2017-ci ilin yekunu: siyasətdə durğunluq, iqtisadiyyatda TƏZADLAR...

Ekspertlər yola saldığımız ili dəyərləndirir

2017-ci ilin 11 ayı arxada qalıb. İl sonu yaxınlaşdıqca, bu ilin həyatımızda, ölkəmizin həyatındakı yerini müəyyənləşdirmək ehtiyacı yaranır. Bu ehtiyacı nəzərə alaraq, 2017-ci ilin Azərbaycanın iqtisadi və siyasi həyatındakı yeri ilə bağlı sahə mütəxəssislərindən rəy aldıq.

Siyasətdə sabitlik oldu

Ümid Partiyasının sədri, siyasətçi İqbal Ağazadə bu ilin siyasi baxımdan 2016-cı ilə nisbətən durğun keçdiyi qənaətindədir: “Əvvəlki ilə nisbətən sakit və durğun  keçdi. Nə pozitiv, nə də neqativ qiymətləndirmək mümkün deyil, sabit bir il oldu. Durğunluq bütün sferalara təsirini göstərdi. 2016-cı ildəki kimi kataklizmlər müşahidə olunmadı. Nə dünyada, nə regionda, nə də Azərbaycanda qlobal problemlər həllini tapmadı. Eləcə də Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi həllini tapmadı”.

Partiya sədri hesab edir ki, 2018-ci il bu ilə nisbətən hadisə və proseslərin canlanması gözləniləndir: “Qarşıda prezident seçkiləri var. İstər-istəməz seçkilərə görə dinamiklik artacaq. Bu baxımdan, builki kimi durğun il olmayacaq”.

İqtisadçı-ekspert Natiq Cəfərli 2017-ci ildə ölkənin iqtisadi həyatındakı mənfi tendensiyalar kimi bank sektorunda baş verən prosesləri xüsusi qeyd edir: “Bank sistemindəki təlatümlərin davam etməsi, xarici borcluların Beynəlxalq Banka qarşı iddia qaldırması, dövlətin bu banka məxsus 3,3 milyard dollarlıq xarici borcunu öz üzərinə götürməsi, 10 milyard manatlıq daxili borcunun silinməsi iqtisaiyyatımızdakı mənfi tendensiyalardandır. Bank sisteminin sağlamlaşdırılması tədbirləri, təəssüf ki, gözlənilən nəticəni vermədi: problemli kreditlərin həcmi artır, ölkə iqtisadiyyatının kreditləşməsi üçün yeni xətlərin açılması prosesi yubanır, bank sistemi normal fəaliyyət göstərə bilmir”.

ÜDM-in azalması tempi aşağı düşsə də, 2017-ci ili 0,8 faizliq iqtisadi geriləmə ilə başa vurmaqdayıq: “Bu, on aylıq göstəricidir, yekun rəqəm ilin sonunda məlum olacaq. Yəni bu il iqtisadiyyatın böyüməsi deyil, əksinə, daralması müşahidə olundu. Digər mənfi tendensiya ikirəqəmli inflyasiyanın qeydə alınmasıdır. Rəsmi məlumata görə, 14 faizlik inflyasiya var, ərzaq inflyasiyası 18 faizdir. Bu isə il ərzində qiymətlərin kəskin artımına dəlalət edir. Əhalinin nominal gəlirlərində 7 faiz artım olsa da, inflyasiyanı nəzərə aldıqda, bu gəlirlərin inflyasiyanın yemi olduğunu, 7 faiz azaldığını görmək olur”.

Ekspert bildirir ki, il ərzində manatın dollara nəzərən məzənnəsi sabit saxlansa da, digər valyutalara nisbətdə ciddi geriləmələr qeydə alınıb: “Bu baxımdan, manatın avro, İsveçrə frankı, Böyük Britaniya funsterlinqi kimi valyutalara nəzərən geriləməsi baş verdi. Təkcə avroya qarşı manat 14 faiz dəyər  itirdi ki, bunun nəticəsində də avrozonadan gətirilən məhsullar daxili bazarda daha sürətlə bahalaşdı”.

