“Mətbuatın 140 illik inkişaf yolu hər birimizdə qürur hissi doğurur” -Nazir+Fotolar
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın görkəmli alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən 140 illik inkişaf yolunun hər birimizdə qürur hissi doğurduğunu vurğulayıb.
Nazir Azərbaycan mətbuatının həmişə ictimai həyatın güzgüsü və mütərəqqi ideyaların, ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu, informasiya təminatında, xalqın maariflənməsində əhəmiyyətli rol oynadığını bildirib: “Heydər Əliyev rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən konstitusiyamızda söz, azad məlumat toplamaq, öz baxışlarının azad ifadə edilməsi və s. kimi azadlıqlar təsbit olunub. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli fərmanı ilə ölkəmizdə KİV üzərində senzuranın aradan qaldırılması isə Azərbaycanda ümumən demokratik islahatlar prosesində mühüm addımlardan biridir”.
Azərbaycan prezidenti İlham Əliyevin eyni zamanda ölkə KİV-lərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan S. Müslümov milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması barədə dövlət başçısı tərəfindən sərəncamın imzalanmasını bu diqqət və qayğının növbəti ifadəsi kimi dəyərləndirib: “Azərbaycan mətbuatı bu gün azad və demokratik şəraitdə yeni inkişaf dövrünü yaşayır. Respublikada çoxsaylı qəzet və jurnalların, televiziya və radio kanallarının, informasiya saytlarının, mətbuat yayımı şirkətlərinin, jurnalist təşkilatlarının olması bu inkişafın daha bir göstəricisidir”.
S. Müslümov son illərdə milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması yönündə aparılan islahatlardan söz açıb: “Fəaliyyət sahələrimizdə görülən işlər, aparılan islahatlar barədə cəmiyyətin məlumatlandırılması, habelə ictimai rəyin öyrənilməsi üçün biz KİV-lə əməkdaşlığa xüsusi önəm veririk. Bizim fəaliyyətimiz həmişə mətbuat üçün açıqdır. ƏƏSMN-in fəaliyyəti barədə gündəlik olaraq KİV-ə məlumatların verilməsi, aidiyyəti məsələlərlə əlaqədar mətbuat konfransları və brifinqlərin, müsahibələrin təşkili, jurnalist sorğularının cavablandırılması mütəmadi olaraq təmin edilir”. Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə nazirliyin kollektivi adından bütün mətbuat işçilərinə təbriklərini çatdıran S. Müslümov onlara xoş arzularını ifadə edib.
ƏƏSMN tərəfindən aparılan uğurlu islahatların mətbuatın gündəmindəki əsas mövzulardan biri olduğunu qeyd edən Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin nazirliyin fəaliyyət sahələrinə dair məlumatlar əldə etmələrində, müvafiq sorğularına cavab almalarında hər hansı çətinliklə üzləşmədiklərini, nazirliyin rəsmi saytında məlumatların gündəlik yenilənməsinin təqdirəlayiq olduğunu bildirib.
Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb.