Cahangir Əsgərovun 99 avroluq yalanı – Turizm şirkətləri AZAL-ı ifşa etdi
Bir müddət öncə isə "Azərbaycan Hava Yolları" QSC də bu qiymətə müəyyən ölkələrə getməyin mümkün olacağını açıqlamışdı. Amma təəssüflər olsun ki, bu qiymətə xarici ölkələrə səyahət etmək istəyən sərnişinlər bilet tapa bilmir. Demək olar ki, 99 avroya olan biletlər yoxa çıxıb.
Tanınmış turizm şirkətləri isə AzNews.az-a 99 avroya biletlərin ümumiyyətlə satılmadığını bəyan ediblər.
Ölkənin aparıcı turizm şirkətlərindən biri olan “7 days Travel”dən bildirildi ki, adətən minimum qiymət olan 99 avroya yalnız xüsusi kampaniya çərçivəsində səyahət etmək olur: “Həmişə bu qiymətə səyahət etmək olmur. Nə vaxt belə bir kampaniyanın olacağını əvvəlcədən də bilmək olmur. Çünki bu qiyməti hava yolları müəyyənləşdirir. Daha çox bu qiymətə İstanbula səyahət etmək olur”.
Mir Travel” şirkəti də 99 avroya İstanbul, Moskva, Dubay və Antalyaya getməyin mümkünlüyü elan edilsə də, reallıqda bunun mümkün olmadığını bildirir: “99 avro biletin yalnız tarifidir. Ona görə də reklamlarda və elanlarda yalnız onun tarifi verilir. Amma ümumilikdə həmin bilet 143 manata başa gəlir. Amma baqaj və yemək o qiymətə daxil deyil. Həmin qiymətə İstanbul, Moskva, Dubay və Antalyaya getmək mümkündür”.
Digər turizm şirkəti olan “Meridian Travel”dən də bildirdilər ki, onlarda 99 avroya bilet satılmır: “Hara səyahət etməkdən asılı olaraq qiymətlər fərqlidir. Amma bizim şirkətdə 99 avroya bilet yoxdur. Ən ucuz biletin qiyməti İstanbuladır. Səyahət təxmini olaraq 400 və ya 500 manata başa gəlir”.
Məsələyə aydınlıq gətirən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa KəsəmənskiAzNews.az-a açıqlamasında bildirib ki, 99 avroya yalnız Moskva, İstanbul, Antalya və Dubaya getmək mümkündür: “Biletlərin olmaması kimi məlumatlar yanlışdır. Bu qiymətə olan səyahətlər heç bir kampaniya çərçivəsində də həyata keçirilmir. Bu AZAL-ın ən minimum qiymət tarifidir. Belə ki, 99 avroya Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, Bakı-Moskva-Bakı istiqaməti üzrə hər gün 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçirilir. Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olaraq bir tərəfə 99 avro təşkil edir. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcək. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.
Yeni reyslərin başlama tarixinin müxtəlif olması isə aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.
Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstərilir və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş alınmır. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçirilir.
99 avroya olan biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkündür”.