İbrahim Mehdiyevin tikinti qanunsuzluğu ilə bağlı Mehriban Əliyevaya şikayət ünvanlanıb- FOTOLAR

AZpressAZ_ibrahim_Mehdiyev_Yasamal_qanunsuz_tikinti_15

Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin tikinti sərəncamının qalmaqalı səngimir. Rayonun Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər.

200-ə yaxın sakinin imzaladığı müraciətdə keçmiş icra başçısı İ.Mehdiyevin həyətdə «ELİTE CİTY» MMC-ə hündürmərtəbəli bina tikintisinə icazə verilməsinə dair 21.06.2017-ci il tarixli sərəncamının ləğvi, yaşıllığın məhv edilməsinin qarşısının alınması və həyətin abadlaşdırılmasına göstəriş verilməsi xahiş ounur.  

Müraciətdə deyilir: «Möhtərəm Prezidentimizin Sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuş İbrahim Mehdiyevin qanunsuz qərarını almış «Elit City» MMC-nin həyətimizdə 14 mərtəbəli yaşayış binası tikmək planı bizdə narahatlıq yaratmışdır. Diqqətinizə çatdırırıq ki, 3 tərəfdən 9 mərtəbəli, 1 tərəfdən 5 mərtəbəli bina ilə əhatə olunan qapalı həyətimizin sahəsi təxminən 55 m x 85 m. ölçüdədir. Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzil var) sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirik. Lakin həmin 3 evin yerindən 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisi Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinə ziddir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 25.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmiş, Yasamal Rayon İH-dən qanunvericiliyin tələbinə əməl edilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, son günlərdə «Elit City» MMC-nin rəhbərliyi Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə fəaliyyət göstərərək həyətimizdə qanunsuz tikintini başlamağa cəhd edirlər.

Yasamal Rayon İH-nin şöbə müdiri Şahin Məmmədov mətbuata müsahibə verərək həyətdə 14 mərtəbəli binanın tikiləcəyini bəyan etmişdir. «ELİTE CİTY» MMC-nin rəhbərliyi, Sizin və müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək, guya, həyətdə bina tikilməsinin «yuxarılardan» tapşırıldığına dair təəssüratlar yaratmağa, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışırlar. Sakinlərin məlumatı olmadan onların adından müxtəlif ünvanlara müraciətlər göndərərək, guya, binanın tikintisinə razı olduğumuza dair yanlış məlumat verirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən 2016-cı ildə Bakı şəhərinin daha da abadlaşdırılması və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerli icra hakimiyyətləri tərəfindən köhnə binaların sökülüb əvəzində yeni binaların tikintisi üçün pilot layihələrə başlanılmışdır. Şəhərimizin sakinləri kimi biz də bu təşəbbüsü və görülən işləri alqışlayırıq. Lakin təəssüf ki, keçmiş icra başçısı İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazlar Prezidentimizin bu tapşırığından sui istifadə etməyə cəhd göstərirlər. Qonşu həyətdə tikinti aparan «ELİTE CİTY» MMC 14 mərtəbəli layihə əsasında artıq 17-ci mərtəbənin tikintisini davam etdirir (!!!). Həyətimizdəki 3 fin evinin 24 mənzilinin qonşu həyətdə tikilən binaya köçürülməsinə tam şərait olduğu halda, «ELİTE CİTY» MMC həyətimizdə əlavə olaraq 14 mərtəbəli 2 girişli 132 mənzilli bina tikməyə çalışır.

Belə tikinti aparılacaqsa, həyətimizdə olan 50-dən artıq çoxillik ağaclar kəsiləcək, yaşıllıq məhv ediləcək. Qeyd edək ki, mart ayında tikinti şirkəti tərəfindən həyətimizdəki yaşıllığın bir hissəsi məhv edildi, əlaqədar orqanlar isə tədbir görmədilər. Arzu edirik ki, sökülməsi nəzərdə tutulan 2-mərtəbəli evlərin yerində, həyətimizdə abadlıq işləri aparılsın, yaşlıların istirahəti və uşaqların oynaması üçün şərait yaradılsın, ərazi planlaşdırılmasına uyğun olaraq yaşıllıqlar salınsın. Biz sakinlər də belə sosial-abadlıq işlərində, yaşıllığın salınmasında fəal iştirak etməyə hazırıq.

