Rusiyaya ilk dəfə qatarla gedən azərbaycanlı milyarder (FOTOLAR)
Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı milyarder, Rusiyanın "Konrad" Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovdur. Vaqif Məmişov kimdir? Yəqin çox az adam bilir ki, hamının Gürcüstan azərbaycanlısı kimi tanıdığı Vaqif Məmişov Masallı rayonunda anadan olub. 54 yaşlı iş adamı Masallı rayonunun mərkəzində dünyaya göz açıb. Masallı rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən evlərinə köçmələrinə səbəb isə pedaqoji fəaliyyətlə məşğul olan atasının Masallıya müəllim kimi təyinat alması olub. AzerTaym.az bizplus.az-a istinadən bildirir ki, ali təhsil almaq arzusunu çox gec reallaşdıran V.Məmişov yolunu Leninqrad Avtomobil Nəqliyyatı Texnikumundan salır. 1988-ci ildə isə oranı nəqliyyatçı ixtisası üzrə bitirir. Karyera zirvəsinin pik nöqtəsində köhnə arzusunu gerçəyə çevirir və bu dəfə səsi Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasından gəlir. 1999-cu ildə oranı huquqşünas kimi bitirir. Sərvəti milyardı ötür
Gənc yaşlarından özünü Rusiyada sınamağa qərar verən Vaqif Məmişovun arzusu qısa müddətə reallaşır. Düzdür, yaxınları iddia edir ki, V.Məmişovun biznes karyerası heç də hamar olmayıb. O, bu səviyyəyə çatana qədər çox böyük çətinliklərdən keçib. Amma gerçəklik ondan ibarətdir ki, Vaqif Məmişov öz adını "Forbes"in milyarderlər siyahısına yazdırıb. Sankt-Peterburq şəhərində isə "ən imkanlı azərbaycanlı" sayılır. Onun rəhbəri olduğu "Konrad" Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqda iri sənaye müəssisələrini özündə birləşdirir. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir. Vaqif Məmişov sahibkarlıq fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti də heç zaman diqqətdən kənara qoymayıb. Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri olan V.Məmişov vaxtaşırı olaraq Azərbaycanla bağlı tədbirlərə ya təşkilatçılıq edir, ya da bu tədbirlərdə yaxından iştirak edir. Sankt-Peterburq şəhər rəhbərliyi ilə sıcaq münasibətlərə malik Vaqif Məmişov Rusiyada keçirilən seçkilərdə də fəal iştirak edir. Rusiyada yaşayan həmyerlilərimiz arasında təbliğat işi faktiki olaraq ona həvalə olunub. Təsadüfi deyil ki, məhz bu fəaliyyətinə görə, şəhər rəhbərliyi onu 1996-cı ildə "Vətən qarşısında xidmətinə gorə" II dərəcəli ordenlə və "Sankt-Peterburqun 300 illiyi" xatirə medalı ilə təltif edib. Azərbaycanı unutmayan və Azərbaycanın da unutmadığı iş adamı...
Vaqif Məmişov Rusiya ilə Azərbaycan arasında dostluqq münasibətlərinin yaranmasındakı ximətlərinə görə, Cənab Prezident İlham Əliyevin 16 mart 2006-cı il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Deyilənə görə, iş adamı mütəmadi olaraq Azərbaycanda olur və ölkəmizdə keçirilən tədbirlərdə də yaxından iştirak edir. Sonda qeyd edək ki, Vaqif Məmişovun iki qızı və bir oğlu var. Hər üçü Rusiyada yaşayır.