"Rabitə işi"ndə mübahisə düşdü - Hakim QƏZƏBLƏNDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, məhkəməyə Rabitə Nazirliyindən arayışlar daxil olub. 

Arayışda bildirir ki, Anar Mustafayev qohumları tərəfindən iyunun 7-də dəymiş 567 min manatlıq ziyan tam ödənilib.

Digər arayışda isə bildirib ki, Beytulla Hüseynovin nazirliyə vurduğu 10 milyon 200 min ziyan mayın 30-da qohumları tərəfindən ödənilib.

Arayışlarda qeyd edilir ki, nazirliyin zərəri ödəyən şəxslərlə bağlı heç bir mülki iddiası qalmayıb.

Daha sonra hakim təqsirləndiriləm şəxslərin vəkillərinə müdafiə çıxışı üçün söz verib.

Təqsirləndirilən şəxslərdən Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev, Namazalı Məmmədov və Qəmbər Bəybalayevin vəkilləri çıxışa hazır olmadıqlarını deyiblər.

Vəkillərin bu mövqeyi hakim Əfqan Hacıyevi qəzəbləndirib. Hakim vəkillərə sonuncu dəfə 2 gün vaxt verib.

Lakin vəkillər də buna etiraz ediblər. Bildiriblər ki, sabah iş günü olmadığından müvəkilləri ilə görüşə bilməyəcəklər.

Hakim onların tələbini təmin etməyib və prosesi iyunun 16-ı saat 15:00-dək təxirə salıb.

Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Musavat.com






Fikirlər