Son illər digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sağlam qida məsələsi gündəmdədir.
Onkoloji xəstəliklərin artması, hormonal pozğunluqlar, sonsuzluğun çoxalması insanlarda ciddi narahatlıq yaratmağa başlayıb. Xüsusən də geni dəyişdirilmiş məhsulların (GMO) bazarlarda artması, insanların bu zərərli məhsullardan daha çox istifadə etmələri böyük problemlərə yol açır.
İnkişaf etmiş ölkələrdə müstəqil ekspertlərin, qida mühəndislərinin, eləcə də həkimlərin apardığı araşdırmalar zamanı broyler fabriklərinin istehsal etdiyi toyuqlarla bağlı da tükürpədici faktlar ortaya çıxıb. Belə ki, həmin toyuqların, eləcə də onların yumurtalarının insan orqanizminə mənfi təsir göstərdiyi, hətta təhlükəli xəstəliklər yaratdığı məlum olub.
AzerTaym.az xəbər verir ki, "Reytinq” qəzetinin apardığı araşdırma zamanı məlum olub ki, əksər inkişaf etmiş ölkələrdə bu məhsullardan istifadə etmirlər, hətta bəzilərində bunun istehsalı qadağandır.
Maraqlıdır, broyler toyuları həqiqətənmi insan orqanizminə zərərlidir? Azərbaycanda istehsal olunan bu toyuqlarla bağlı vəziyyət necədir?
Bu və ya digər suallarımızı cavablandıran eskpertlər vəziyyətin kritik olduğunu bildiriblər.
Broylerlərin təhlükəsi
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist Elçin Bayramlı "Reytinq”ə deyib ki, broyler toyuğu və onun yumurtaları insan orqanizminə zərərlidir. Onun sözlərinə görə, broyler toyuğu və yumurtası ucuz olduğundan əhalinin aztəminatlı hissəsi üçün əlverişlidir:
"Bu məhsulları çox istehlak edənlər pula qənaət etdiklərini düşünürlər. Lakin sağlamlıq hər şeydən də üstündür. Bu gün qənaət edilən pullar tezliklə min dəfələrlə daha çox geri qayıdacaq - sağlamlığın bərpası üçün. Bir çox hallarda isə bu, pul müqabilində mümkün olmur”.
Toyuq yemlərinə insan üçün zərərli maddə qatılır
E. Bayramlı deyib ki, broyler toyuqları dəhşətli şəraitdə saxlanır, Günəş, işıq görmür, hərəkət etmir, dar qəfəsdə, sanki badımcan yetişdirilir:
"Gündə iki dəfə süni işıqlandırmanı tədricən artırıb azaldır və toyuqları aldadırlar ki, elə bilsinlər 2 gün keçib 2 dəfə yumurtlasınlar. Bu toyuqlar kimyəvi dərmanlar və hormonal tərkibli süni yemlərlə böyüdülür və artıq onun ətində, yumurtasında təbii heç nə qalmır. Əksinə, sağlamlığa zərər verir.
Bu toyuqlara verilən yemlər genetik modifikasiya olunub və həmin yemə də insan orqanizmi üçün olduqca zərərli kimyəvi maddə - Dioksin də vurulur ki, bu da kəsildikdən uzun müddət sonra xarab olmamasını təmin edir”.
E. Bayramlının sözlərinə görə, daha bir fakt ondan ibarətdir ki, bütün dünyada broyler fabrikləri 1 ton yemə Avropadan alınan 1 kq Premix hormonu qarışdırırlar. Bunun tərkibində antibiotiklər var ki, toyuqlar xəstəliklərə tutulmasınlar. Bu antibiotiklər verilən quşlarda bağırsaq florası inkişaf etmir, toyuqda sürətli və saxta kütlə yaradır. Buraya əlavə Ostrogen hormonu qarışdırılır ki, gündə 2 dəfə yumurta versin.
Təhlükəli qidalar oğlanlarda qadın hormonlarını artırır
Ekspert bildirib ki, Ostrogen çox təhlükəlidir, hətta ana bətnindəki oğlan uşağının cinsi orqanlarını inkişafdan saxlayacaq, gələcəkdə qadın xüsusiyyətlərinə sahib olmasına səbəb olacaq qədər dəhşətli təsir göstərir. Onun qənaətincə, xüsusən də, qadın hormonlarının sayını artırması təhlükəlidir:
"Məlum olduğu kimi, kişilərdə kişi hormonları ilə yanaşı qadın hormonları da var. Bu hormonların nisbəti dəyişəndə, yəni kişilərdə qadın hormonları süni olaraq çoxalanda nəticəsinin necə olduğunu deməyə ehtiyac da yoxdur, hamıya aydındır. Son dövrlərdə cinsi azlıqların sayının artmasında hormonal qidaların payı çox yüksəkdir. Qadınlarda da hormon balansı korlandıqda ciddi fəsadlar verir.
