“Araz Əlizadənin fikri QURAN ayəsi deyil” – HİMN mübahisəsi böyüdü

“Himnimizə qulaq asarkən qürur hissi keçirirəm”.

 


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin “Azərbaycan himninə qulaq asanda adam əlinə dəsmal götürüb ağlamaq istəyir”, - deyə səsləndirdiyi fikirlər ciddi müzakirə mövzusuna çevrilib. 

  Femida.az millət vəkilinin söylədiyi fikirlə bağlı bəzi ictimai xadimlərdən münasibət öyrəndi.


“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, Araz Əlizadə kosmopolit yanaşma tərzi sərgiləyir:

“Mən himnimizə qulaq asanda özümü Araz Əlizadənin düşündüyü kimi hiss etmirəm. Azərbaycanın adı keçən və ölkəmiz üçün ölümün gözə alındığı o ifadələrlə qürur duyuram. Sorğu keçirilsə, Azərbaycan xalqının 90%-dən çoxu himnimizin bu cür qalmasının tərəfdarı olar. Araz Əlizadənin fikri Quran ayəsi deyil ki, mütləq doğru olsun. İnsanlar məsələyə müxtəlif cür yanaşa bilər. Mən məsələyə milli baxımdan yanaşıram, Araz Əlizadə isə kosmopolit yanaşma tərzi sərgiləyir. Liberal düşüncə daşıyıcıları hər zaman məsələyə o cür yanaşırlar”.

Milli Məclisin deputatı Asim Mollazadə himnimizin bu cür qalmasının tərəfdarı olduğunu qeyd edib:

“Mən Azərbaycanın dövlət himninə qulaq asanda hər zaman özümdə ruh yüksəkliyi hiss edirəm. Düşünürəm ki, bu himnin dəyişdirilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Xalq Cümhuriyyətindən bizə miras qalıb. Himnimiz, bayrağımız, gerbimiz bizim üçün böyük anlam kəsb edir”. 

AzerTaym.az






Fikirlər