"Rusiyanın Cənubi Qafqaza dair uzunmüddətli planları var. Bu planlardan biri də bölgədə vahid hərbi birləşmə yaratmaqdır və bu ideya əslində, keçmiş sovet sərhədləri çərçivəsində Gürcüstan və Azərbaycanı da buraya daxil etməkdir”.
AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ermənistan və Rusiya arasında vahid hərbi birləşmə yaradılmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, sovetlər vaxtı transqafqaz hərbi dairəsi mövcud idi: "Rusiya məhz həmin hərbi dairəni yenidən qaytarmaq, bölgə ölkələrini yenidən ora daxil etmək niyyətindədir. Yəni, Ermənistanla vahid hərbi birləşmənin yaradılması erməni ordusunun Rusiya ordusuna daha sürətli inteqrasiyasıdır, lakin bu həm də regionda ümumi vahid hərbi birləşmənin yaradılması üçün atılan ilk addımdır”.
Rusiyanın bu planının baş tutmasına ciddi əngəllər var. Onlardan biri Dağlıq Qarabağ münaqişəsidir. Yəni, rəsmi Bakı belə bir hərbi dairədə olmağa razılaşarsa belə, yenə də ərazilərini işğal etmiş Ermənistanla eyni sırada dayanmaqdan imtina edəcək. Hansı ki, indiyə qədər bunu dəfələrlə bəyan edib və praktiki siyasətdə sübut edib.
P.Felqenqauer isə hesab edir ki, Rusiya hər şeyi ölçüb-biçib.
"Bütün bunları Moskvada da bilirlər. Ona görə də Rusiya Qarabağ münaqişəsini həll edəcək. Əslində, başqa yolu da yoxdur. Bu baş verəcək”, - deyə o qeyd edib.