Təhsil Nazirliyi xəbərdarlıq etdi: "Dərslik almayın!"

Təhsil Nazirliyi xəbərdarlıq etdi: "Dərslik almayın!"Təhsil Nazirliyi məktəblərdə dərslik probleminin olması ilə bağlı məsələlərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, Təhsil Nazirliyi tərəfindən kifayət qədər dərslik çap olunub və yerlərə paylanılıb: “Hansısa səbəbdən hər hansı bir məktəbdə dərslik problemi olsa belə, vətəndaşlar özləri dərslik almasınlar. Çünki Təhsil Nazirliyinin kifayət qədər dərslik ehtiyatı var və bu məsələ tez bir zamanda öz həllini tapacaq”.

O bildirib ki, dərsliklərlə bağlı Təhsil Nazirliyinə zənglər daxil olandan sonra bu məsələ araşdırılır və öz həllini tapır: “Ola bilər ki, məktəb direktoru tərəfindən dərsliklərin alınması ilə bağlı tövsiyələr olsun. Belə hal olsa valideynlər bu barədə Təhsil Nazirliyinə müraciət etsinlər. Bu hallarla bağlı çox ciddi tədbirlər görüləcək”.

Nazir müavini Azərbaycanda təsdiq olunmuş dövlət standartlarına uyğun olaraq dərsliklərin istifadə müddətinin 4 il olduğunu qeyd edib: "Bəzən elə müraciətlər də olur ki, vətəndaşlar deyir ki, bu yeni dərslik deyil və mən bunu götürmürəm. Ona görə biz istisna etmirik ki, siniflər və fənlərdən asılı olaraq uşaqlara verilən dərsliklər 1, 2 il və yaxud bəzi hallarda hətta üç il müddətində istifadə oluna bilər. Lakin hər bir şagird və valideynin əsas vəzifəsi ondan ibarətdir ki, il ərzində istifadə etdiyi dərsliyi yüksək səviyyədə saxlasın və ilin sonunda məktəb kitabxanasına təhvil versin. Çünki növbəti ildə digər şagirdlər də həmin dərslikdən istifadə etməlidir”.






Fikirlər