“Əhali pullarını yastığın altında saxlayır” - Baş bankirdən manat açıqlaması
“Xatırlayırsınızsa, təxminən 10 il əvvəl manatın kursu ancaq yüksəlirdi. O qədər yüksəlmişdi ki, əhalinin dollara marağı itmişdi. Mərkəzi Bank isə valyuta bazarına fəal intervensiya həyata keçirərək çalışırdı ki, milli valyutanın kursu hansısa ağlaban həddi aşıb keçməsin. Əhali pullarını manatla saxlayırdı, dolları və digər valyutaları az qala yaddan çıxarmışdı. Ölkədə dedollarizasiya prosesi gedirdi”. Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov virtualaz.org saytının əməkdaşı ilə söhbətində deyib. Mərkəzi Bank rəhbəri bildirib ki, fevral devalvasiyasından sonra əks proses - dollarlaşma başladı. Manata maraq azaldı, həm fiziki, həm də hüquqi şəxslər öz vəsaitlərini əsasən dollara çevirdilər. Nəticədə isə dövriyyədən əhəmiyyətli miqdarda manat kütləsi çıxır və Mərkəzi Bankın anbarlarına yığılır. E.Rüstəmov deyir ki, anbarlarda saxlanılan əsginasların qiyməti yalnız onun çapına sərf olunmuş vəsaitlə - qəpiyin hansısa hissəsi ilə ölçülür. Hərçənd ki, bu pullar dövriyyədə olsa iqtisadiyyata özünün nominal dəyəri həcmində fayda verə bilərdi. Bu isə milyardlarla manat deməkdir. Elman Rüstəmovun sözlərinə görə, son bir ildə dollarla saxlanılan əmanətlərin və yığımların həcmi hər ay artır. Əgər ötən ilin yekunlarına görə dollarla olan əmanətlərin və yığımların həcmi 6 faiz artmışdısa, təkcə bu ilin 9 ayında həmin pul kütləsinin az qala yarısı dövriyyədən çıxıb və anbarlarda öz saatını gözləməkdədir. Ölkədə əmanətlərin dollarlaşması səviyyəsi isə 75 faizi keçib. Mərkəzi Bank rəhbəri manat kütləsinin iqtisadiyyatın tələbatını tam ödədiyini deyib. O, ÜDM-in artdığı bir vaxtda manat kütləsinin niyə azaldığı haqda suallara cavab olaraq bildirib ki, Mərkəzi Bankın statistikasında ÜDM-in real artımından yox, nominal artımından bəhs edilmişdi. Çünki bu cür statistikalarda ÜDM-in nominal dəyəri əsas götürülür. E.Rüstəmov dövriyyədəki pul kütləsinin azalmasının səbəblərini izah edərək deyib ki, azərbaycanlılar həmişə sanballı miqdarda nağd pul saxlamağı xoşlayıblar. Yəni insanlar bank sektoruna və kredit kartlarına o qədər də etibar etmirlər. “Təsəvvür etmək çətindir ki, hansısa amerikalı cibində 10-20 dollardan artıq nağd pul saxlayar. Xırda kupyurlar ona çaypulu verməyə lazımdır, bütün qalan ödənişlərini isə bank kartı ilə həyata keçirir. Ona görə də pullar həmişə dövriyyədədir. Azərbaycanda isə yaxşı qazancı olan istənilən şəxsin cibində yəqin ki, azı bir neçə yüz manat tapmaq olar. Üstəlik daha bir neçə min dolları da hər ehtimala qarşı evində saxlayır”- baş bankir deyir. E.Rüstəmovun bildirdiyinə görə, azərbaycanlılar hazırda 50 və 100 manatlıq kupyurları da kütləvi şəkildə yığıb saxlayırlar. Bu kupyurların sayı dövriyyədə ilin əvvəlindən iki dəfə azalıb. Ölkə miqyasında isə bu, milyardlarla manat deməkdir. Həmin pullar banklarda saxlanılmayıb, dövriyyədən çıxarılıb və nəticədə Mərkəzi Bankın hesabladığı pul kütləsinə daxil deyil. “Əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlamağa üstünlük verir. İnsanlar dollar almağa milyardlarla manat xərcləyir və sonra valyutanı yastığın altına qoyurlar. Bu dollar kütləsi iqtisadiyyata heç cür xidmət etmir, eynilə Mərkəzi Bankın anbarlarına yığılan manat kütləsi kimi”- deyə E.Rüstəmov vəziyyəti izah edir. Mərkəzi Bank rəhbəri ölkədə dollarlaşmanı azaltmaq üçün tədbirlər görüldüyünü bildirib. Məsələn, daşınmaz əmlakın alqı-satqısı əvvəl dollarla aparılırdısa, indi manata keçirilib. Hərçənd ki, bəzən tərəflərin vergidən qaçmaq üçün öz aralarında xəlvəti sövdələşmə etməsi istisna deyil. Həmçinin avtomobil bazarında dedollarizasiyanı azaltmağa imkanlar var. Etibarnamə ilə maşın idarə edənlərə qarşı tələblər sərtləşir və nəticədə qeyri-leqal avtomobil bazarı leqallaşır. Monetar və fiskal nəzarət gücləndirilir, kölgə iqtisadiyyatına qarşı mübarizə aparılır. Və bütün bu tədbirlər öz nəticəsini verməkdədir. Həmçinin iqtisadiyyatın pul kütləsinə olan tələbatı ödənilir. Mərkəzi Bank bir sıra iri layihələri dolayısı yolla maliyyələşdirməklə monetar siyasətini genişləndirir. Bu isə likvidliyin artmasına imkan yaradır. “Biz ilin sonuna qədər Beynəlxalq Banka 3 milyard manatın ayrılmasını başa çatdıracağıq. Bu vəsaitin 2 milyard manatı artıq banka daxil olub. SOCAR-a ölkənin qazlaşdırılmasını başa çatdırmaq üçün 0,5 milyard manat ayrılıb. Biz bankların rezerv normalarını da aşağı salmışıq, bu da pul kütləsinin artmasına təsir edəcək”- deyə Elman Rüstəmov bildirib.(Azərtaym.az)