Generallar Skaparotti və Gerasimov telefonla danışıb BAKIYA GÖRÜŞ təyin etdilər

Amerika generalı, NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kartis Skaparotti yaxın günlərdə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək.

Virtualaz.org xəbər verir ki, bu barədə Amerikanın BuzzFeed saytı ABŞ və Avropa İttifaqı rəsmilərindən ibarət anonim mənbələrə istinadən bildirir.

Mənbələr qeyd edirlər ki, bu NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi arasında Barak Obama administrasiyasının Krım və Ukrayna hadisələrinə görə hərbi kanallarla təmasları kəsmək barədə qərarından sonra baş tutacaq ilk görüş olacaq.

Bir mənbə bildirib ki, generallar Kartis Skaparotti və Valeri Gerasimov Bakı görüşü barədə öz aralarında telefonla razılığa gəliblər. Telefon danışığı zamanı generallar hərbi kommunikasiyaların qurulmasına dair qarşılıqlı maraq ifadə ediblər.

Xatırladaq ki, 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirmişdi.

Ötən ilin fevralında isə ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford rusiyalı həmkarı Gerasimovla görüş üçün Bakını seçmişdi.

NATO və Amerika ordu komandanlarının indiki gərbin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün Bakını seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşıduran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Bu görüşlərdə aparılan müzakirələrə dair detallı müzakirələr yoxdur, ancaq ehtimal edilir ki, komandanlar Qərblə Rusiya arasındakı indki siyasi gərginliyin hərbi müstəviyə keçməməsi üçün kommunikasiyaları açıq saxlamağa çalışırlar






Fikirlər