KQB-DİN savaşı: SSRİ-nin məşhur naziri niyə intihar etdi? – Sirli tarix
1984-cü il dekabrın 13-də Brejnev erasının əfsanəvi Daxili İşlər naziri Nikolay Şelokov intihar etdi. O, bu vəzifədə çalışan bütün dövlət xadimlərindən ən nüfuzlusu və qüdrətlisi idi. Şelokov həmçinin bu postda ən uzun müddət - 16 il öz yerini qoruyub saxlaya bilmişdi. Axar.az “Layf” nəşrinə istinadən keçmiş SSRİ güc strukturları rəhbərlərinin mübarizəsi barədə tarixi araşdırmanı oxucularına təqdim edir. Şelokovun nazir olduğu dönəm sovet milisi üçün qızıl dövr idi. O, yaxınlarının vəzifə və güclərinin artırılması, öz adamlarının ictimai statusunun yüksəldilməsi uğrunda böyük mübarizə aparırdı. Bu dövr həm də güc strukturlarının ən əsl müharibəsi dövrü idi. Şelokovun rəqibi sahib olduğu gücə görə heç də ondan geri qalmayan Yuri Andropov idi. Onlar düz 16 il bir-biri ilə böyük müharibə apardı. Amma Andropov ölkə rəhbərliyi uğrunda aparılan mübarizədə rəqibini darmadağın etdi. Stalinin vaxtında güc strukturları arasında savaş aparılması mümkün deyildi, təkcə ona görə ki, onlar bir təşkilatın tərkibində - XDİK (Xalq Daxili İşlər Komissarlığı) - fəaliyyət göstərirdi. XDİK deyəndə müasir insanın ağlına gələn ilk şey qəddar, acımasız, silahla gələn polislər olur. Lakin həmin dövrdə XDİK-də sadə polislər də qeydiyyata alınmışdı. Öz nazirlikləri olmadığına görə onlar XDİK-dəki fəhlə-kəndli milisinin Baş İdarəsinə tabe idilər. Müharibə illərində XDİK-in bir neçə hissəyə ayrılmasına nail olmaq üçün çoxsaylı cəhdlər edilib: XDİK ictimai təhlükəsizlik məsələləri ilə məşğul olur, polislərlə işləyirdi. Amma Stalinin sağlığında hər iki qurum bir Dövlət Təhlükəsizliyi Nazirliyində yenidən birləşdirildi. Xruşşov hakimiyyətə gəldikdən sonra güc strukturlarını daha ciddi dəyişikliklər gözləyirdi. Heç bir partiya nomenklaturası Stalinin dövlət təhlükəsizliyi kimi siklopik canavar yaratmaq istəmirdi. Ona görə də bir qurumun həddindən artıq güclənməsinə yol verməmək məqsədilə güc strukturlarının ayrılması qərarı alındı. KQB nazirliyinin tərkibindən çıxarıldı və tabeçilik birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna ötürüldü. Yeni komitə çox geniş sahə olan dövlət təhlükəsizliyi məsələləri ilə məşğul olurdu - Siyasi Büro üzvülərinin təhlükəsizliyindən dövlət sərhədlərinin mühafizəsinə qədər. İctimai asayişin qorunmasına isə Daxili İşlər Nazirliyi cavabdeh idi. Düzdür, o, 1960-ci ildə vahid ümumittifaq orqanı kimi ümumiyyətlə ləğv edildi, onun funksiyaları respublika nazirlikləri arasında bölüşdürüldü. Beləliklə, bir neçə il KQB-nin heç bir rəqibi olmadı. Brejnevin vaxtında KQB öz fəaliyyətini İctimai Asayişin Mühafizəsi Nazirliyinin tərkibində bərpa etdi. Bu nazirlik isə öz növbəsində 1968-ci ildə adını dəyişərək Daxili İşlər Nazirliyi adlandı. Brejnevin hakimiyyəti dövründə bu qurumun dəyişməz rəhbəri Brejnevin köhnə silahdaşı Nikolay Şelokov idi. Nikolay Şelokovun kariyera yüksəlişi Brejnevin Dnepropetrovsk regional komitəsinin katibi kimi fəaliyyətə başlaması ilə start götürdü. Bu, hələ müharibədən əvvəl olmuşdu və o vaxtdan Şelokovla Brejnev ayrılmaz dost idi. Amma demək olmaz ki, onlar yaxın dost idilər. Şelokov Brejnevin ən yaxınları siyahısına daxil deyildi. Sadəcə olaraq, Şelokov etibar ediləsi adam idi, ona görə də Brejnev hər pillə yüksələndə onu öz yanında irəliyə çəkirdi. Brejnev hakimiyyətə gəldikdən sonra Şelokov əvvəlcə İctimai Asayişin Mühafizəsi naziri, sonra isə Daxili İşlər naziri təyin edildi. Şelokovun hakimiyyəti dövründə sovet milisinin qızıl dövrü başladı: o, milis xidmətin prestijinin