MTN-in məşhur generalı vəfat etdi
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə rəhmətə gedib.
Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəkidə ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla qurtarıb. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib.
1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb.
1980-ci ildən 1988-ci ilə qədər isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyib. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.
1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.