Səməd Seyidov Fransa səfirini qəbul edib FOTO
ADU-dan verilən xəbərə görə, qonağı salamlayan rektor Səməd Seyidov onu qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edib və universitetdə görməkdən məmnun olduğunu bildirib. ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor, professor Səməd Seyidov universitetin bir çox universitetlərlə, o cümlədən Fransanın Strasburq universiteti ilə əməkdaşlıq etdiyini sözlərinə əlavə edib. O, universitetdə fransız dilinin yüksək səviyyədə tədris olunduğunu dedi və tələbələrin bu dilə böyük maraq göstərdiyini bildirdi. Rektor, professor Səməd Seyidov universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirdi və müəllim-tələbə mübadiləsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. Səfir universitetdə fransız dilinin tədris olunmasını yüksək qiymətləndirib. O, fransız dilinin tədrisi nəticəsində ikitərəfli əlaqələrin daha da möhkmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.