Biz əminik ki, müraciətimiz Sizə çatdırıldığı halda, həyətimizdə yaşıllığın məhv edilməsinin, qanunsuz bina tikintisinin qarşısının alınmasına dair göstəriş verəcək, öz xeyirxah qərarınızla biz sakinləri növbəti dəfə sevindirəcəksiniz. Müraciətimizi şəxsən Sizə təqdim etmək üçün, bir neçə sakini qəbul etməyinizi arzulayırıq. Eyni zamanda, Sizin gərgin iş qrafiki ilə işləməyinizi, bizi qəbul üçün vaxt məhdudiyyətini nəzərə alaraq, nümayəndənizin bizim ünvana gəlib vəziyyətlə yerində tanış olması da 300-ə yaxın mənzildə yaşayan 1500-ə yaxın sakini sevindirərdi”.

Xatırladaq ki, həyətdə qanunsuz tikintiyə etiraz edən sakinlər Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin 21 iyun 2017-ci il tarixli sərəncamın ləğvinə dair 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Sakinlər, həmçinin, işə məhkəmədə baxılıb qərar qəbul edilənədək tikintinin qadağan edilməsinə dair məhkəməyə ərizə veriblər. Mübahisə hakim M.Bayramovun icraatındadır. Hakim M.Bayramov 26 iyulda həyətə baxış keçirib, sonradan tikinti-texniki ekspertizası təyin edib. Ekspertizanın keçirilməsində məqsəd həyətdə yeni hündürmərtəbəli binanın tikintisinin şəhərsalma və tikinti qanunvericiliyinə, yaşıllıqların və ətraf mühitin qorunması, əhalinin sıxlığı, yanğın təhlükəsizliyi və digər fövqəladə hallarda qəza-xilasetmə işlərinin aparılmasına yaranacaq maneələrin müəyyənləşdirilməsi və s. məsələlərin aydınlaşdırılmasıdır. Ekspertizaya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları da cəlb olunub.

Bu ərəfədə, sakinlərin məhkəmənin qərarını və dövlət orqanlarının rəyini gözlədiyi halda, keçmiş başçının sərəncamının qalmaqal doğurmasına baxmayaraq, hazırda başçısız qalan Yasamal rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri hər vəchlə həyətdə tikinti işlərini başlamağa çalışırlar. Sakinlərin narahatlığına səbəb də son günlərdə «Elit City» MMC-nin rəhbərliyinin Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə hərəkətə keçərək həyətdə qanunsuz tikintini başlamağa cəhd göstərmələridir. İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov və memar Eyvaz Bağırovun rəhbərliyi ilə həyətdəki fin evlərinin sakinləri evlərindən çıxarılıb. Boşaldılan 2 mərtəbəli evləri mənzil sahibləri ilə birgə Yasamal rayonu 138 saylı JEK-in işçiləri sökürlər. «ELİT CİTY» MMC isə söküntünü sürətləndirmək üçün həyətə ekskovator salaraq xarabazara çevirib. Həyətdə texnikanın işləməsinə görə sakinlər öz həyətlərinə girib-çıxa bilmirlər. Tikinti şirkətinin rəhbərliyi həyətdə yeni bina tikintinin, guya, «yuxarılarla razılaşdırıldığı» barədə rəy yaratmağa çalışırlar. Lakin sakinlər bildirirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabinetinin Tikinti və Kommunikasiya şöbəsinin və s. qurumlar həyətdə yaşayış binasının tikintisini qanunsuz hesab etmişlər. Keçmiş başçının qanunsuz sərəncamına «sadiq qalan» vəzifəli şəxsləri rayona yeni başçının təyin olunmasına qədər tikinti işlərini başlatmaq istəyirlər. İcra hakimiyyətinin məsul vəzifəliləri sökülən evlərin sakinlərinə deyirlər ki, rayona kənardan yeni başçı təyin oldunarsa, İ.Mehdiyevin digər qanunsuz əməlləri kimi bu tikinti planı da alt-üst ola bilər. Ona görə də gecə-gündüz çalışıb həyəti dağıtmaq lazımdır ki, “yuxarılar” tikintinin aparılmasına razılıq versin…

AZpressAZ_ibrahim__Mehdiyev

AZpressAZ_ibrahim_Mehdiyev_Yasamal_qanunsuz_tikinti_2

AZpressAZ_ibrahim_Mehdiyev_Yasamal_qanunsuz_tikinti_5

AZpressAZ-ibrahim Mehdiyev-Yasamal-qanunsuz tikinti (11)(1)

 

Gununsesi.info






Fikirlər