Tətil bitir, depressiyası DAVAM EDİR
Rusiyanın sosial araşdırma şirkətlərindən biri üzə çıxarıb ki, işçilərin 31 faizi daha çox tətil üçün maaşlarından fədakarlıq edir. Buna görə də işçilər yüksək maaşın itkisini hiss etdikləri vaxt rəhbərlikdən onun problemlərinin həllini gözləyir. Bəzən bu, işçi ilə rəhbərlik arasında ciddi anlaşılmazlıq yaradır ki, bunu da vaxtında həll etməsələr, işçinin öz işini itirməsi ilə nəticələnə bilər. Xüsusən də 16-24 yaşlı gənclərin beşdə ikisi daha çox tətil verilərsə, daha az maaş almağı qəbul edəcəklərini deyir. Araşdırma üzə çıxarıb ki, yeni işə girənlər ilk illərində belə maaş ödəmələrindən daha çox ekstra tətil istəyirlər. İstirahət bitəndən sonra işə adaptasiya vaxt alsa da, bu vaxtı qısaltmağın yolları var. Həm işçilərin, həm də iş sahiblərinin tətbiq edəcəyi kiçik planlarla bu müddət daha da asan keçilə bilər. İşə getməzdən əvvəl hazırlıq görmək, ilk həftənin çətin keçəcəyini əvvəldən qəbul etmək problemi nisbətən xəfiflədə bilər. İlk həftə işdə nisbətən az yüklə çalışmaq lazımdır. Bu, tətil zamanı alınan enerji və müsbət emosiyaların birdən tükədilməsinin qarşısını ala bilər. Əksinə, bunların miqdarını artırmaq üçün ən yaxşısı sistemli idmanla məşğul olmaqdır. Tətil müddətində insanlar yeni qərarlar qəbul edir, amma onları həyata keçirmək üçün özlərinə müəyyən vaxt verməlidilər. Avqust ayında insanların ən çox qarşılaşdığı problem və ondan çıxış yolu...
Rusiya saytlarında yayılan məlumata görə, avqust ayında insanlar ən çox tətil depressiyasından əziyyət çəkirlər. Bu kateqoriyaya daha çox tətildən işə qayıdanlar daxildir. Təbii ki, kiçik bir qrup da istirahət edə bilməyənlərə daxildir. Yaxşı, bu depressiya niyə yaranır və ondan çıxış yolu nədədir?
Psixoloqlar müəyyənləşdirib ki, iş yeri sahibləri də adaptasiya üçün işçilərinə yardım etməlidir. Yardımın üsulları aşağıdadır:
1. İstirahətdən işə qayıtdıqları ilk bir neçə gün boyunca işə təxminən 15 dəqiqə gecə gəlib, tez çıxmaq işçilərin adaptasiyasına yardım edə bilər.
2. İşçilərin xoşuna gələcək iş şərtlərini təmin etmək onların iş əmsalını artıracaq.
3. İşçinizə yeni bir fikir təqdim edin: yeni bir layihə düşünməsi üçün onu cəsarətləndirin. Yeni bir fikir üzərində işləməsi onun tətildən sonra cansıxıcı iş həyatına adaptasiyasını maksimum yüksəldəcək.
4. Tətildən qayıtdığı ilk günlərdə işçilərə gərgin və zaman məhdudiyyəti olan işlər yükləməmək daha uyğun olacaq.
5. İşçilərinizlə ünsiyyət qurun, onun işdən soyuduğunu hiss etdiyinizi və buna anlayışla yanaşdığınızı deyin. Bu halda həmin işçi sizin ona robot kimi yox, insan kimi yanaşdığınızı anlayıb, vəziyyəti düzəltməyə çalışacaq.
6. İşçilərinizə ildə bir dəfə, çox uzun müddətli məzuniyyət vermək yerinə, tez-tez, amma qısa müddətli məzuniyyətlər verin. Bu halda həm iş əmsalı yüksələcək, həm də daim narazı işçilərlə işləməyəcəksiz.
Yaxşı, bəs işçilər bu adaptasiya üçün nə etsin?
1. İşə başlamazdan bir neçə gün öncə öz evinizdə olun. Evlə bağlı görməli olduğunuz işləri həyata keçirin, o günlərdə həll edin. İşə getməzdən bir gecə öncə yaxşı yatıb dincəlin.
2. Cansıxıcı iş həyatına qayıtmağı özünüz üçün asanlaşdırın. Qayıdışınızın ilk gününə vacib iclas və görüşlər təyin etməyin.