artırılması üçün həqiqətən də səylərini əsirgəmirdi. Sözügedən qurum Şelokovun rəhbərliyə gəldiyi vaxta qədər o qədər də ürəkaçan vəziyyətdə deyildi. Onun gəlişinədək cinayət axtarışı əməkdaşlarının yalnız 15 faizinin ali təhsili var idi. Məntəqə işçiləri haqqında danışmağa belə dəyməz, ordakıların əksəriyyəti orta məktəbi belə tamamlamamışdı. Milis heç vaxt partiya nomenklaturasının diqqət mərkəzində olmamışdı. Əgər çekistlər partiyasnın ən yaxşı qvardiyası hesab olunurdusa, milis sadəcə olaraq ictimai asayişi qoruyurdu. Sözügedən dövrdə vətəndaşlar, ümumiyyətlə, özləri yaşadıqları yerlərdə asayişi qorumaq üçün könüllü olmalı idi. Bu isə o demək idi ki, milis heç vaxt əyalətdə partiya məmurlarının diqqət mərkəzində olmayıb. Şelokov isə Brejnevlə olan yaxınlığından istifadə edərək bu vəziyyəti dəyişmək qərarına gəlmişdi. Daxili İşlər Nazirliyinin ali məktəbi hesab olunan Akademiya yenidən təşkil olundu, bir neçə şəhərdə onun filialları açıldı. Şelokov əlindən gələni etdi ki, milis müasir texnika, rabitə vasitələri, avtomobillə təmin olunsun. Şolokova qədər milislərin, demək olar ki, avtomobili yox idi. Şelokov sənət dünyasına yaxın idi, bu sahənin bir çox xadimi ilə tanış idi, pop-mədəniyyətin bütün gücünü dərk edirdi. Onun xüsusi təşəbbüsü ilə SSRİ-nin milis xidmətinin aliliyini gözlər önünə sərən filmlər çəkilməyə başladı. Məhz o illərdə sovet milisinin müsbət obrazı yaradıldı. Onun rəhbərliyi dövründə Milis Günü qeyd olunmağa, bu münasibətlə böyük musiqili konsertlər təşkil edilməyə başlandı. Əlbəttə ki, real həyatda hər şey o qədər də gözəl deyildi və milislər filmlərdəki obrazlarını doğrultmurdu, amma yenə də bütün qazanılanlar Şolokovun hesabına olmuşdu. Onun səyi nəticəsində milislərin maaşı qaldırılmışdı, yataqxanalardan yığışıb onlar üçün tikilən yeni evlərdə yaşamağa başlamışdılar. Əlbəttə bunun əks təsirlərinin olmaq ehtimalı da mövcud idi. Buna görə, Şolokov milislər arasında elə bir ciddi nəzarət sistemi yaratmışdı ki, qurumda qulluq edən adi bir milisin ən kiçik səhvi belə birbaşa nazirin masasında olurdu. Belə güclü nəzarət məhz Şolokovun dövrünə aiddir. Həmin ərəfədə Brejnev riskə getdi və Yuri Andropovu KQB sədri təyin etdi. Risk ondan ibarət idi ki, Andropov Brejnevin komandasından deyildi, o, vaxtilə Otto Kuisinenin irəli sürdüyü namizəd idi. Elə o andan SSRİ-nin ən məşhur müharibəsi – güc strukturları müharibəsi start götürdü. Əlbəttə ki, tərəflər arasında açıq-aydın atışma olmayıb, amma rəhbərlər də, qurumların nümayəndələri də bir-biri ilə düşmən olduqlarını yaxşı dərk edirdi. Çekistlər həmişə milislərə yuxarıdan aşağı baxırdı, milislər çekistlərin sahib olduğu imkan və səlahiyyətlərə paxıllıq edirdi. Brejnevin vaxtında hər rəhbər öz sahəsini inkişaf etdirməyə çalışırdı, çünki Brejnev buna qarşı deyildi. Lakin bəzən bu inkişaf digər qurumun zəifləməsinə gətirib çıxarırdı. Andropovun etdiyi dəyişikliklərlə 70-ci illərdə KQB o qədər güclənmişdi ki, heç Stalinin vaxtında bu cür KQB haqda təsəvvür belə etmək mümkün deyildi. Yeni yaranan rayon şöbələri vasitəsilə KQB, demək olar ki, ölkədəki bütün iri müəssisə və təhsil ocaqlarına nəzarət edirdi. Belə bir şey nə 30-ci illərdə, nə də Xruşşovun dövründə olmuşdu. Bir az ciddi bir vəzifənin təyini belə KQB-nin razılığı və rəyi olmadan mümkün deyildi. Bu dövrdə Şelokov paralel olaraq DİN nəzdində mini ordusunu yarada bilmişdi. Brejnev idarələri arasında rəqabəti həvəsləndirirdi, özü isə heç kimin tərəfində çıxış etmirdi, kimisə incitmək istəmirdi. Hətta onlara mükafatların verilməsi və rütbələrinin