Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib.
Məhkəmədə şahid qismində Abdullayev Fətulla ifadə verib. O, "Azərrabitə"də baş mühasib işlədiyini və istintaqa ifafəsini təsdiqlədiyini söyləyib.
Samux telefon qovşağının rəisi Əliyev Ələsgər də ifadə verib. O, da istintaqa ifadəsini təsdiqləyib.
Daşkəsən poçt filialının rəhbəri Alıyev Qoşun məhkəmədə istintaqa ifadəsini təsdiqləyib.
Hakim Əfqan Hacıyev şahidə məhkəmədə də ifadə verməyi təklif edib. Şahid hakimə cavab olaraq "mənim qardaşım da hakimdir" deyib. Hakim isə bunun heçnəyi dəyişmədiyini bildirib. Şahid uzun müddət keçdiyindən ifadəsini xatırlamadığını deyib.
Cəlilabad telefon qovşağının rəisi Zaur Məmədov məhkəməyə şahid qismində gətirilib. İstintaqa ifadəsini təsdiq edən Z.Məmmədovun həmin ifadəsi elan edilib.
O, istintaqa ifadəsində deyib ki, Cəlilabad telefon qovşağında görülən işlər nazirlik tərəfindən 163 min manat pul ayrılıb.
""Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmov deyirdi ki, görülən işlər Vidadi Zeynalovun göstərişidir. Tikinti işlərinə ayrılan pulların 30-35 faizinin geri qaytarılacağını, bu pulun 10 faizinin "Aztelekom"un rəhbəri Məmməd Məhəmmədova da çatacağını bildirirdi"- deyə şahid istintaqda ifadəsində söyləyib.
Amma məhkəmədə Zaur Məmmədov istintaqda öz xətti ilə yazdıqlarını təsdiqləmədiyini, belə ifadə vermədiyini deyib.
Hakim: "Harada əsgərlikdə olmağınızı, təhsil almağınızı da müstəntiq yazıb? Bu sizin xəttinizdir. Özünüz də imzanızla təsdiq etmisiniz".
Zaur Məmmədov sonradan sözünü dəyişərək istintaqdakı ifadəsini təsdiq etdiyini deyərək yalan danışmasının izahatını belə verib: "Mən onları yazmışam. Amma bunlar eşitdiklərimdir. Qiymətlərdə fərq olduğunu eşitmişdim. İstintaqda yazdıqlarım da eşitdiklərimdir".
Şahidin bu dedikləri ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov da izahat verib.
O, deyib ki, təkcə Cəlilabadda yox əksər rayonlarda nazirliyə məxsus inzibati binaların üzlənməsi üçün icra hakimiyyətləri onlara müraciət edib: "İcra hakimiuuətlə bizi məcbur edirdilər ki, binaları üzləyək. Qonaq gələcəyini, binaların təmirsiz olduğunu və görünüşü pozduğunu deyirdilər. Bu işlərlə bağlı göstərişlər verilib ki, binalar üzlənilsin, təmir edilsin. Amma pulların kimə və hara çatması haqda deyilənlər haqda məlumatsızam. Ayrılan pulların 30-35 faizinin bizə çatması, onun 10 faizinin mənim tərəfimdən Məmməd Məhəmmədova verilməsi halı olmayıb. Görən bu 10 faiz ümumi ayrılan puldan götürülürdü, yoxsa qazancdan? Bu mənə də aydın deyil".
Digər şahid Ağstafa telefon qovşağının rəisi Mahmudov Mirəsgər olub.
Onun istintaqa ifadəsində hər ay 1500 manat pulu "Aztelekom" MMC-nin rəhbəri Məmməd Məhəmmədova baş mühasib Oqtay Rüstəmov vasitəsi ilə verdiyini deməsi aydın olub. Amma M.Mahmudov məhkəmədə bunu təsdiq etməyib.
Məmməd Məhəmmədov da şahidə sual verib: "Sən məni mə vaxtsa görmüsən? Mənə pul vermisən? Kabinetimdə olmusan?".
Şahid: "Xeyir görməmişəm. Sizə pul verməmişəm. İstintaqda dediyimi təsdiq etmirəm. Oktay Rüstəmova da pul verməmişəm".
Hakim Əfqan Hacıyev Məmməd Məmmədovun suallarına gülərək münasibət bildirib: "Həmin vaxt onun hünəri nə idi sizin kabinetə yaxınlaşsın".
Məhkəmə prosesi fevralın 1-də davam edəcək.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.