SABİQ NAZİR PARLAMENTƏ GƏTİRİLİR - 16 saylı dairə sahibini tapdı

 

misir-1Sabiq Təhsil naziri Misir Mərdanovun qarşıdakı parlament seçkilərində YAP-ın namizədi olaraq seçkilərə qatılacağı gözlənilir. Onunla danışıqlar aparılıb və artıq ilkin razılıq əldə edilib. Bu haqda Strateq.az-a verilən məlumatda bildirilir ki, Misir Mərdanova 16 saylı Yasamal II Seçki Dairəsindən Milli Məclis deputatlığına namizədliyini irəli sürmək təklif edilib. Sabiq nazir isə yalnız Prezidentin razılığı olduqdan sonra seçkilərə qatıla biləcəyini deyib. Gözlənilir ki, YAP-ın yaxın günlərdə açıqlanacaq namizədlər siyahısında Misir Mərdanovun da adı olsun.
Xatırladaq ki, 16 saylı dairədən iki beş ildir Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deputat olur. Yayılmış məlumatlara görə, bu dəfə Abel Məhərrəmovun qarşısına “ya rektor, ya deputat ol” şərti qoyulub və o da rektor kimi qalmağa üstünlük verib.
Məlumat üçün bildirək ki, Misir Mərdanov hakimiyyətdəki “Ermənistan klanı”nın ən nüfuzlu ağsaqqallarından sayılır. Təkcə bu amilə görə, hakimiyyətin onu kənarda qoymayacağı, imkanlarından faydalanacağı gözlənilən idi. Üstəlik, görünür, nazir vəzifəsindən uzaqlaşdırılandan sonra Misir Mərdanovun ölçülü davranması, hakimiyyətdən narazılar sırasına qoşulmaması da onun yenidən aktiv siyasi həyata cəlb edilməsində rol oynayıb.
​Xatırladaq ki, zəngin tərcümeyi-hala malik Misir Mərdanov 1946-cı ildə Ermənistanın İcevan rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Uzun müddət Universitetin həmin fakültəsində müəllim və dekan müavini vəzifələrində çalışıb. 1989-1992-ci illərdə Təhsil Nazirliyində idarə rəisi və nazir müavini vəzifələrində işləyib.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-ci ildə Universitetin rektoru olub. 2013-cü ilin 19 aprelində isə 15 illik nazirlik fəaliyyətinə xitam verilib – vəzifəsindən azad edilib.
“Əməkdar elm xadimi”, “Şöhrət” ordeni ilə təltif edilmiş Misir Mərdanov həm də 2013-cü ilədək Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olub, hazırda isə YAP Siyasi Şurasının üzvüdür.

 






Fikirlər