Azərbaycanda Ay və Günəş tutulmaları BAŞ VERƏCƏK
Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək. Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: “Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisəni Azərbaycandan da izləmək mümkün olacaq. Belə ki, gün batandan sonra Ay tutulmasının bir hissəsini görmək imkanı yaranacaq”. X. Mikayılov qeyd edib ki, bu ilin ikinci Günəş tutulması avqustun 21-də baş verəcək. O bildirib ki, Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq: “Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarında və ABŞ-da müşahidə ediləcək”. Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.