət verib ki, vəzifəsindən sui-istifadə edir? Rəsmi strukturlar, dövlət qurumları qorxurlar, bu işə yaxın gəlmirlər. Ailəmlə birlikdə hər an təhlükə içində yaşayıram, elə etməsinlər ki, bu yaşımda gedib Hacıbalanın qalstukundan yapışıb, oturduğu binanın qabağında sürüyüm. Mən indiyəcən bunu etmədiyimə görə özümü ittiham belə edirəm, çünki ədəb, qanun gözləməklə olmur”.
Əməkdar incəsənət xadimi sonda bir daha şəhər merinə və bir neçə dövlət məmuruna müraciət edib:
“Hacıbala, səni bir daha xəbərdarlıq edirəm, özünü yığışdır, mənlə işin olmasın. Mənim adımdan camaata yalan informasiya vermə, qanun nə qərar çıxarıbsa, onu icra elə. (.....................) Mənimlə olan söhbətini açıb tökümmü ortalığa?
Saytınız vasitəsilə Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi genral-leytenant Mədət Quliyevə müraciət edirəm. Bu müraciət ailəmin təhlükəsizliyi ilə bağlıdır. Xahiş edirəm, məni qəbul etsinlər, bilirəm ki, bu insanlar dövlətə, dövlətçiliyə canı yanan adamlardır, bəlkə onlara dərdimi deyə bildim”.
Qeyd edək ki, Moderator.az qarşı tərəfə də cavab haqqı tanıyır və fikirlərini olduğu kimi işıqlandırmağa hazırıq.