HAKİM TAYFAda misli görünməmiş TƏMİZLƏMƏ: 800 milyard dollar MÜSADİRƏ olunur
Səudiyyə Ərəbistanında baş verən misli görünməmiş proseslər dünyanın diqqət mərkəzindədir. Virtualaz.org xəbər verir ki, vəliəhd şahzadə Muhammed bin Salmanın əmri ilə kral ailəsinin üzvlərinin və məmurların, iş adamlarının ötən həftə sonundan başlayan həbsləri davam edir. Həbs olunanların bank hesabları və digər aktivləri dondurulub, məlumatlara görə həbs siyahısında 500-dən çox adamın adı var. Bu arada “The Wall Street Journal” qəzeti yazıb ki, vəliəhdin rəhbərlik etdiyi korrupsiyaya qarşı mübarizə üzrə Ali komitə cəmi 800 milyard dollarlıq aktivləri və bank vəsaitlərini müsadirə etməyə hazırlaşır. Bu aktivlər həbs olunan şahzadələrə və məmurlara, biznesmenlərə məxsusdur. İndiyədək 60-dan çox adam həbs olunub, onlara qarşı çirkli pulların yuyulması, dövlət vəsaitlərinin mənimsənilməsi, hakimiyyətdən sui-istifadə, rüşvətxorluq kimi ittihamlar irəli sürülüb. Həbs olunanlar Ər-Riyaddakı beşulduzlu “Ritz Carlton” otelində saxlanılır.
Qəzetə məlumat verən mənbə deyib ki, müsadirə olunan aktivlər dövlətə veriləcək. Lakin bu aktivlərin xeyli hissəsi xaricdə olduğu üçün onların Səudiyyə Ərəbistanına gətirilməsi çətin görünür. Bununla belə əgər nəzərdə tutulan aktivlərin bir qismi belə müsadirə edilsə Səudiyyə Ərəbistanı maliyyə vəziyyətini xeyli düzəldə bilər. Neftin ucuzlaşmasından sonra bu ölkə ehtiyatlarını sürətlə xərcləyib, hətta xaricdən borc almalı olub. Analitiklər Səudiyyə Ərəbistanında baş verən prosesləri kral Salmanın sevimli oğlu və vəliəhdi Muhammedin atasından sonra hakimiyyəti öz əlində cəmləşdirmək məqsədi ilə izah edirlər. Virtualaz.org