Bu il “cəhənnəm iqlimi olacaq” xəbərdarlığı nə DƏRƏCƏDƏ REALDIR?
Telman Zeynalov: “Bu, kommersantların təbliğatıdır” Meteoroloqlar 2017-ci ildə “cəhənnəm iqlimi” olacağını xəbər verirlər. Bu barədə Dünya Meteorologiya Təşkilatının (WMO) məruzəsində məlumat verilib. Məruzədə bildirilir ki, iqlim dəyişiklikləri dönməz xarakter ala bilər və elə bu il fəlakətli fəsadlar törədə bilər. “İzvestia” saytının məlumatına görə, bu il WMO-nun iqlim üzrə məruzəsi ilk dəfə olaraq BMT ilə birgə hazırlanıb. Məruzədə dəqiqləşdirilir ki, 2016-cı il meteoroloji müşahidələr tarixində ən isti il olub. Orta temperatur 2015-ci ildə qeydə alınmış maksimum göstəricidən 1,1°C yüksək olub. Meteoroloqlar güman edirlər ki, atmosferdə karbon qazının daim çoxalması, buzların əriməsinin sürətlənməsi nəticəsində iqlim dəyişikliyi Kaliforniyada leysanlara, Braziliyada quraqlığa, mərkəzi İtaliyada zəlzələyə gətirib çıxarıb. WMO-nun proqramlar direktoru Devid Karlson bildirib ki, bu il daha isti olacaq - Dünya okeanı temperaturunun yüksəlməsi nəticəsində planetdə digər dəyişikliklər də gözlənilir.
Ekoloq Telman Zeynalov bunların uydurma olduğunu dedi: “Bu cür uydurmalara inanmaq lazım deyil. Bu, kommersantların təbliğatıdır ki, milləti qorxutsunlar, dövlət onlara pul ayırsın və onlar da öz çirkin niyyətlərini həyata keçirsinlər. Sakit okeanın suyu isti olacaqsa, havaya karbon qazları daha çox buraxılacaq. Karbon qazı artdıqca yaşıllıqların miqdarı artır, buzlaqlar əriyir, soyuma prosesi gedir. Hansı cəhənnəmdən danışırlar? Yəqin ki, o cəhənnəmdən ki, əllərindəki meteorloji silahla bunu özləri törədəcəklər. İstədikləri yerdə tufan, daşqın, sel yaradacaqlar. Onların əsas məqsədi millətin sayını minimuma endirməkdir. Ona görə də bu prosesləri yaradırlar”.