“Bölgədə ədalət olmalıdır”
AzerTaym.az xəbər verir ki,bunu ANS-in məlumatına görə,İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
İran prezidenti qeyd edib ki, prezident İlham Əliyevin Tehrana səfəri ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edib: "Ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar. Bu gün biz müfəssəl danışıqlar, müzakirələr apardıq. Həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə belə bir razılığa gəldik ki, əlaqələrimizi daha da inkişaf etdirək, bunu daha açıq, daha şəffaf şəkildə həyata keçirək. Araz çayı gərək bizim birliyimizi daha da möhkəmləndirsin. Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir. Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur. Biz çalışmalıyıq ki, biznesmenlərimiz, iş adamlarımız bir-birinə daha yaxın olsunlar və bir-birinin imkanlarından, hər iki ölkənin imkanlarından istifadə edib faydalansınlar. Biz enerji, ticarət, sənaye sahələrində, həm bəndlərin, həm elektrik stansiyalarının tikilməsində və buraya yeni texnologiyaların gətirilməsində, elm və tədqiqat mərkəzlərində bir-birimizlə əlaqə yaratmalı və bir-birimizin inkişafına töhfəmizi verməliyik."
Həsən Ruhani bildirib ki, ölkələrimiz elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər: "Biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək. Biz bu sahədə əməkdaşlıq etməliyik. Bizim ölkələrimiz gözəl Xəzər dənizinin sahilində yerləşir. Bu dənizdən istifadədə hər iki ölkə yaxşı addımlar atmışdır. Bu dəniz dostluq, inkişaf dənizidir. Bu dəniz hər iki millətin inkişafına öz töhfəsini verən dənizdir. O millətlər ki, uzun illər, əsrlər boyu bu dənizin sahilində yaşamışlar və bu dənizin Allahın verdiyi nemətlərindən istifadə etmişlər. Həm balıqçılıqda, həm ekologiya sahəsində, həm də dənizin mənbələrindən istifadədə əməkdaşlıq edə bilərik."
İran prezidenti, həmçinin Qarabağ məsələsinə də toxunub: "Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq. Biz Yaxın Şərqdə, Afrikanın şimalında baş verən böhranla, hadisələrlə əlaqədar müzakirələr, fikir mübadiləsi apardıq. İndi çox böyük bir böhran ətəyimizdən yapışıb. Bu, separatizm, terrorizm, radikalizmdir. Biz istəyirik ki, bunlar bizim bölgədən kənarda olsun və bizim ölkələrdə sabitliyə, sülhə maneə yaratmasın."