BDU-nun dekan müavini tələbələri hədələyir - ŞOK səs YAZISI
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajların səs yazısı yayılıb. AzerTaym.az abzas.net-ə istinadən xəbər verir ki, o, mesajlarında tələbələri universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib və bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq: "Sizə tapşırıram, axırıncı dəfə sizə deyirəm, belə tipli, Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqında, ümumiyyətlə tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə sosial şəbəkədə bir cümlə yazın… Şəxsən mən nizam intizam qaydalarını pozduqlarına görə, dekanlığın, mətbəxin məlumatını çölə çıxardıqlarına görə, onlara töhmət verdirtdirəcəm. Bax deyirəm sizə, axırıncı dəfə deyirəm”. Aytəkin Zeynalova səsli mesajında bildirib ki, tələbələrdən birinə dişinin dibindən çıxanı deyib. O bildirib ki, Leyla adlı tələbənin yazdığı statusa görə dünən onun təzyiqi qalxıb: "Utanmazlar, ayıb olsun sizə!” "Qeyri-obyektivliklə o boyda universitetin mətbuat xidmətinin rəhbərini məzəyə qoyublar, Cahangir müəllimi məzəyə qoyublar. Utanmırlar Könül xanımı məzəyə qoyublar ki, guya qeyri-obyektiv yoxlayıblar. İndi də bu Fuad özündən alim olub, deyir dekanlıq hara baxırdı. Yox dekanlıq oturub səni güdəsiydi, sən imtahanda nə edirsən”. Aytəkin Zeynalova tələbələrə xəbərdarlıq edib ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.