“Qarabağ klanı”na bəd müjdə - düşmən təlaşının əsas səbəbi; “5 rayon yalnız onun qarşılığında qaytarılır ki...”; bu gün həmsədrlərin Moskva görüşündə hərb, yoxsa sülh dilemmasına aydınlıq gəlməlidir; Qarabağa görə Qərb-Rusiya ziddiyyətlərində “düyün nöqtəsi” də açılacaqmı? Rusiyalı politoloq: “Kreml imkan verməyəcək ki, ABŞ konfliktin həllinə girişsin...”
Bu gün Moskvada Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı keçiriləcək. Əksər müşahidəçilər Rusiya paytaxtındakı budəfəki müzakirələri kifayət qədər mühüm hesab edir. Çünki apreldəki 4 günlük müharibədən keçən 5 ayda yüksək səviyyədə yalnız iki görüş - Vyana və Sankt-Peterburq görüşü baş tutub və son vaxtlar nizamlama prosesində yenidən durğunluq müşahidə olunmaqdadır. Eyni zamanda müharibə riskləri təzədən artmağa başlayıb.
Bu mənada həmsədrlərin Moskva görüşü xeyli dərəcədə hərb, yoxsa sülh dilemmasına aydınlıq gətirməlidir. Çünki gözləmə limiti artıq bitib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə ATƏT-in XİN başçılarının Potsdamdakı qeyri-formal sammitində ilk dəfə açıq bəyan edib, Ermənistanın işğal altındakı əraziləri boşaltmağının vaxtının çatdığını bildirib, faktiki, yeni müharibə haqda xəbərdarlıq edib.
Ötən saylarımızda yazdığımız kimi, bu xəbərdarlıqdan həmsədr ölkələrə də pay düşür və zaman Ermənistanla yanaşı, bölgədə maraqları toqquşan vasitəçi dövlətlərin də əleyhinə işləyir. Bəs Moskva görüşü nə vəd edir? Görüşün Qarabağ məsələsinə ən böyük təsir imkanı olan Rusiyanın paytaxtında keçirilməsi konfliktin həlli baxımından hansısa əlavə pozitiv atmosfer yaradırmı?
***
“Qarabağ konfliktini yalnız kompromislər yolu ilə həll eləmək mümkündür”. Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı politoloq Andrey Yepifantsev tert.am erməni nəşrinə müsahibəsində vasitəçilərin Moskvada gözlənilən görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə, münaqişə “məğlublarsız həll” prinsipi əsasında nizama salınmalıdır.
Rusiyalı analitikin qənaətincə, Kremlin problemin həllinə öz məxsusi yanaşması var və bu yanaşma “Lavrov planı” adlanan sənəddə əksini tapıb. “Rusiyanın Qarabağ məsələsinin həllində maraqlı olması tamamilə başa düşüləndir: konfliktə cəlb olunmuş tərəflər Rusiyanın dost, strateji tərəfdaş hesab elədiyi dövlətlərdir. Ona görə də Moskva əlindən gələni etməyə çalışır ki, hər iki dövlət vuruşmasın və onlardan hər biri ilə dostluq münasibətləri saxlasın. Bu, həm də tərəflərə təsir məsələsidir”, - deyə politoloq qeyd edib.
Ekspert Qərbin Qarabağ nizamlanmasına mümkün təsir və müdaxilə imkanlarından, habelə iki güc mərkəzinin toqquşan maraqlarından da danışıb. “Rusiya nüfuzlu xarici siyasət yürüdür və imkan verməyəcək ki, Qərb konfliktin həllinə girişsin. Kremlin bu məsələdə müdaxilə etməməsi təəccüblü olardı” - təhlilçi vurğulayıb.
Daha sonra “Lavrov planı”nın detallarına toxunan Yepifantsev deyib: “Bu planı heç kim gözlə görməyib, ancaq mənə məlum olduğu kimi, həmin plan aşağıdakıları nəzərdə tutur: Dağlıq Qarabağ ətrafındakı 5 rayon statusun qarşılığında yox, məhz Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədlərinin açılmasının əvəzində açılacaq”.
***
Göründüyü kimi, Lavrov planına görə, 5 rayonun geri qaytarılması yalnız kommunikasiyaların və sərhədlərin açılması qarşılığında nəzərdə tutulur ki, bu da əslində Azərbaycanı qane edir. Erməni tərəfini ən çox narahat edən də budur - rayonlar azad edildikdən sonra belə, Dağlıq Qarabağın statusunun qeyri-müəyyən qalması.
Bu, Ermənistanda hakimiyyəti zorla ələ keçirmiş “Qarabağ klanını”n əslində siyasi fiaskosudur. Çünki Sərkisyan-Köçəryan rejimi uzun illər erməni toplumuna təlqin və vəd edirdi ki, ərazilər, 5 rayon yalnız Dağlıq Qarabağın “müstəqilliyinin” Bakı tərəfindən tanınması qarşılığında qaytarıla bilər. Təsadüfi deyil ki, ciddi erməni ekspertləri konfliktin həllinin bu formata salınmasını, yəni status məsələsinin ikinci plana keçirilməsini, daha dəqiqi, unudulmasını Azərbaycanın mühüm diplomatik uğuru kimi qiymətləndirməyə başlayıblar.
***
Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Putinlə Sant-Peterburq görüşündən sonra 5 rayon açıqlaması vermişdi. Türkiyə lideri söyləmişdi ki, Azərbaycanın cəmi bir neçə rayonun azad edilməsi kifayətdir ki, bölgədə tam yeni bir situasiya yaransın. O, faktiki Qarabağ probleminin yeganə məqbul həll modelini və şərtini dilə gətirərək belə söyləmişdi: “Azərbaycan ərazilərinin işğalını hamı qəbul edir. Madam ki, işğal var, onda buna niyə son qoyulmur?
Hazırda münaqişənin həlli prosesində irəliləyişlər mövcuddur. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan prezidenti İlham Əliyev də bunu mənə bildirdi. 5 rayon azad edilərsə, problemlər sözün əsl mənasında rahatlıqla həll ediləcək, regionda normallaşma prosesi başlayacaq”.
Nəhayət, Kremlin sözçülərindən və danışmanlarından olan politoloqlar Sergey Markov və Aleksandr Duqin az öncə analoji fikirlər bildirmiş, hətta konstruktiv mövqe tutmayacağı halda Ermənistan rəhbərliyinə xəbərdarlıq eləmişdilər. Konkret olaraq Putinin müşaviri Markov demişdi ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlar məsələsində anlaşmaya əngəl yaratsa, o zaman 7 rayon güc yolu ilə də azad edilə bilər. “O halda müharibəni saxlamaq çətin olacaq və savaş Dağlıq Qarabağa da girəcək” - Markov İrəvana mesaj göndərmişdi. Öz növbəsində Duqin həll yolunu Qərbdə axtaracağı təqdirdə Ermənistanın dövlət olaraq xəritədən silinəcəyi ilə bağlı xəbərdar eləmişdi.
Bu məqamlar Kremlin Qarabağ məsələsində patronajlığı Qərblə bölüşmək niyyətində olmadığını bir daha təsdiq edir. Demək, “Lavrov planı” öz aktuallığını saxlayır və həmsədrlərin bugünkü Moskva görüşü də belə bir planın nə dərəcədə işlək mexanizmə malik olacağına aydınlıq gətirməlidir.