Himnə etirazlar SABİR Rüstəmxanlını hiddətləndirdi

Himnimiz bu gün müzakirə mövzusu deyil və ola da bilməz. Bu himn 1991-ci ildə müzakirə olunaraq qəbul edilib.

Bu sözləri Modern.az saytına açıqlamasında keçmiş millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.Sabir Rüstəmxanlı deputat Araz Əlizadənin himnin musiqisi haqqında dediyi fikirlərə də münasibət bildirib:

“Himnimizi Milli Məclis qəbul edib. Himn rəsmi dövlət atributudur. Araz Əlizadə Milli Məclisin üzvüdür. Parlament də ona reaksiya versin”.
Partiya sədri hesab edir ki, bu gün heç kim himnin haqqında müzakirə apara bilməz:
“Əgər himnin sözünü və yaxud musiqisinin dəyişdirilməsi Milli Məclisdə açıq müzakirəyə çıxarılsa, onda hər kəs söz sözünü deyə bilər. Amma hər hansı bir müzakirəsiz bu cür fikirlər səsləndirmək düzgün deyil və yersizdir. Heç nədən axı niyə belə şeylərə toxunurlar?..”.
Sabir Rüstəmxanlı Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin də himn haqqındakı fikirlərini pisləyib və onları özünə saxlamağı məsləhət görüb:
“Siyavuş Kərimi himnlə bağlı peşəkar bəstəkar kimi fikirlərinə saxlasın özünə. Mənim də himn, yaxud nələrsə haqqında narazılığım ola bilər. Amma elə toxunulmaz şeylər var ki, onlar müzakirə mövzusu ola bilməz!
Belə fikirlər dövlətin rəsmi atributlarına qarşı hörmətsizlikdir. Bu atributları gözdən salmaq olmaz!”.
Qeyd edək ki, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi unikal.org-a himn barədə belə deyib: “Azərbaycan himnini mərsiyə adlandırmaq düzgün olmasa da, çox qəmli və miskin musiqi üzərində qurulub. İnkişaf etmiş Azərbaycan üçün indiki himn elə müstəqilliyimizin ilk birinci günündən yaramır. Mən düşünürəm ki, bu məsələyə çox yüksək səviyyədə düzgün münasibət bildirilsə biz himnimizi əlbəttə ki, lazimi bir səviyyədə dəyişsək və bunu bütün xalq çox yaxşı qəbul edəcək”. 






Fikirlər