Zahid Oruc: "Azərbaycan ABŞ və Rusiya generallarının DANIŞIQLAR prosesinin GİZLİLİYİNƏ zəmanət verir"

ABŞ və Rusiya generalları yenə Bakıda görüşəcək - detallar

ABŞ silahlı qüvvələrinin generalı, NATO-nun Avropadakı birləşmiş qoşunlarının komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov yanvarın 26-da Bakıda görüşəcəklər. Virtualaz.org “The Wall Street Journal”a istinadən xəbər verir ki, generalların görüşündə Ukraynaya dair vəziyyət də müzakirə olunacaq. Hərçənd onların görüşünün bilavasitə səbəbi Ukrayna deyil. Həmin gün Dubayda Putinin xüsusi nümayəndəsi Vladislav Surkovla ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker də görüşəcəklər. Onlar Ukraynanın şərqindəki münaqişənin dayandırılması üçün sülh planının bərpası barədə danışacaqlar.

Generallar Skaparotti və Gerasimovun yanvar ayında Bakıda görüşəcəklərinə dair məlumatı bundan əvvəl “BuzzFeed” nəşri yaymışdı. Görüş barədə razılıq generallar arasında telefon danışığı zamanı əldə olunub. Gözlənilir ki, Skaparotti və Gerasimov Bakıda Azərbaycan hərbi-siyasi rəhbərliyi ilə ayrıca danışıqlar da keçirəcək.

Qeyd edək ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü də Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşüb.

Sözügedən iki görüş üçün niyə məhz Bakının seçilməsinə gəlincə, hələ o zaman “Nyu York Times” qəzeti yazmışdı ki, məkanın seçimi asan olmayıb. Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazırdı ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. V. Gerasimovun Ukraynadakı hərbi müdaxilənin əsas fiqurlarından olduğu iddia edilir, sanksiya da bu səbəbdən tətbiq olunub. Nəticədə son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib.

Bakıda ötən ilin 18 fevralında ABŞ və Rusiya baş qərargah rəislərinin görüşündən iki gün sonra isə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, görüş üçün Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Prezidentdən sitat: “Bizə yaxınlaşaraq görüş üçün Bakının seçilməsinə razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Generallar ilk dəfə Bakıda görüşdü”.

2017-ci ilin sentyabr ayında keçirilən görüş barədə isə beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase bildirimişdi ki, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüş Azərbaycanın sülh, xalqlar arasında dialoqa böyük töhfə verdiyini göstərir: “Bakı son onilliklər ərzində iri çoxtərəfli müzakirələrin, razılaşmaların aparıldığı bir çox Avropa şəhərlərini xatırladır. Təəccüblü deyil ki, Azərbaycan iki dəfə ABŞ, NATO və Rusiya hərbi liderlərinin görüşünün məkanı seçilib. Son on ildə Azərbaycan öz balanslı siyasəti, iqtisadi inkişafı və yoxsulluqla uğurlu mübarizə siyasəti ilə seçilir. Özünün ərazisinin 20 faizi ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq Azərbaycan bütün dünyada sülh və stabillik tərəfdarıdır”.

NATO və Rusiya generallarının üçüncü görüşünün də Bakıda keçirilməsini, bir-biri ilə münasibətləri gərgin olan iki dünya gücünün bir il ərzində üçüncü dəfə görüş üçün Bakını seçməsini “Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc bildirdi ki, 2017-ci ilin əvvəllərində ABŞ və Rusiya generalları Bakıda görüşəndə bəziləri bunu təsadüf adlandıra bilərdilər. Lakin ondan sonra NATO-nun yüksək çinli nümayəndəsi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüş üçün Bakını seçməsi, indi də yanvarın 26-da keçiriləcək görüş sübut edir ki, Azərbaycanın beynəlxalq məkanda etibarlı bir siyasi imici formalaşmaqdadır: “Birinci növbədə biz həqiqətən də müstəqil bir ölkəyik və biz Rusiya əleyhinə Avroatlantik məkanın barrikadasında, hərbi cəbhəsində yer almaqdan uzağıq. Həmçinin biz Rusiya cinahından Avroatlantik məkana qarşı döyüşmürük. Biz bölgədə müharibəni körükləyən ölkə deyilik. Azərbaycanın regional mövqeyi onu diplomatik siyasi paytaxta çevirir. Nə Ermənistanda, nə də Gürcüstanda belə görüşləri keçirmək mümkün deyil. Azərbaycan bu tədbirlər üzərindən birinci növbədə beynəlxalq sülhə və təhlükəsizliyə xeyir verməyə çalışır. Biz həm də burada seçilən mövzuların düzgün nəticə verməsində maraqlıyıq. Azərbaycan çox maraqlıdır ki, ABŞ və Rusiya Bakıda razılaşsınlar. Bizə bəllidir ki, indi keçirilən görüşdə seçilən əsas mövzu Yaxın Şərq məsələsi və Ukraynadır. NATO-nu narahat edən məsələlər var. Onlar bura gəlirlər ki, bu kimi ciddi məsələləri danışsınlar. Azərbaycan isə bağlı qapılar arxasında prosesin gizliliyinə zəmanət verir. Bu görüşün keçirilməsinə ciddi hazırlıqlar görülür. O biri yandan dövlətimizin başçısı sonradan hər iki tərəfi qəbul edir və bu tribunadan maksimum dərəcədə ölkəmizin mənafeyi üçün yararlanır. Lakin ən önəmli məsələ odur biz çox arzulayırıq ki, Bakıda kompromislər tapılsın və qərarlar beynəlxalq məkanda vəziyyətə təsir eləsin. Biz istəyirik ki, Bakıdan onlar nəticə ilə çıxsınlar. Bu yaxşı bir praktika yaradır”. 

Bir sıra ekspertlər isə hesab edir ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsi Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətinin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynaması ilə bağlıdır. Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın həm Rusiya, həm də NATO ilə normal əməkdaşlıq münasibəti var. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında fəal iştirak edir və eyni zamanda heç bir hərbi-siyasi blokun üzvlüyünə can atmır. Ölkəmizin regionda və dünyada gedən proseslərə, münaqişələrin həllinə ayrı-ayrı güclərin deyil, beynəlxalq hüququn norma və prinsiplərindən yanaşması da qlobal güclərin seçiminə öz müsbət təsirini göstərir. Bu amillər də Bakının bir il ərzində üçüncü dəfə qlobal güclərin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsində rol oynayır.

 "Yeni Müsavat"






Fikirlər