Milli valyuta olan manatın devalvasiya ehtimalları yenidən səslənməkdədir. Artıq manat 1,050-lik psixoloji həddi keçərək 1,06-ya yaxınlaşır. Yəni ilin əvvəlində devalvasiya olarkən dolların manata nisbəti 1,05 manatla adekvat idisə, indi bu rəqəm 1,06-ya yaxınlaşmaqdadır. Əksər ekspertlər bildirirlər ki, 2015-ci ilin sonuna qədər manatı qorumaq mümkün olmayacaq. Yəni manat yenidən öz dəyərini, həm də ciddi şəkildə itirəcək.
Əksər ekspertlərin fikrincə, manatın devalvasiyası qaçılmazdır. Milli valyutanın ilin sonuna qədər dəyərini saxlaya biləcəyi sual altındadır. Neftin qiymətinin artmaması, valyuta ehtiyatlarının getdikcə azalması, Federal Rezerv Sisteminin də faiz dərəcəsini artıracağı ehtimalları devalvasiyanı qaçılmaz edir.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində manatın yüngül səviyyədə ucuzlaşması müşahidə olunmaqdadır: “Artıq iki həftəyə yaxındır ki, bunu izləyirik. Manat psixoloji hədd olan rəsmi 1,05-lik həddi keçib. Bu günün rəsmi məzənnəsi artıq 1,520-dən üstündür və valyutadəyişmə məntəqələrində satışlarda artıq 1,06-ya yaxınlaşmaları görürük. Artıq yüngül də olsa, addım-addım bu prosesin başlanmasının şahidi olmuşuq. Mərkəzi Bankın son açıqlamalarında da görünür ki, valyuta ehtiyatlarının azalması davamlı şəkildə hər ay gedir. Əvvəlki aylardakı kimi hər ay 1 milyard və daha yüksək rəqəmlər olmasa da, vəsaitlər xərclənir. Artıq son açıqlamalarında da görünür ki, sentyabr və oktyabrda hər ay 300 milyon civarında azalmalar baş verib.
Azalmanın sürəti artır. Ehtimallara görə, bu ay daha çox valyuta ehtiyatlarının xərclənməsi gözlənilir. Bu rəqəm yenə bir milyarda yaxınlaşa bilər. Bunun özü isə onu göstərir ki, Mərkəzi Bank yaxın zamanda öz ehtiyatları hesabına manatın məzənnəsinin hətta indiki səviyyədə saxlanmasını belə bacarmayacaq. Müəyyən müddətdən sonra üzən məzənnə adı altında devalvasiya başlanacaq. Dekabrın əvvəlində rəsmi rəqəmləri götürmək lazımdır. Hesablamalara görə, oktyabra nisbətən daha çox valyuta xərclənəcək. Artıq Mərkəzi Bankın manatı sabit saxlamağa gücü çatmayacaq. Müəyyən müddətdən sonra üzən məzənnə adı altında manat yenə ucuzlaşdırılacaq. Əslində ölkədə bunun üçün, yəni üzən məzənnəyə keçid üçün heç bir zəmin yoxdur. Çünki Azərbaycanda normal iqtisadi model qurulmayıb. Bu ad altında yüngül addımlarla hər gün, hər həftə atılacaq addımlarla tənzimlənən şəkildə Mərkəzi Bank manatın məzənnəsinin ucuzlaşdırılmasına gedəcək. Bu prosesin ilkin addımlarını biz görürük”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqdadır və bu, manatın devalvasiyasına gediləcəyinə ciddi əsas yaradır: “Noyabr ayının nəticələri dekabrda elan olunacaq. Güman edirəm ki, azalma səngiyəcək bir qədər. Çünki əhalidə manat da azalıb. Dollara dəyişiləsi bir şey yoxdur. Buna görə də yəqin bu il devalvasiya olmaz. Düzdür, dekabrda böyük ehtimalla Federal Rezerv Sistemi faiz dərəcəsini artıracaq, nəticədə manat bir az ucuzlaşa bilər. Amma əsas yük gələn həftə olacaq. Çünki ilin əvvəlinə dövriyyədə manat artacaq. Bu da manatın dollara dəyişdirilməsi prosesini davam etdirə bilər”.
