Qurban bayramında geomaqnit qasırğası olacaq – XƏBƏRDARLIQ
“Hazırda Günəşin görünən diskində 22 günəş ləkəsi müşahidə olunur. Bunlar 2 ləkə qrupunda birləşiblər. 2672 nömrəli ləkə qrupu böyük olsa da – Yer səthindən hansısa tutqun şüşə ilə baxdıqda bu ləkə qrupunu adi gözlə də görmək olar – güclü Günəş alışmalarını generasiya etməyə qadir deyil”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. O, Günəşin səthində böyük ölçüyə malik növbəti tac dəliyinin formalaşdığını qeyd edib. E. Babayevin sözlərinə görə, tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Direktor müavini vurğulayıb ki, tac dəliyindən “əsən” Günəş plazma küləyinin təsirlərinin 1-2 sentyabr tarixlərində Yerə çatması gözlənilir: “Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğası da gözlənilir. Əslində burada qeyri-adi heç nə yoxdur. İl ərzində 2 dəfə – yaz və payız gecə-gündüz bərabərliyi nöqtələri ətrafında geomaqnit qasırğalarının intensivliyi və gücü artır, daha çox qütb parıltıları müşahidə olunur”. E. Babayev vurğulayıb ki, sentyabrın 1-2-də müşahidə olunacaq budəfəki geomaqnit qasırğasının səbəbi bilavasitə Günəş alışması yox, tac dəliyindən başlanğıcını götürən Günəş plazma küləyi olacaq. Onun sözlərinə görə, planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, o zaman həyəcanlaşma daha da güclü olacaq: “Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Hesab edirik ki, sentyabrın 1-2-də bu qiymət qalxacaq. Kosmik hava sentyabrın əvvəlinədək stabil vəziyyətdə olacaq. Hazırda atmosfer təzyiqi də normaldır”. Qeyd edək ki, sentyabrın 1-2-si Qurban bayramına təsadüf edir.