Müəllimlərin maaşı artırılacaq.

Artım 2016-cı ilin yanvarından gözlənilir.

Bir il ərzində daha 30 min müəllimin əməkhaqqının artırılması təmin olunacaq.

ANS TV-nin məlumatına görə, Azərbaycanda bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaq. Bunu Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən son iclasında deyib.

Nazir ilk olaraq bu sahədə indiyə qədər görülən işlərdən danışaraq bildirib ki, aparılan islahat nəticəsində diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşmışdır. Bu ilin sonuna qədər daha 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır:

2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçiridiyini deyən təhsil naziri ali təhsil sistemində də həyata keçirilmiş işlərdən də söz açıb. O qeyd edib ki, ali təhsil sistemində institusional dəyişikliklər davam etdirilmiş, beynəlxalq tələblərə uyğun məzmunca yeni təhsil proqramlarının hazırlanması işinə başlanılıb: 

“Cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaqdır. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaqdır”. 

Mikayıl Cabbarov xaricdə təhsil alan tələblər haqqında hesabat verərkən açıqlayıb ki, 2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xaricdə təhsil almasına dair Dövlət Proqramı” üzrə 3558 Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində oxumaq hüququ qazanıb. 

 

 






Fikirlər