BTQ işə düşdü, ölkəyə daha çox turist gəldi

İqtisadiyyatda qeydə alınan müsbət tendensiyalardan N.Cəfərov ötən il təsdiq olunmuş yol xəritələrinin icrası istiqamətində atılan addımları qeyd etdi: “Düzdür, hələ bu addımların effekti hiss olunmur, lakin onların atılması özlüyündə müsbət tendensiyadır: hökumət, nəhayət ki, bəzi sahələrdə problemlərin olduğunu etiraf etdi. Bu il ölkəyə turist axını əvvəlki ildən daha güclü oldu, turizm sahəsində müsbət dəyişiklik qeydə alındı. Bu da idarəetmədə bəzi dəyişikliklərin edilməsi sayəsində əldə olundu. Məsələn, ASAN vizanın tətbiqi və sair. Bundan əlavə, kənd təsərrüfatında artım var -  aqrar məhsulların ixracı 3 faizədək artıb. Burada ixrac bazarı kimi Rusiyadan asılılığın qalması təəssüf doğuran haldır”.

Regional əhəmiyyətli “Bakı-Tiflis-Qars” dəmiryol xəttinin açılması ilin daha bir müsbət hadisəsidir: “Düzdür, yaxınmüddətli dövrdə bu xətdən yüksək iqtisadi dvidentlər gözlənilmir. Lakin 10 ildən bəri davam edən bu layihənin yekunlaşması müsbət hadisədir. Daha bir müsbət hadisə ”Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə 2-ci hasilatın pay bölgüsü sazişinin imzalanmasıdır. Bunun nəticəsində yaxın illərdə yalnız bonuslar şəklində Azərbaycana 2 milyard dollara yaxın vəsait daxil olacaq. Bundan əlavə, 8 milyard dollar əlavə investisiya yatırımı olacaq".

Gələn il üçün iqtisadiyyatdakı gözləntilərə gəlincə, iqtisadçı-ekspert əhalinin marağında olan manatın məzənnəsi ilə bağlı mümkün versiyaları dilə gətirdi: “Azərbaycan iqtisadiyyatı neftə bağlı olduğu üçün bu məhsulun dünya bazarındakı qiymətinin buradakı proseslərə təsiri güclü olaraq qalacaq. Neft bütün parametrlər üzrə aparıcı rolunu saxlayacaq. Gələn ilin büdcəsində neftin qiymətindəki yüksəlişə hesablanmış 4 milyard manatlıq artım hökumətin böhrandan əvvəlki praktikaya qayıdışı deməkdir. Belə ki, bu artımın 3,3 milyard manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə yönəldiləcək. Bu xərclər təmir-tikinti istiqamətli olduğu üçün bir tərəfdən müsbətdir -  dövlət qoyuluşları hesabına bu sektorda artım olacaq, xeyli sayda insan üçün iş yeri yaradılacaq. Lakin bu, həm də mənimsəmə və korrupsiya fəaliyyətlərinin güclənməsi üçün zəmin yaratmış olacaq”.

Image result for İqtisadçı-ekspert Natiq Cəfərli

N.Cəfərlinin fikrincə, gələn il manatın məzənnəsi neft qiymətləri və ABŞ Federal Ehtiyat Sisteminin(FED) uçot dərəcəsini artırma tempindən asılı olacaq: “Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirdi ki, gözlənilməz xarici şoklar olmasa, gələn il manatın məzənnəsi sabit olacaq. Düşünürəm ki, bu xarici şoklardan birincisi neftin dünya bazar qiymətidir.  Hazırda bu qiymətlər Azərbaycan üçün komfortlu həddədir. Lakin onun nə qədər belə qalacağını söyləmək çox çətindir. Çünki obrazlı desək, OPEK və Rusiya qiymətləri artırmaq üçün bütün güllələri xərcləyiblər. Onların qiyməti artırması ABŞ və Kanadada hasilatın artmasını stimullaşdırıb. Bu isə gələn il qiymətlərin indikindən azı 10 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər.

Digər tərəfdən, FED-in dekabr ayında bir dəfə uçot dərəcəsini artırması, gələn il isə 4 dəfə belə qərar qəbul etməsi nəzərdə tutulur. Hər nə qədər deyilsə də ki, FED qərarlarının Azərbaycandakı məzənnə siyasətinə təsiri olmur, düşünürəm ki, FED qərarları ilə dünyada dollar bahalaşarsa, bunun ölkəmizə təsiri mütləq olacaq. Bu iki amilin təsiri ilə manata təzyiqlər güclənə bilər. Bu halda hökumətin yeganə çıxış yolu tədricən manatın məzənnəsinin aşağı salınması ola bilər. Əks halda, Mərkəzi Bank öz valyuta ehtiyatlarından qısa müddətdə məhrum ola bilər. Bu baxımdan, əvvəlki kimi birgünlük kəskin devalvasiyalar olmasa da, manatın tədricən dəyərsizləşməsini görə bilərik".






Fikirlər