Yumurtalar da insan üçün təhlükəlidir
Bundan başqa, Premiksə Lifekorotin adlı maddə qatılır ki, yumurtanın sarısı daha sarı olsun, təbii yumurtaya oxşasın. Hətta yumurta özü tünd rəngdə olur və təbiilik təəssüratı yaradır.
Bu quşlara öz peyinlərini yedirdirlər ki, tez kökəlsinlər. Həmçinin, antobiotiklər qəbul etdirilir ki, xəstəliklərə davamlı olsunlar. Bir sözlə, bu toyuq və onun yumurtasında təbii olan heç nə yoxdur. Tam süni kimyəvi məhsuldur”.
Müsahibimiz başqa məqama da toxunub. O bildirib ki, xərçəng xəstəliyi hüceyrə səviyyəsində ciddi dəyişilik, daha doğrusu, hüceyrələrin öz funksiyasını yerinə yetirə bilməməsi nəticəsində yaranır: "Bu və ya bu kimi süni kimyəvi qidalar isə heceyrə səviyyəsində dəyişilik aparır. Orqanizm qida olaraq yalnız təbii məhsul qəbul etməlidir. Hər hansı bir süni məhsul zərərlidir.
Satışdakı toyuqların çoxu şişmiş olur. Bu, hormonal dərmanların birbaşa göstəricisidir. Arıq toyuqlar isə ölmüş toyuqlardır ki, dərhal paketlənib satışa göndərilir və kənd toyuğu adı ilə satılır. Hətta bunların ayağına sarı rəngli dərman da vururlar ki, guya yağlı kənd toyuğudur. Artıq istehsalçılar əhalini lap axmaq yerinə qoyub. Mağazalarda broyler toyuğunun üstünə "kənd toyuğu”, yumurtasının üstünə isə "kənd yumurtası” yazıb satışa qoyurlar. Özü də bu toyuq 2-3 manata, yumurta da 15 qəpiyə satılır. Halbuki, bazarda əsil kənd toyuğu 10 manat civarında, kənd yumurtası isə 30 qəpikdir.
Dəhşət orasıdır ki, Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev utanmadan iddia edir ki, broyler fabrikləri keyfiyyətli kənd toyuğu və yumurtası istehsal edirlər.
Broyler toyuğunun yumurtası prostat xərçəngi yaradır
Hətta ən inkişaf etmiş ölkələrdə belə, elmi təcrübələr dəfələrlə göstərib ki, broyler məhsulları sağlamlıq üçün təhlükəlidir. Dünyadakı müxtəlif alimlər, səhiyyə təşkilatları bu məhsullara qarşı kampaniya aparır. ABŞ-da aparılan axırıncı elmi tədqiqatla sübut olunub ki, gündə 2 və daha çox broyler yumurtası yeyənlərdə yeməyən və ya çox az yeyənlərə nisbətən 2 dəfə çox prostat xərçəngi yaranır.
Rusiyada aparılan araşdırmalarda isə, broyler məhsullarının artıq çəki yaratması, onkoloji xəstəliklərə səbəb olması təsdiqlənib. Azərbaycanda da broyler texnologiyası bütün dünyadakı kimidir. Deməli, bu təhlükə bizə də aiddir”.
Bəs çıxış yolu varmı? Varsa nədir?
E.Bayramlı deyir ki, bunun sadə və asan yolu yalnız həqiqi kənd toyuğu və onun yumurtasını istehlak etməkdir:
"Gözünüzün qabağında kəsilmiş rəngli toyuqlar... Sümukləri bərk olur, gec bişir, qazana az yağ atsan belə sousu çox yağlı olur, yeyəndə şirəsi adamın əlinə, ağzına yapışır, çətin yuyulur. Bəli, broyler toyuğundan 2 dəfə bahadır. Amma hər neçəyədirsə, təbii qidadır. Ucuzdur deyə, zərərli qidanı yemək olmaz. Tutaq ki, un 50 qəpikdir, pulunuz yoxdursa 25 qəpiyə əhəng alıb yeməli deyilsiniz ki? Pulunuz yoxdursa yeməyin, yarpaq yeyin, ot yeyin, amma zəhərli məhsulları heç olmasa uşaqlara verməyin. Ya da 2 tikə təhlükəli qida yeməkdənsə 1 tikə təmiz qida qəbul eləmək yaxşıdır. 2 broyler toyuğunun yerinə 1 ədəd kənd toyuğu alın. Az yeyin, təmiz yeyin.
