ƏFLATUN AMAŞOV: “Dövlət mətbuatın inkişafında maraqlıdır"

Bu gün biz demokratik azad Azərbaycanda yaşayırıq. Ölkəmizdə  söz, ifadə və məlumat azadlığı yüksək səviyyədə təmin olunub”.

Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, MDB məkanında ilk dəfə senzura Azərbaycan KİV-i üzərindən götürülüb: “Bu gün ölkəmizdə hər bir şəxs öz ifadəsini azad şəkildə ictimaiyyətlə bölüşə bilir. Azərbaycanda baş verən hər hansı bir hadisə ölkə ictimaiyyətinə maneəsiz şəkildə çatdırılır. Hazırda ölkəmizdə 200-ə yaxın qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio  fəaliyyət göstərir. Əhalimizin 80 faizə yaxını internet istifadəçisidir. 2 milyona yaxın Azərbaycan vətəndaşı öz fikrini sosial şəbəkələr vasitəsilə bölüşür”.

Ə.Amaşov söyləyib ki, milli mətbuatın əldə etdiyi bütün uğurlarının əsası 1875-ci ildə iyulun 22-də Həsən bəy Zərdabinin rəhbərliyi ilə işıq üzü görən “Əkinçi” qəzeti ilə qoyulub: “Əkinçi” qəzeti uzun əsrlər boyu Azərbaycanda yığılıb qalan problemləri az müddətdə, yəni 2 ildə müəyyənləşdirdi, onların müzakirələrini təşkil etdi və çıxış yollarını göstərdi. Qarşıya qoyulan əsas məqsəd insanların maariflənməsi və elmli olması idi. Həsən bəy Zərdabi göstərdi ki, maarifdən, elmdən qaçan millətin, xalqın gələcəyi yoxdur. “Əkinçi” qəzeti Azərbaycanda yeni bir mərhələnin başlanğıcını, əsasını qoymaqla yanaşı, Azərbaycan xalqının milli şüurunun oyanmasını sürətləndirib, inkişaf etdirdi. “Əkinçi”də qoyulan bu ideyalar ondan sonra işıq üzü görən digər KİV-də daha da inkişaf etdirildi. Bununla da Azərbaycan xalqı Şərqdə ilk demokratik respublikasını yaratdı. Demokratik respublikanın yaranmasında fəaliyyət göstərən KİV-lərin və orada çalışan peşəkar insanların çox böyük rolu olub. İlk mərhələdə müəyyən problemlər və hər şey Kommunist Partiyasının iradəsinə tabe olsa da Azərbaycan mətbuatı yenə də xalqın inkişafına öz töhfəsini verdi. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, eləcə də Azərbaycan dilinin inkişafında mətbuatın əvəzsiz rolu olub. Azərbaycan müstəqilliyini əldə etdiyi zaman Azərbaycan mətbuatı xalqın yanında oldu, onları düzgün istiqamətləndirdi. Müstəqillik əldə olunduqdan sonra da ölkədə həyata keçirilən bütün islahatlarda mətbuat yaxından iştirak etdi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsindən sonra həyata keçirilən bütün islahat dünya ictimaiyyətinə məhz mətbuat vasitəsilə çatdırıldı və mətbuat eyni zamanda xalqla ölkə rəhbərliyinin birliyinin təminatçısı oldu”.

Mətbuat Şurasının sədri qeyd edib ki, dövlət hər zaman mətbuatın inkişafında maraqlıdır: “Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin mətbuatla bağlı bir necə sərəncamı oldu. Bu sərəncamlara əsasən jurnalistlər üçün tikilən evin tikintisinin sürətləndirilməsi üçün 3 milyon, eləcə də Azərbaycanda fəaliyyət göstərən qəzetlərə birdəfəlik yardımın edilməsi üçün 1 milyon manat pul ayrıldı. Buna görə Azərbaycan jurnalistləri adından ölkə başçısına  təşəkkür edirəm. Bu sahədə çalışan hər kəsin peşə bayramı münasibətilə təbrik edirəm”.     






Fikirlər