Sabir Rüstəmxanlı Vahid Ələkbərovdan DANIŞDI: “Bu, qeyrət işidir”

Azərbaycanda doğulub boya-başa çatan insanların bir çoxu xarici ölkələrdə ziyalı, oliqarx, biznesmen kimi tanınırlar.

Dünyaca məşhur azərbaycanlılardan biri də “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovdur. Neft maqnatı kimi tanınan Vahid Ələkbərovun sərvətləri milyardlarla ölçülür.

Keçmiş deputat, Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Sabir Rüstəmxanlı isə düşünür ki, Vahid Ələkbərovun tanınması Azərbaycan üçün xeyirdir.

Sabir Rüstəmxanlı Modern.az saytına açıqlamasında deyib ki, bu cür azərbaycanlıların xaricdə biznes qurması ölkəmiz adına ancaq xeyirli ola bilər.

“Çox vaxt Vahid Ələkbərovun adı obyektə  çevrilir. Vahid Ələkbərovun adı, xaricdə bir azərbaycanlı kimi boy göstərməsi, gəlib o mərhələyə çıxmasının özü belə, Azərbaycanın xeyrinədir.

Azərbaycandan kənarda olanların bir çoxu öz yaxınlarını, hansısa azərbaycanlını ətrafında işlə təmin edir, onlara çörək verir. Bunun özü də xeyirli işdir”.

DAK sədri  xaricdə  yaşayan azərbaycanlıların Azərbaycanın mövqelərindən çıxış etməsi məsələsinə də toxunub.

“Xaricdə yaşayan azərbaycanlıların Azərbaycanın mövqelərindən  çıxış etmək məsələsi qeyrət işidir. Kimin qeyrəti varsa, öz vətəni ilə bağlı qərarların verilməsində aktiv olur,  kimin qeyrəti yoxdusa, bu cür məsələlərə reaksiya verməsini ondan gözləməyə dəyməz. Xaricdə biznes quranların Azərbaycanı təbliğ etmək məsələsi bir az da şərtlərdən asılıdır. Eyni zamanda, bəziləri belə düşünür ki, Azərbaycan mənə nə verib?!.

Məncə, normal, namuslu azərbaycanlılar harda olmalarından asılı olmayaraq öz vətənləri barədə düşünür və onun yolunda əllərindən gələni əsirgəmirlər. Bu cür həmvətənlərimizə qarşı hücuma keçmək, onları sıradan çxarmaq düzgün addım deyil”.

Sabir Rüstəmxanlının sözlərinə görə, çox vaxt xaricdə yaşayan oliqarxlar, ziyalılar  çirkli kampaniyalarla üz-üzə qalır.

“Bir ara ziyalılara qarşı kampaniyaya start verilmişdi. İndi də xaricdə özünə həyat qurmuş insanlara, oliqarxlara qarşı kampaniya davam edir. Bu cür kampaniyalara ehtiyac yoxdur. Zaman-zaman Lütfi Zadəni də müzakirəyə çıxarırlar. Əgər Lütfi Zadə Azərbaycandan çıxıb gedib xaricdə yüksəlibsə, elə bunun özü də Azərbaycanın xeyrinədir. Azərbaycanda bu dəb halını alıb.  Klassiklərimiz,  tarixi şəxsiyyətlərimiz, sərkərdələrimiz sıra ilə  müzakirə edilib hamısına ləkə yaxılır. Bunlar gülünc məsələlərdir. Mən bilmirəm, bu cür kampaniyaların başında kimlər dayanır?!”.






Fikirlər