“Məhkəmə qərarlarını saymayan Hacıbala Abutalıbovdan hər nə desən gözləmək olar. Hacıbala heç kimi saymır, güya Bakı Hacıbalanın dədəsinindir, Orta Asiyadan gətirib. İndi də Bakıya xozeyinlik edir, rəhbərlik eləmir. Hacıbala dövlətə, dövlətçiliyə yox, şəxsi maraqlarına xidmət edir”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Bakıdakı tarixi binaların sökülməsinə münasibət bildirərkən deyib.
Şeyx Əbdül daha sonra bildirib ki, neçə illərdir tarixi binaların məhv edilməsiylə bağlı təkbaşına mübarizə aparır:
“İndi çox şad oldum ki, bu mübarizəyə ölkəmizin ziyalıları da qoşulub. Onların hər birinə təşəkkür edirəm. Elə evlər var ki, adam onların söküləcəyini eşidəndə məhv olur. Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Əhsən Dadaşovun, Üzeyir bəyin, Hüseynqulu Sarabskinin evi və s. hamısı arxitektur binalardır. O evləri dağıdıb tökürlər, hansı ki, onları qoruyub, restavrasiya edib gələcək nəsillər üçün saxlamaq lazım idi. Amma bu işə maraqları yoxdur, ancaq dağıtmağı, uçurmağı, sökməyi bilirlər. Tarixi binalarımızı söküb yerində göydələnlər ucaltmaqla tariximizi məhv edirlər. O göydələnlərdə heç bir arxitektur yaraşıq, mədəniyyət yoxdur. Göydələnləri Hacıbala Abutalıbov ona görə tikdirir ki, orada mənzillər çoxdur, çox satış edib çox pul qazanacaq. Tiflisə baxsınlar bir, gürcülər tarixi binaları uçurdub yerində göydələnlər ucaltmadıqları üçün ağılsızdırlarmı?! Əlbəttə ki, yox, gürcülər tarixlərinə, mədəniyyətlərinə, incəsənətlərinə sahib çıxmağı bacarırlar. Biz isə göz görə-görə özümüz öz əllərimizlə tariximizi, mədəniyyətimizi, incəsənətimizi dağıdırıq, məhv edirik”.