artırılması belə, demək olar ki, eyni vaxtda olurdu. Piar cəhətdən Şelokov irəlidə idi, amma səlahiyyət və təsir baxımından Andropov liderliyi əldən vermək fikrində deyildi. Brejnevin dövründə siyasi dissidentləri, Stalində zamanında olduğu kimi, göz önündə öldürmürdülər, amma təqib qaçılmaz idi. Bu işlə isə KQB məşğul olurdu. Amma Şelokov Andropovdan daha çox nüfuzdan düşmüş bəzi xadimləri dəstəkləyirdi. Andropovdan fərqli olaraq, Şelokov mədəniyyətin böyük həvəskarı idi və incəsənət xadimləri, məşhur dissident baxışlarına sahib olan dairələrlə ilə dostluq edirdi. Müəyyən bir zaman kəsiyində Soljenitsın KQB üçün əsas başağrısı olmuşdu. Andropov onu həbs etməyi və ya heç olmasa, sürgünə göndərməyi təklif etmişdi, Şelokov isə əksinə, onu öz tərəfinə çəkmək üçün imtiyazlar vermək və yazıçıya hədiyyələr göndərmək tərəfdarı idi. O, hətta Brejnevə öz tərəflərinə çəkmək üçün yazıçıya paytaxtda mənzil hədiyyə etməyi təklif edən bir məktub da yazmışdı. Bu zaman Andropov Şelokovu öz silahı ilə – piarla vurmağa çalışırdı. “Amnistiyanı təxirə salmaq olmaz” filmi buna əla nümunədir. O dövrdə Andropovun təşəbbüsü ilə çəkilən bu filmdə sovet milisi satqın obrazında çıxış edir, KQB isə onu tutur və cəzalandırır. Şelokov Andropovun bu açıq müharibəsindən sonra Mərkəzi Komitəyə məktub yazır. Bu məktubda sözügedən filmdə olan satqın obrazının milis rəisi olduğu, sovet milisinin bu cür hərəkətlərə yol vermədiyi, sözügedən filmin qara piar olduğu qeyd edilmişdi. Bu qarşıdurmada Şelokov qalib gəlir. Film efirdən yığışdırılır… Tərəflər arasında ən amansız açıq müharibə 1980-ci ildə DİN əməkdaşlarının KQB tərəfindən öldürülməsi ilə başlayır. Bu, bütün SSRİ-ni silkələyən məşhur əhvalatdır: KQB mayoru Afanasyev xidməti otaqda iş yoldaşları ilə ad gününü qeyd edir. Bu hadisənin şərəfinə ona bir neçə nadir tapılan hədiyyələr verilir. Yeyib-içdikdən sonra o metro ilə yola düşür. Yatıb qaldığına görə son dayanacağa – “Jdanovski”yə gəlib çıxır. Bunu aşkar edən nəzarətçilər yerli şöbənin milislərini çağırır. Amma milis işçiləri özləri də sərxoş gəlir. Tərəflər arasında düşən mübahisə əlbəyaxa davaya çevrilir. Milis işçiləri hədiyyələri ilə evə gedən Afanasyevi döyür. Lakin sonradan vəzifə sahibinə getməyə icazə verirlər. Afanasyev baş verənlərdən qəzəblənir və milislərin həyatını məhv edəcəyinə söz verir. Bundan sonra yenidən dava düşür. Milislər Afanasyevin hədiyyələrini alır, onu yenidən döyürlər. Onun halı yaxşı olmadığından onu soyub və öldürüb küçəyə ataraq, hadisəyə soyğun donu geyindirmək qərarına gəlirlər. Onu meşəyə gətirib yenidən döyürlər. Bu hadisədən sonra Afanasyev tapılır, komada bir neçə gün qalır, lakin onun həyatını xilas etmək mümkün olmur. Araşdırmalardan sonra KQB hadisəni törədənlərin milis işçiləri olduğunu öyrənir. Brejnevin sağlığında KQB sözügedən DİN əməkdaşlarını güllələyir. Bu, DİN-in nüfuzuna çox böyük zərbə olur. 1982-ci ildə Polis Günü Şelokov üçün qara matəmə çevrilir – Brejnev ölür. Andropov onu əvəz etməyə başlayanda Şelokov istefa verməli olduğunu dərk edir. Vəziyyət o qədər gərgin olur ki, artıq şəhərdə Şelokovun arvadının Andropova hücum etdiyi, bundan sonra intihar etdiyi ilə bağlı şayiələr yayılmağa başlayır. Düzdür, Şelokovun həyat yoldaşı intihar edir, amma Andropova hücumu əlbəttə ki, yalan idi. Bir ay sonra Şelokovu istefaya göndərirlər və onu Mərkəzi Komitədən uzaqlaşdırırlar. Yeni nazir KQB-nin öz adamı Fedorçuk təyin olunur. 1937-ci ildən bu yana görülməmiş bir təmizləmə işləri aparılır və onlarla milis əməkdaşı vəzifəsindən kənarlaşdırılır… AzerTaym.az