Sovet dövrünün 22 iyul günləri: "Pravda", yoxsa "ƏKİNÇİ"...

Bir neçə gündən sonra Azərbaycan mətbuatının 142 illik yubileyi qeyd olunacaq.

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş ilk qəzetimizin - “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görüb. Məhz bu müddətdə Azərbaycan milli mətbuatı təşəkkül tapıb. “Əkinçi” mövcud olduğu vaxtlarda tanınmış ziyalılar qəzet səhifələrində maraqlı və dövrün tələbinə cavab verən məqalələrlə çıxış edib. Qəzetin qısa zaman kəsiyində xalq tərəfindən sevilməsi o zamankı Çar Rusiyasının xoşuna gəlməyib və “Əkinçi” fəaliyyətini dayandırmalı olub.

Buna baxmayaraq, o vaxtdan Azərbaycan mətbuatı mövcud ənənələri davam etdirir.

Bəs 70 il Sovet hakimiyyətinə tabe olan Azərbaycanda Mətbuat günü necə qeyd edilib?

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb. 

Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadə Sovet dövründəki Azərbaycan  mətbuatının fəaliyyətini belə şərh edib:

Sovet dövründə də Mətbuat günü çox təntənəli şəkildə qeyd olunurdu. Amma o dövrün mətbuat günü iyulun 22-si yox, mayın 5-i keçirilirdi. Bu tarix “Pravda” qəzetinin yarandığı gündür. Bütün SSRİ məkanında mayın 5-i Mətbuat günü kimi qeyd edilirdi. Yadımdadır, indiki Fəvvarələr meydanında hər qəzetin pavilyonu açılırdı. Qəzetlərin tanınmış əməkdaşları orada toplaşırdı və görüşlər keçirilirdi. Həmin gün oxuculara hədiyyələr, jurnalistlərə fəxri adlar, mükafatlar verilirdi. Hətta, jurnalistlər növbəti Mətbuat gününə qədər həmin anların fərəhi ilə yaşayırdılar.  
Sovet dövründə tanınmış jurnalistlər çox idi. Jurnalistlər daha çox imzası və yazıları ilə  tanınırdılar. Amma iyulun 22-si ümumi mətbuat günü kimi qeyd olunmasa da, biz o günü xatırlayırdıq. Zərdabi kimi ustadımızı hörmət və ehtiramla  yad edirdik. Sadəcə, o dövrdə Mətbuat günü mayın 5-i keçirilirdi. 
Sovet dövründə keçirilən Mətbuat günlərini bax belə nostalji hisslərlə xatırlayıram.

Arzu edirəm ki,  öz milli Milli Mətbuat günümüzü hər zaman özümüzə məxsus səviyyədə keçirək. Düzdür, indi müəyyən tədbirlər keçirilir, amma qarışıqlıq da hiss olunur. Təbii ki, Milli Mətbuat günümüzü ürəyimiz istədiyimiz kimi keçirməyə çalışırıq və buna haqqımız da çatır”.
 Tanınmış jurnalist Hidayət Elvüsal  isə Sovet dövründəki mətbuatın sanki mühasirədə olduğunu deyir.

“Sovet dövründə mətbuat bir qədər fərqli idi. Senzura mövcud idi. Hansı qəzetdə nəyi və necə yazdığını jurnalist çox yaxşı bilirdi. Amma senzura olmamalı idi və olmamalıdır. Həm də senzura adamın içində olmalıdır ki, bu sözü işlədib-işlətməyəcəyini bilsin. Junalistikada belə bir şərt var. Nədən yazırsan, niyə yazırsan və necə yazırsan? Əgər bu şərtlərə əməl etsən, deməli, jurnalistsən. Sovet dövründə iyulun 22-si Mətbuat günü kimi qeyd olunmurdu. Amma istedadlı jurnalist həmin tarixi çox gözəl bilirdi. Mətbuat günü mayın 5-də keçirilsə də, Zərdabinin bünövrəsini qoyduğu 22 iyul Milli Mətbuat günü bizim yaddaşımıza həkk olunmuşdu. Sadəcə, Sovet hökumətinin öz qaydaları vardı. Ona görə də mayın 5-ni qeyd etməyə məcbur idik. 
Mən müstəqillik dövründə keçirilən Mətbuat gününü daha çox bəyənirəm”.






Fikirlər