KOD ADI: “YFH”! – MTN-dən 90 min manat alan keçmiş nazirin ADINI AÇIQLAYIRIQ!
Ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə İttiham aktında bir sıra MTN agentlərinin adları açıqlanıb. “AzPolitika.info”nun məlumatına görə, 7 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi epizodunda bəzi agentlərin “kod adları”, bəzilərinin isə həqiqi adları öz əksini tapıb. İttiham aktından belə bəlum olur ki, Elçin Quliyev, müavini İlqar Əliyev və digərlərinin təkcə 2011-2015-ci illərdə “Şimal küləyi” və “Qütb gecəsi” adlı əməliyyatlara xüsusi xərclər smetasından ayrılan 7 milyon manatdan artıq pul guya sözügedən əməliyyatlarda informator rolunu oynayan müxtəlif “etibarlı şəxslərə”, yəni agentlərə ödənilib. Lakin istintaq bu “etibarlı şəxslərin” çox az qisminin kimliyini müəyyənləşdirə bilib. Məsələn, adına 287 min avro, 5400 ABŞ dolları və 12 min manat pul yazılmış agent “Terminator”un şəxsi işi və işçi qovluğu nazir müavini Hilal Əsədovda olduğundan, istintaqçılar bu işlə tanış ola bilməyiblər. 2013-cü ilin prezident seçkiləri ərəfəsində 4 ay ərzində hər ay 10 min AZN pul ödənilmiş agent “Samir”in də kimliyi sirr olaraq qalıb. Üst-üstə adına yüzminlərlə manat pul silinmiş agentlər “Dəniz”, “Hətəm”, “Atilla”nın da kimlikləri açılmayıb. Bununla belə, qeyd etdiyimiz kimi, “Şimal küləyi”, və “Qütb gecəsi” əməliyyatlarında agent kimi istifadə olunmuş bir neçə şəxsin şəxsiyyəti istintaqçılar tərəfindən müəyyən olunub.Ən azı 4 belə şəxsin adı çəkilib. Onlardan 2-si QHT rəhbəri, 1-i jurnalist, 1-i isə keçmiş nazirdir. Məsələn, əvvəllər radikal mövqeyi ilə seçilən, 1996-cı ildə quldurluq etdiyinə görə həbs olunub, 2011-ci ildə amnistiya ilə həbsdən azad olunmuş QHT rəhbərinə MTN-çilər ofisin saxlanılması, həftəlik qəzetin buraxılması üçün hər ay 6 min manat pul ödəyib, çoxsaylı xarici səfərlərini maliyyələşdiriblər (2011-2015-ci illərdə təxminən 150 min manat.). Digər “etibarlı şəxs” – 2011-ci ildə həbs olunaraq 4 il həbs cəzası almış “reket jurnalist”ə,“Əlizadə” ləqəbli agentə də “fəal istifadə olunduqlarına görə” Elçin Quliyevin raportu ilə babat məbləğdə pullar ödənilib. Keçmiş nazirlə “etibarlı münasibətlər” isə 2015-ci ildə “Qütb gecəsi” əməliyyatı çərçivəsində yaradılıb. Sonrakı müddət ərzində keçmiş nazirə 90 min manat pul ödənilib. Qarşılığında onun verdiyi məlumatlar “ümumi xarakter” daşıyıb. MTN-dəki əməliyyatdan sonra dünyasını dəyişən digər QHT rəhbəri ilə “etibarlı münasibətlər” isə 2013-cü ildə yaradılıb. Ona hər ay 2 min manat ödənilib, xarici səfərləri maliyyələşdirilib. İttiham aktında adı keçən keçmiş nazirin kimliyi sosial şəbəkələrdə xüsusilə maraq doğurub. Bəzi istifadəçilər isə müzakirələr zamanı keçmiş maliyyə naziri Fikrət Yusifovun adını hallandırıblar. Lakin F.Yusifov BakiPost.az-a qısa açıqlamasında bu iddiaları cəfəngiyyat adlandırıb. Sitat: “Kim nə yazırsa yazsın, hamısı boş söhbətlərdir. Mənim MTN işi ilə nə əlaqəm var? Siz özünüz fikirləşin ki, mənim MTN-dəki hadisələrə nə aidiyyatım var? Qoy yazsınlar, boş-boş söhbətlərdir”. F.Yusifovun bu qısa təkzibində aydınlaşdırılması vacib olan çox incə məqam var. Keçmiş nazir, “Kim nə yazırsa yazsın, hamısı boş söhbətlərdir” – deyərkən, jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin yazdıqlarını nəzərdə tutur, yoxsa İttiham aktında yazılanları “boş söhbət” adlandırır? Hər halda İttiham aktında keçmiş nazirin adının agent kimi çəkildiyinə heç bir şübhə yoxdur! “AzPolitika” İttiham aktından həmin hissəni olduğu kimi təqdim edir: “Etibarlı şəxs “YFH” – keçmiş maliyyə naziri Yusifov Fikrət Hüseyn oğlu ilə etibarlı münasibətlər 21.01.15-ci ildə A.Məcidov tərəfindən yaradılmış, bu müddət ərzində ona 90.000 min AZN pul ödənilmişdir. “YFH”-nın verdiyi məlumatlar ümumi xarakter daşımışdır”.