Ödənişli əsaslarla oxuyan tələbələr də təqaüd alacaqlar

 

Ödənişli əsaslarla oxuyan tələbələr də təqaüd alacaqlar


İndiyədək yalnız dövlət hesabına və dövlət sifarişli yerlər üzrə təhsil alan tələbələrə təqaüd verilirdi.

Bundan sonra isə dövlət hesabına və dövlət sifarişli yerlər üzrə təhsil alan tələbələrlə yanaşı, ödənişli əsaslarla oxuyan tələbələr də təqaüd alacaqlar.

Gecce.az-ın Trend-ə istinadla məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Əkbərov deyib.

Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 95 manat məbləğində "əlacı", akademik göstəriciləri 71-100 bal olan tələbələrə 80 manat məbləğində "həvəsləndirici", akademik göstəriciləri 51-100 bal olan tələbələrə isə 50 manat məbləğində "adi" təqaüd verilir: "Bakalavrait səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semestrdə "adi", 500-600 bal toplayanalara "həvəsləndirici", 600-dən çox balla qəbul olanlara "əlacı" təqaüdləri veriləcək. V ixtisas qrupu üzrə 80 və daha çox bal toplayan və dövlət sifarişi üzrə ixtisaslara qəbul olunan tələbələrə "əlaçı" təqaüdləri veriləcək".

S.Əkbərov deyib ki, ödənişli əsaslarla ixtisaslara qəbul olunan ali məktəblərin 1-ci kurs tələbələri ilk semestrdə, yəni fevralın 1-dək təqaüd almayacaqlar. İkinci semestrdə isə onlar 1-ci semestrin nəticələrinə əsasən təqaüd alacaqlar.

S.Əkbərov əlavə edib ki, sərəncama müvafiq olaraq, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd yüksək akademik göstəriciləri ilə fərqlənənlərə şamil ediləcək: "Bu zaman təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı nəzərə alınacaq. Bu sərəncam doktorantlara və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə şamil olunmayacaq. Onlara təqaüd əvvəlki qayda ilə ödəniləcək".

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə qeyd edib ki, magistratura səviyyəsində də təqaüdlər eyni metodika ilə hesablanacaq: "Yeni sərəncamla magistraturada da ödənişli əsaslarla təhsil alanlar təqaüd alacaqlar. Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semestr ərzində "adi", 112 və daha çox balla qəbul olunanlara isə "əlacı" təqaüdü veriləcək".

N.İbrahimov əlavə edib ki, yeni qaydalar həm dövlət, həm də özəl ali məktəblərdə oxuyanlara şamil ediləcək: "Bu qaydalar bu il qəbul olunan tələbələrə şamil edilir. Təhsil Nazirliyi yeni qaydaların əvvəlki illərin tələbələrinə də şamil edilməsi üçün Nazirlər Kabinetinə təkliflər göndərib. Çox güman ki, bu, əvvəlki illərdə qəbul olunan tələbələrə də aid olacaq. Bununla bağlı qərarı gözləmək lazımdır".

Sonra Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib ki, yeni sərəncam tələbələrə tədris mühitində bərabər imkanların yaradılmasına imkan verir: "Tələbələr qazandıqları nailiyyətlərə görə təqaüd alacaqlar. Bu, tələbələri yüksək akademik göstəricilər əldə etməyə həvəsləndirəcək. Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa şərait yararadacaq".

Qeyd edək ki, prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2013-cü il 30 avqust tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədilə "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2013-cü il 30 avqust tarixli sərəncamında bir sıra dəyişikliklər edilir. Ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə 120 manat, magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 105 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 85 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 55 manat, bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 95 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 80 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 50 manat, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə 50 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 40 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 35 manat müəyyən edilib.

Sərəncama görə, Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.(Azərtaym.az)

 






Fikirlər