Baş redaktorun AZAL-dan elektron bilet tələbinə - Qurum "BACARMIRIQ" deyir

Məmməd Gülməmmədov: " Naxçıvana və Naxçıvandan yola düşən təyyarə biletlərinin onlayn satışı yodur. İnsanlar Naxçıvana getmək istədikdə mütləq aviakassaya getməli, növbə gözləməlidir"

Paşa Kəsəmənski: "Elektron satışı təşkil edə bilmirik"

Son günlərdə Naxçıvan Muxtar Respublikasına aviabiletlərin alınmasının çətinliyi barədə sosial şəbəkələrdə etirazlar səngimək bilmir. Bakıdan-Naxçıvana və əksinə yola düşmək istəyən vətəndaşlar bilet satışlarında növbə gözləmələrindən, biletlərin çətinliklə tapılmasından, müxtəlif üsullarla qanunsuzluq edilməsindən şikayətlənirlər.

Bu barədə sosial şəbəkə hesabında narazılığını ifadə edən"Ölkə.Az"saytının baş redaktoruMəmməd GülməmmədovNaxçıvan Hava Limanında insanlara zülm verildiyini qeyd edib:

"Bakı-Naxçıvan reysinə biletləri aslanın ağzına qoyublar, deyirlər gedin, bacarırsınızsa, aslandan alın. 2017-ci ildə nəinki onlayn bilet, hətta biletlər haqda adi məlumat yoxdur. Naxçıvanı turizm mərkəzinə beləmi çevirmək istəyirsiz, cənab rəsmilər? Olmaz belə! Vallah olmaz! Söz verirəm, mən günü sabahdan bu bilet müəmmasını araşdırıb ictimailəşdirəcəm. Ayıbdır, insanların əsəbləri ilə bu qədər oynamaq olmaz!”– deyə baş redaktor statusunda bildirib.

Məsələni daha ətraflı öyrənmək üçün M.Gülməmmədovun özü ilə əlaqə saxladıq.

Baş redaktorSherg.az-a açıqlamasında Naxçıvana və əks istiqamətə yola düşən təyyarə biletlərinin satışında onlayn bilet olmadığını deyib.

O bildirib ki, biletlər Bakıda da, Naxçıvanda da ancaq bir nöqtədə, aviakassada satılır:

"İnsanlar Naxçıvana getmək istədikdə mütləq aviakassaya yaxınlaşmalı, növbə gözləməlidir. Reyslərin, biletin olub-olmaması haqqında öncədən verilən heç bir məlumat yoxdur. Artıq sərnişinlər aviakassadakı satıcıların məlumatının ümidinə qalıb. Onlar isə çox zaman bilet olmadığını deyirlər. Lakin mən də şahidi olmuşam ki, əl altından, tanış vasitəsilə və s. baha qiymətə satırlar. Biletin qiyməti 50 manatdır və olur ki, 60-70 manata satırlar. Məqsəd ondan ibarətdir ki, kimlərsə pul qazansın.

2017-ci ildə yaşayırıq, hələ də Naxçıvana elektron biletlər satılmır”.

Baş redaktorun sözlərinə görə, ən böyük problem turizm sahəsinin fəaliyyətində yaşanır. Belə ki, turist Naxçıvana səyahət etmək istəyirsə, səhər saat 8-dən aviakassanın qarşısında növbə gözləməlidir:

"Bu şəkildə turizm inkişaf etdirmək olmaz. Ölkəyə gələn turistin marağında deyil ki, bu qədər əziyyəti çəkib, Naxçıvana getsin. Bu tamamilə absurd haldır və heç bir məntiqə sığmır. Bu vəziyyəti Naxçıvana getmək istəyən vətəndaşlara və qonaqlara verilən zülm adlandırmaq olar. Düşünürəm ki, bu problem ən yüksək səviyyədə həllini tapmalıdır”.

Yaranmış problemin həllindən danışan "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəriPaşa Kəsəmənskielektron biletlərin satılmamasının səbəblərini belə izah edib. O bildirib ki, bu, sosial layihədir və hər bir sərnişinə görə 20 manat datasiya alınmalı və şəxsiyyət vəsiqəsinin surəti hökumətə təhvil verilməlidir:

"Bu səbəbdən elektron satışı təşkil edə bilmirik. Buna baxmayaraq, özümüz də elektron satışın yaradılmasında maraqlıyıq. Ona görə, təkliflərimizi hökumətə təqdim etmişik ki, elektron biletlərin satışı reallaşsın.

Naxçıvan-Bakı uçuşlarına biletlərin satılmasına gəldikdə isə, sözün açığı ilk dəfədir ki, belə problemlə qarşılaşıram. Araşdırılması üçün aidiyyəti qurumlara müraciət ünvanlayacağam”.






Fikirlər