3. İlk günlər axşam gəzintiyə çıxın, əyləncənizi birdən-birə, “xırp” deyə yekunlaşdırmayın. Əksinə, tətildən işə kəskin keçid adaptasiyanı dözülməz hala çatdırır.
4. Keçmiş tətiliniz haqda düşünəndə heç vaxt “kaş ki” ilə başlanan cümlələr qurmayın, ancaq gözəl detalları yadınıza salın.
5. Məişət və iş həyatınızdakı pozitiv məqamlara yüklənin. Hər gün uğur qazandığınız, xoşunuza gələn şeylər barədə düşünün.
6. Həyatın sürətlə axıb getdiyini nəzərə alıb, qərarlarınızı təxirə salmayın. Onları həyata keçirməniz özünüzə inamı artıracaq və bunları etdikcə iş həyatınızı da yenidən sevməyə başlayacaqsız.
7. Gələn il daha maraqlı istirahət qura bilmək üçün bu il işləməli olduğunuza özünüzü inandırın.
8. İstirahətdə olduğunuz müddətdə üst-üstə yığılan işlərinizi bir anda yekunlaşdırmağa çalışıb özünüzü yormayın. İş zamanı vaxt tapdıqca fasilə verin ki, bir anda yorulmayasınız. İşdən sonra kiçik gəzintilər germəkləşdirib, yorğunluğunuzu ata bilərsiniz.
9. Əgər iş yoldaşlarınız tətildə, siz işdəsinizsə, özünüzə belə təsəlli verin: onlar işləyəndə də mən tətildə idim.
Tətildən qayıdanların işə adaptasiyası xeyli vaxt alır. Üstəlik, adaptasiya müddəti nə qədər uzanırsa, işçinin motivasiyası, iş əmsalı da bir o qədər azalır. İş həyatına adaptasiya olmaq bir çox insanda sıxıntı yaradır, yuxusuzluq, baş ağrısı, həzm problemi kimi sağlamlıq problemlərinin ortaya çıxmasına səbəb olur. Xüsusən qayğı və depressiyaya meylli olan şəxslərin adaptasiya problemi güclü olur.
Bayramdan sonrakı tətil insanlar üçün sadəcə dincəlmək üçün deyil, istədiyini yemək, istədiyin qədər yemək üçün də gözəl bir fürsətdir. Məhz o rahatlıq və komfortdan sonra işə qayıtmaq, yorulmaq, istədiyi zaman yemək yeməmək, istədiyi kimi hərəkət edib dincələ bilməmək sıxıntı yaradır. Bayrama görə verilən tətil günləri uzun müddət işləyən insanlar üçün mükafat kimidir. İş günlərində sabah işə getmək üçün erkən vaxtda yatmaq lazımdır.
Yorğunluqdan nə yediyinin fərqinə varmadığından acından ölməmək üçün əlinə nə gəldi tapıb yemək lazımdır. Məsuliyyətli olmaq lazımdır. İşə gecikməmək, işini, evini, sağlamlığını, təmizliyini, baxımını 24 saata sığışdırmaq vacibdir. Tətil olanda isə xüsusi təamlar, gecə yarısına kimi televizora baxmaq, vaxtının böyük hissəsini ailəsinə, özünə ayırmaq insan üçün əvəzedilməz bir fürsətdir. Tətildən sonra işə qayıtmaq isə heç də xoş olmur. Buna görə tətilləri heç vaxt bitməyəcəkmiş kimi yaşamaq lazım deyil. Tətil daha yaxşı işləmək üçün insana verilən bir şans olmalıdır.
İş ərəfəsində fikri tamamən işləmək, pul qazanmağa yönəldən insanlar bütün ilin yorğunluğunu bayram tətillərində ata bilməzlər. Məhz buna görə də bayram sonrası depressiv vəziyyət yaranır. Bir qisim insanlar rahatlamış, dincəlmiş formada işə başlayır, ikinci qisim insanlar isə yorğun, əsəbi, yuxulu olurlar. İlin bütün günlərində gündən zövq almağa çalışmaq hər günü bayram etmək deməkdir.
Dincəlmək, kitab oxumaq, harasa getmək üçün vaxtım yoxdur deyən insanlar belə məşğuliyyətləri bayram ərəfəsinə saxlayırlar. 7 günə isə bütün ilboyu xəyal etdiyi məşğuliyyətləri sığışdırmağa çalışırlar. Nəticədə istirahətdən tam doymamış yenidən işə qayıdırlar. Belə insanlar nə işdən, nə də istirahətdən zövq ala bilirlər. Günü həm işləmək, həm dincəlmək, həm kitab oxumaq, həm dost-tanışla vaxt keçirmək üçün bölən insanlara isə tətil əlavə hədiyyə kimi olur.