“Turlar nəticəsində TƏBİƏT əraziləri istismar edilir” - Hüseyn Bağırov
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) təbiət turizmi, dağ turizmi və dağçılıqla məşğul olan şirkət və qrupların təbiətə kütləvi axını nəticəsində yaranan fəsadlarla bağlı məlumatlandırma və mövcud problemlərin birgə müzakirəsi məqsədilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 30-dək turizm şirkətinin rəhbəri, dağçılıq klublarının təmsilçiləri, fərdi təbiət həvəskarları, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinın nümayəndələri iştirak edib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxışında bildirib ki, az müddət ərzində xüsusi mühafizə olunan ərazilər 400 min hektardan 1 milyon hektara çatdırılıb: “Həmin ərazilərdə mühafizə işləri sayəsində təbii bərpa gedib, torpaqlar mal-qaranın tapdağından, eroziyadan xilas olub. Nəticədə qorunan ərazilər gözəgəlimli şəkil alıb və insanlar meşələrdən, təbiət ərazilərindən istifədə etmək üçün həmin yerlərə can atır. Amma təbiət ərazilərinə, meşələrə, dağlara kortəbii və pərakəndə şəkildə çoxsaylı iştirakçılarla edilən turlar nəticəsində təbiət ərazilərinin həddən artıq istismarı müşahidə edilir, o cümlədən meşə və dağların müxtəlif tullantılarla çirkləndirilməsi baş verir. Bu cür hallara qarşı nazirlik tərəfindən inzibati qaydada mütəmadi tədbirlər görülsə də, konstruktiv ruhda əməkdaşlıq etmək və təbiətə ziyan gətirməyən fəaliyyəti qurmaq üçün yollar tapılmalıdır”. Sonra mövzu ətrafında söhbət və müzakirə aparılıb. Müzakirədə nazirlik tərəfindən yüksək dağlıq ərazilərdə yerləşən milli parklara giriş prosedurlarının və sənədləşmə işlərinin daha da sadələşdirilməsi məsələsinə də toxunulub. Nazir təklif edib ki, müraciət edən şirkət, klub və ya digər təşkilat yüksək dağlıq ərazilərdə turistlər üçün təhlükə yarandıqda xilasetmə işlərinin təşkilini, sığorta işlərini, milli parkda davranış qaydalarına riayət edilməsini və digər bu kimi zəruri şərtləri boynuna götürəcəyi təqdirdə, giriş 1 gün ərzində həyata keçirilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində təbiət turizmi ilə məşğul olan şirkət və qrupların nümayəndələrinin iştirakı ilə Ekoloji Turizm Şurasının yaradılması fikri iştirakçılar tərəfindən dəstəklənib. Nəticədə toplantının yekunu olaraq nazir H. Bağırovun sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrinin daxil olduğu Ekoloji Turizm Şurası yaradılıb.