QAT sədri Akif Nağı ilə deputat Araz Əlizadə arasında söz davası, yumruq hədəsi hər keçən gün daha da qızışır. Tərəflər mətbuat vasitəsilə bir-birilərini təhqir və təhdid etməkdə davam edirlər.
“Elə vuraram ki, yerə sərilər”, deyə onu təhdid edən deputata cavab olaraq Akif Nağı “Araz Əlizadənin alnının ortasından bir yumruq vuracam, şok keçirəcək”, söyləyib. QAT sədrinin təhdidli açıqlaması ictimaiyyətdə geniş rezonans doğurub. Lakin bu təhdidin də cavabı gecikmədi. Araz Əlizadə ölkə.az-a verdiyi açıqlamasında ona qarşı 4 dəfə sui-qəsd olunduğunu, zorakılıqla onu öldürmək mümkün olmadığını deyib:
“... Mən öləndə ya vətən uğrunda öləcəm, ya da öz əcəlimlə öləcəm. Məni zorakılıqla öldürmək mümkün deyil”.
Tərəflər arasında söz davası səngiməsə də ictimaiyyətdə maraqlı bir sual ortalığa çıxıb. Əgər tərəflər həqiqətən də bir gün qarşı-qarşıya gələrsə, yumruq davasında kim qalib olar?
Bununla bağlı QAT sədri Akif Nağı musavat.com-a maraqlı açıqlama verib:
“Zorakılıq göstərərsə, təbii ki, öz cavabını alacaq. Dava elə bir şeydir ki, bu yalnız ürəklə bağlıdır. Kim ürəklidirsə, o davadan qalib çıxır. Elə gombullar, bədəni, başı yekə olan var ki, dava anında ürəyini tutub yıxılır yerə. Mən hesab edirəm ki, istənilən davada qalib gələn ürəkli tərəfdir. İctimaiyyət Akif Nağının da, Araz Əlizadənin də ürəyini görüb. Onun ürəyi sərçə ürəyi boydadır, cəmiyyət bunu görüb”.
Qeyd edək ki, tərəflər arasındakı qarşıdurmaya səbəb deputat Araz Əlizadənin himnimiz barəsində səsləndirdiyi fikirlər olub. QAT sədri Araz Əlizadənin bu fikirlərini tənqid etmiş və bu da deputatı özündən çıxartmışdı.
Akif Nağı bu barədə yenidən açıqlama verərək himnimiz haqqında əvvəlki mövqeyində qaldığını deyib:
“Mən bu sahənin mütəxəssisi deyiləm, yəni nə bəstəkar, nə də şairəm. Mən, sadəcə, vaxtaşırı himnimizi ifa edən bir vətəndaşam. Biz QAT olaraq bütün tədbirləri Azərbaycan Dövlət Himnimizi canlı oxumaqla başlayırıq. Himnimiz dünya ölkələrinin himnləri arasında ən yaxşı himn kimi onluqda, bəlkə də beşlikdədir. Himnimiz yüksək səviyyədə yazılmış, insanlara müsbət təsir edən, özünü ifadə etməyə imkan verən himndir”.
Xalidə GƏRAY