Amma kənd yumurtası da deyib, hər üstü palçıqlanan və tük yapışdırılan, 15 qəpik civarında satılan broyler yumurtalarını da almayın.
Deməliyəm ki, bir çox kənd yumurtaları belə broyler yumurtasından fərqli deyil. Hətta, artıq kəndlərdə də bir çoxları toyuqları süni yemlərlə böyüdür, bu yemlərin tərkibində Betakorotindən , Ostrogendən tutmuş hər cür təhlükəli kimyəvi maddə var”.
Transmilli şirkətlər qlobal qida terorru aparır
Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin son dərəcə vacib olduğunu vurğulayan ekspert hesab edir ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır: "Bu, konkret milli təhlükəsizlik məsələsidir. Çox yaxşı ki, bu məsələlərə çox mühüm diqqət ayıran cənab Prezidentin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Ümid edirəm ki, bu qurum belə hallarla mübarizə aparacaq, ərzaq məhsullarını müvafiq laboratoriyalarda yoxlayacaq”.
Ekspertimiz qeyd edib ki, transmilli şirkətlər qlobal qida terorru aparır:"Quş qripi”ni nəyə görə törətdilər? Ölkələrdə kənd quşlarını kütləvi məhv etdilər. Broyler sistemi isə bunların əlindədir. Bu vəziyyət təkcə quşçuluqda deyil, əksər sahələrdədir.
Son illərdə Prezidentin sərəncamları əsasında toxumçuluq təsərrüfatları yaradılıb, yerli toxum növləri qorunur, çoxaldılır. Bunu heyvandarlıqda da, quşçuluqda da etməliyik. Yerli sort heyvan və quşların kəndlərdə artmasını təşviq edə bilərik. Yerli kənd məhsulları ilə əhalini tam təmin etmək, broyler məhsullarını isə ixrac etmək olar. Nəticədə kəndlərdə məşğulluq və bazarlarda təbii məhsulların bolluğu yaranar.
Dediyim problemlər bütün ölkələrə aiddir. Bir çox ölkələr artıq müəyyən tədbirlər görürlər. Biz də özümüzü, xalqımızın genefondunu qorumalıyıq və sağlam cəmiyyət formalaşdırmalıyıq. Qlobal təzyiq güclü olsa da, hələ ki müqavimət və müdafiə imkanları tükənməyib”.
Bu qidanı azyaşlı uşaqlara vermək olmaz
ADP sədrinin müavini, həkim-ekspert Həsrət Rüstəmov isə bildirib ki, broyler toyuqlarının qida kimi istifadəsi birmənalı olaraq dünyada qəbul edilmir. Daha doğrusu, bu, sağlam qida seyil.
Müsahibimizin sözlərinə görə, broyler toyuqları 40-50 günə 1,5-2 kq arasında bir çəkiyə gəlib çatır ki, bunu normalda, dərmanlar və xüsusi hormonlar qatılmış qidalar olmadan etmək qeyri-mümkündür:
"Xüsusilə bu qidadan mütəmadi istifadə etmək zərərli nəticələrə səbəb ola bilər. Eyni zamanda azyaşlı uşaqlara, xəstələrə bu qidanı qətiyyən vermək olmaz. Xüsusilə də üzərində saxlanma müddəti 5-7 gündən artıq qeyd edilmiş toyuq məhsullarını qəti yemək olmaz. Çünki, onlara əlavə olaraq konservant vurulur ki, uzun müddət xarab olmasın. Bu konservantlar isə orqanizmə olduqca ziyanlı maddələrdən hazırlanır.
Sual oluna bilər ki, broyler toyuqlarının nisbətən yaxşısını necə ayırd etmək olar? Bunun üçün təbii yetişdirilmiş toyuq ətinin xüsusiyyətlərini bilmək lazımdır. Təbii yetişdirilmiş toyuq əti cəhrayıya çalan rəngə malik olmalı, quru olmalı, üzərində selik olmamalıdır. Eyni zamanda ətdən xoşagəlməz qoxu gəlməməli, müəyyən sərtlikdə olmalıdır. Həmçinin, bişəndən sonra dadından toyuq ətinin keyfiyyətini bilmək mümkündür”.
