Akif Əli o sözə görə məsuliyyətə cəlb oluna bilər - HÜQÜQŞÜNAS
Rəhmətə getmiş bir insan, həm də görkəmli bir alim haqda belə ifadələr işlətmək nə dərəcədə düzgündür? Görünür, Akif bəy səhər yuxudan kal durub. O, ağzına turş bir alça atsaydı, daha yaxşı olardı. Nəyə görə o, Lütfi Zadəni təhqir edir? Bu sözləri Lütfi Zadəni “Fındıqbaş” və “Balqabaqbaş” adlandıran Akif Əlinin bu davranışını müzakirə edərkən Teleqraf.com-a açıqlama verən yazıçı-publisist Həmid Herisçi deyib. O, hökumət sözçüsünün belə sözlər işlətməsinə görə, çox hirsləndiyini açıqlayıb: “O insan dövlətin rəsmi sözçüsüdür. O, sözün qiymətini hamıdan yaxşı bilməlidir. Həm də ki, Akif Əli tək deyil. Son zamanlar mən çox eşidirəm. Lütfi Zadəni tez-tez təhqir edirlər. Axı niyə? O, dünya miqyasında ən öndəgedən azərbaycanlılardan biri olub. Həm də Lütfi Zadə çox niskilli şəkildə istəyib ki, vətəninə qayıtsın. Belə bir insanı nə üçün təhqir edirlər? Mən çox əsəbiləşirəm, hirsimi cilovlaya bilmirəm. Rəsmi bir şəxs necə dilinə “fındıqbaş”, “balqabaqbaş” kimi ifadələri gətirə bilər? Olmaz belə…” Tanınmış media-ekspert Zeynal Məmmədli də Lütfi Zadənin təhqir olunmasına biganə qalmayıb: “Bir məmur media ilə işi quranda özünün şəxsi fikirlərini nə dərəcədə açıqlaya bilər? Onun kimsə haqda öz şəxsi fikri ola bilər, amma bunu media vasitəsilə bu şəkildə ictimailəşdirmək sözsüz ki, ona yaraşmaz. Mən indi konkret deyə bilmərəm ki, bunu o, hansı kontekstdə deyib? Jurnalistlə arasında hansı dialoq gedib? Amma bütün hallarda bu cür yanaşma düzgün deyil. Özəlliklə ölmüş bir insan üçün və kifayət qədər tanınmış bir dahi alim haqda belə bir ifadə işlətmək təbii ki, yaraşmaz. O, ən azından ictimai rəyin köməyilə öz cəzasını alacaq. Mən bunu heç dünyadan xəbərsiz, ictimai həyatla yaşamayan ən adi insanlara yaraşdırmıram. O ki, qaldı Nazirlər Kabinetində məsul vəzifədə işləyən və media ilə əlaqələrə məsul olan bir şəxsə… Kateqorik olaraq, yaraşdırmıram”. Hüquqşünas Zaur Quliyev isə AKif Əlinin bu təhqirə görə məsuliyyətə cəlb oluna bilmə ehtimalından danışıb: “Ümumiyyətlə, bir sadə vətəndaşın başqa bir sadə vətəndaş barəsində bu cür ifadələr işlətməsi, istər onun həyatda olduğu zaman, istər ölümündən sonra onu təhqir etməsi və bunu xüsusilə Kütləvi İnformasiya Vasitələrinin köməyilə ictimailəşdirməsi düzgün deyil, bununla o həm inzibati xətalar məcəlləsinin, həm cinayət məcəlləsinin qaydalarını pozur, bu yolverilməzdir. Həmin adam məsuliyyətə cəlb oluna bilər. Bu həm də bir dövlət qulluqçusunun etik davranış qaydalarını pozması deməkdir. O ki qaldı, məhz Lütfi Zadə barədə bu sözləri işlətməyə... Bu isə xüsusilə yolverilməzdir. Akif Əli kimi bir ziyalının bu cür ifadələr işlətməsi təbii ki, ictimaiyyətdə də düzgün qarşılanmaz. Lütfi Zadə o qədər vətəninə bağlı insan olub ki, o, harda dəfn olunacağını belə öncədən bəyan edib. Bu vəsiyyətnamədən sonra bir dövlət qulluqçusunun onun haqqında belə ifadələr işlətməsi çox pis haldır. O, həmin şəxsin nüfuzuna xələl gətirə bilər. Amma mən açıqlamanı oxudum və məsələyə bir az şübhə ilə yanaşdım. Çünki Lütfi Zadə haqqında ancaq onu tanımayan və dərk etməyən biri bu cür ifadələr işlədə bilər. Akif Əlinin isə Lütfi Zadəni tanımaması mümkün deyil. Sadəcə, burada hansısa yanlışlıq var. Açığı, bu məsələdə tərəddüd edirəm. Amma istənilən halda deyirəm ki, bu, qanun çərçivəsində yolverilməzdir. Bu kimi hallar cəmiyyətdə qınanılmalıdır. Gələcəkdə də istər adi vətəndaş, istər dövlət qulluqçusu hansısa sadə vətəndaş və ya bu cür tanınmış ictimai xadim barədə belə ifadələr işlədə bilməz. Onların şəxsi mübahisələri olsa belə, həmin insan ən azı öz ictimai nüfuzunu qorumaq üçün belə ifadələrdən uzaq qaçmalıdır”. Telejurnalist və media-ekspert Vüsal Məmmədov isə şokda olduğunu açıqlayıb: “Bəlkə də heç gülməli deyil, amma mən bayaqdan gülürəm. Çünki başqa heç bir reaksiya verə bilmirəm. Bu dərəcədə absurd vəziyyətdir”. Akademik Teymur Bünyadov da məsələni qısaca şərh edib: “O, niyə elə deyib? Böyük adamdır axı. Yəni ağlı o dərəcədədir? Mən heç nə deyə bilmərəm. İt hürər, karvan keçər. Yel qayadan nə aparar?” Xatırladaq ki, yerli jurnalistlərdən biri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayaraq, Lütfi Zadənin dəfni ilə bağlı açıqlama almaq istəyərkən, o, jurnalistə “O fındıqbaş kişi məni maraqlandırmır” deyə cavab verib. Az sonra isə Akif bəy alim haqqında işlətdiyi bu ifadəsi ilə bağlı sual verən başqa bir jurnalistə belə deyib: “Nədir ki? Balqabaqbaş deməliydim?”