Ekspert Qubad İbadoğlu isə deyib ki, getdikcə manatı qorumaq çətinləşir: “ABŞ-da iqtisadi artımla bağlı optimist gözləntilərin özünü doğrultması bütövlükdə dünya iqtisadiyyatında yeni tendensiyalar formalaşdırmaqdadır. Aşağı neft qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı olaraq aparılan liberallaşdırma siyasəti bu ölkədə iqtisadi artımı, məşğulluğu, deflyasiyanı və birbaşa xarici investisiyaları stimullaşdırır”.
Onun sözlərinə görə, ABŞ-ın Federal Ehtiyat Sistemi- FES bu il üçün 2 faizlik hədəf inflyasiyası elan edib. Proqnozlara görə, 2015-ci ildə ABŞ-a birbaşa xarici investisiyaların həcminin 11 faiz artaraq 1,4 trilyon dollara çatacağı gözlənilir. Bütün bu müsbət tendensiyalar ilk növbədə ABŞ dollarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir: “Bununla yanaşı, ABŞ FES Açıq Bazar Komitəsinin 15-16 dekabrda keçiriləcək növbəti toplantısında banklar üçün uçot dərəcəsinin yüksəldiləcəyi ilə bağlı ehtimallar digər valyutalara, o sıradan da manata olan təzyiqi biz az da artırır”.
Ekspertin sözlərinə görə, bundan başqa, Avropa Mərkəzi Bankının monetar genişlənmə proqramını davam etdirməsi avronun dollara nəzərən məzənnəsini aprel ayından sonra ən aşağı səviyyəyə salıb:“Beləliklə də xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərdən Azərbaycan manatı da təsirlənməkdədir. Xüsusilə də son günlər ABŞ dollarının avroya nəzərən məzənnəsinin daha da möhkəmlənməsi Azərbaycanda nağd dollara tələbatı bir az da artırıb, həmçinin cəmi depozit bazasının valyutalar üzrə strukturunda bu ildən başlayan dəyişikliyi sürətləndirib”.
Ekspert qeyd edib ki, getdikcə zəifləyən manat yalnız daxili bazarın vəziyyətindən qaynaqlanan təsirlərə deyil, həm də xarici makroiqtisadi şoklara reaksiya verməkdədir: “Nəticədə manata olan işgüzar inam gündən-günə azaldığından onu qorumaq Mərkəzi Banka getdikcə baha başa gəlməkdədir. Şübhəsiz ki, neft qiymətlərinin artması ehtimalının olmadığı yaxın illərdə valyuta bazarında müşahidə olunacaq şokları, sadəcə, valyuta rezervlərini xərcləməklə tənzimləmək perspektivi görsənmir. Yeni və təminatlı siyasət isə bütövlükdə iqtisadiyyatın, ayrıca isə valyuta bazarının liberallaşdırılması ola bilər. Milli iqtisadiyyat liberal bazar tənzimlənməsinə keçid nə qədər tez təmin olunarsa, bir o qədər də tez dövlətin xərci azala və manatın iqtisadi əsaslarla formalaşma dövrü başlaya bilər. Əks tədqirdə, nominal olaraq məzənnəsi qorunan, amma reallıqda dəyəri və iqtisadiyyatda rolu getdikcə aşağı düşən manatı xilas etmək mümkün olmayacaq. Bu sahədə islahatlar həm də hazırda qeyri-müəyyən şəraitdə gözləmə mövqeyində durub, yaxın gələcəkdə sabit və işgüzar rejimdə fəaliyyət göstərmək istəyən sərmayəçilər və sahibkarlar üçün də vacibdir”.