H. Rüstəmov deyib ki, təbii yetişdirilən toyuq əti insan üçün olduqca mühüm, əvəzedilməz qidadır:
"ABŞ alimləri toyuq bulyonunda karnozin adlı maddə tapıblar ki, bu, bədənin xəstəliklərə qarşı müdafiə gücünü artıran vasitədir. Yəni broyler toyuğundan nə qədər qaçmaq lazımdırsa, bir o qədər də kənddə təbii yetişdirilən toyuqdan qida kimi çox istifadə etmək vacibdir”.
Broyler toyuqlarının və yumurtalarının insan orqanizminə zərərinə, hoprmonal pozğunluğa və sonsuzluğa gətirib çıxarmasına gəlincə, mütəxəssis deyib ki, hələlik dünyada dəqiq olaraq belə tədqiqatlar aparılmayıb ki, broyler quş əti hansısa sonsuzluğa və ya bədxassəli şiş xəstəliklərinə səbəb olduğunu araşdırıb, qəti nəticələr ortalığa qoysun. "Amma son zamanlar qida rasionumuzda və bütün dünyada artan bu tip xəstəliklərin əmələ gəlməsində süni yetişdirilmiş qidaların mühüm rolu olmasını tədqiqat aparmadan da demək mümkündür.
Onu da qeyd edim ki, orqanik qida məhsulları ilə qidalanma artıq bütün inkişaf etmiş ölkələrdə əsas məsələlərdən biri hesab edilir. Və o ölkələr bu qənaətə təsadüfən gəlməyiblər”, – deyə H.Rüstəmov fikrini tamamlayıb.
Zərərli qida silahdan da təhlükəlidir
Qeyd edək ki, yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi ölkədə təhlükəli qidaların yayılmasına qarşı ciddi tədbilər görməyi planlaşdırır. Əslində, bu sahədə vəziyyətin kritik olduğu nəzərə alınaraq bu qurumun yaradılması ilə bağlı qərar verilib. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova deyib ki, qida ilə bilərəkdən və ya bilməyərəkdən yaranan və yayılan xəstəliklər xalqın gələcəyini, hətta mövcudluğunu təhlükəyə atır. Onun sözlərinə görə, qida təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin bir hissəsidir:
"Əgər ərzaq təhlükəsizliyi ölkə əhalisinin qida ilə təminatı deməkdirsə, qida təhlükəsizliyi bu qidanın sağlam olmasıdır. Ölkə əhalisinin səhhət və sağlığı, gələcək nəslin sağlam yetişməsi qida təhlükəsizliyindən birbaşa asılıdır. Zərərli qida hətta silahlı hücumlardan daha təhlükəlidir. Əhalimizin, xalqımızın sağlamlığı üçün qida təhlükəsizliyinin təmini bu gün qarşımızda dayanan əsas vəzifələrdəndir”.
Dövlət agentliyi araşdırmalara başlayıb
A.Kərimova bildirib ki, hazırda ölkədə qida zəncirində mövcud vəziyyət, ölkədəki hüquqi baza və onun icra vəziyyəti, qida istehsalçıları və idxalçıları ilə tanış olmaqla yanaşı, müxtəlif sahələrdə ciddi bazar araşdırmaları ilə məşğuldurlar. Bundan əlavə, qida təhlükəsizliyi sahəsində mövcud beynəlxalq təcrübəni, bir sıra ölkələrdəki analoji qurumların iş mexanizmini öyrənirlər.
Şöbə müdiri əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə nəzarət edəcək və istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olacaq: "Bizim vəzifəmiz qida zəncirinin bütün tərəfləri ilə sıx əməkdaşlıq etməkdir. Bu sahədə çalışan fermer, qablaşdırma və ya hazır məhsul idxalçısı, qida emalçısı, satıcı və ya tədarükçü – hər kəs anlamalıdır ki, onun işi insanları sağlam, təhlükəsiz qida ilə təmin etməkdir. İstəyimiz odur ki, quracağımız nəzarət mexanizmi yerli istehsalçılara dəstək funksiyası daşısın. Standartların tətbiqi və qida təhlükəsizliyinə tələblərin yerinə yetirilməsi yerli istehsalçıların məhsullarının ölkə daxilində satışlarını artırmağa və bazar payını genişləndirməyə, ixrac üçün rəqabət qabiliyyətini yüksətməyə xidmət etməlidir”.
Yəqin ki, sözügedən qurum strukturlarını tam formalaşdırdıqdan sonra broyler toyuqları ilə bağlı da ciddi tədbirlərə başlayacaq.