MƏNSİMOVdan Türkiyəyə 1.5 milyardlıq SƏRMAYƏ
"Palmali Holding" şirkəti Türkiyənin gəmiçilik, turizm və tikinti sektoruna 1,5 milyard dollardan çox sərmayə yatırıb. Bunu şirkətin Direktorlar Şurasının rəhbəri, azərbaycanlı milyarder Mübariz Mənsimov (Qurbanoğlu) bildirib. Onun sözlərinə görə, bu gün dəniz ilə yükdaşımaları sahəsi heç də yaxşı dövrlərini yaşamır, lakin "Palmali Holding" 2019-2020-ci illərdə bu bazara çıxmağı planlaşdırır. "Palmali Holding"in ixtiyarında 200 gəmi var. Onların bir hissəsi sığortalanıb. Biz ilk fürsətdəcə yeni gəmilər almaq və gəmilərimizin orta yaş həddini 5 il səviyyəsində saxlamaq niyyətindəyik. "Palmali Holding"in əməkdaşlarının sayı 35-45 min nəfərdir. Biz vaxtaşırı olaraq Türkiyədə imkanların qiymətləndirilməsini aparırıq. Ötən il holdinq təqribən 100 milyon ton quru yük, neft və neft məhsulları daşıyıb. Cari ildə də 100 milyon ton yük daşımaq niyyətindəyik. Qara və Aralıq dənizi bazarlarında "Palmali Holding"in payı (3-15 min ton səviyyəsində su tutumu olan gəmilər sinfində) 70 faiz təşkil edir", - deyə Mənsimov bildirib. Şirkətin Direktorlar Şurası rəhbərinin sözlərinə görə, "Palmali"nin İraqın şimalında tərəfdaşı yoxdur və sanksiyalar holdinqin fəaliyyətində heç bir halda təsir etməyəcək. "Holdinqin əsas fəaliyyət sahəsi gəmiçilikdir və bununla əlaqədar olaraq "Palmali" ABŞ və Avropada keçirilən tenderləri izləyir. Əgər holdinq tenderlərdə qalib gələrsə, o zaman öz donanmasını əhəmiyyətli dərəcədə genişləndirə bilər", - deyə Mənsimov qeyd edib. O, Türkiyənin investisiya yatırmaq üçün ən sərfəli ölkələrdən biri olduğunu bildirib: "Türkiyə sərmayə yatırmaq üçün ən sərfəli ölkələrdən biridir və hər gün Bosfor boğazından "Palmali"nin 20-30 gəmisi keçir. Biz BP, "Şell", "Total", "Qrinkor", "Rosneft" kimi şirkətlərlə əməkdaşlığımızı davam etdiririk. "Palmali" dünyanın ən böyük gəmiçilik şirkətlərinin ilk beşliyinə daxildir", - deyə Mənsimov əlavə edib. (Report)