QARABAĞ üçün yeni YOL XƏRİTƏSİ - “İKİNCİ CƏBHƏ” açılacaqmı?

Tehran-Ankara-Moskva üçlü formatı Minsk Qrupunun 24 ildə edə bilmədiyini qısa zamanda reallaşdıra bilər - iki şərt...

Azərbaycanın daxil olduğu region ətrafında yetərincə maraqlı, taleyüklü proseslər gedir.

Qardaş Türkiyənin əsas moderatorlardan olduğu və aktiv rol adlığı bu proses yekun etibarilə Qarabağ məsələsinin həllinə də müsbət təsirlər buraxa bilər. Geosiyasət mütəxəssisləri bu haqda artıq daha ucadan danışmağa başlayıblar. 

Söhbət xüsusən də Yaxın Şərqdən, daha doğrusu, 4 ildir davam edən Suriya böhranının həllindən gedir. Srağagün Ankarada baş tutan və Soçi görüşündən sonra (2017) ikinci sayılan Ankara-Moskva-Tehran üçlü zirvə toplantısı bu yöndə ümidləri artırıb.

*****

“Rusiya-Türkiyə-İran formatı Suriyada vəziyyəti kökündən dəyişmək lazım olan əsas alətlərdən birinə çevrilib. Əvvəlcə bu format bir çoxları üçün gözlənilməz oldu. Ancaq o, lazım idi. Nədən ki, BMT xətti ilə göstərilən səylər kifayət eləmədi və faktiki, dalana girdi. O zaman yeni formalar axtarıb tapmaq lazım gəldi və ən effektlisi də bu üçlük oldu”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Vestnik Kavkaza” nəşrinə açıqlamasında Rusiya Diplomatları Assosiasiyanın sədr müavini Andrey Baklanov Ankara sammitini dəyərləndirərkən deyib. 

Məsələ ondadır ki, Qarabağ danışıqları da dalana dirənib və BMT TŞ-nin 4 məlum qətnaməsi üçüncü on ildir kağız üzərindədir. Deməli, Qarabağ “yükü”nü də yerindən götürmək, BMT qətnamələrini həyata keçirmək üçün yeni “nəfəsə”, yaxud  formata ehtiyac var. Bu isə haqqında danışılan üçlü format ola bilər. Ən əvvəl o səbəbə ki, Rusiya, İran və Türkiyənin Qarabağla bağlı istənilən sülh sazişini reallaşdırmaq üçün münaqişə tərəflərinə ciddi təsir imkanları var (Türkiyə - Azərbaycana, İran və Rusiya - İrana). Yəni anlaşma üçün möhkəm zəmanət məsələsi.         

*****

Türkiyə-Rusiya-İran ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın ötən sayında qeyd elədiyimiz kimi, Suriya məsələsində Türkiyə-Rusiya-İran anlaşmasının Qarabağ məsələsinə uğurlu inikası tam mümkün görünür. Bu da diqqətçəkicidir ki, son vaxtlar Kremlə yaxın bir sıra rusiyalı tanınmış analitiklər (Aleksandr Duqin, Oleq Kusnetsov, Maksim Şevçenko) Qarabağ nizamlanması üçün belə bir üçlü formatın vacibliyini tez-tez dilə gətirir, ona alternativin olmadığını söyləyirlər. Azərbaycanlı ekspertlər də bu xüsusda nikbin görünürlər.

“Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu üç ölkənin hər biri ilə quru sərhədi var. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır”. Bu sözləri politoloq Elxan Şahinoğlu aprelin 4-də Ankarada baş tutan Ərdoğan-Putin-Ruhani görüşünün Azərbaycana və Qarabağ münaqişəsinin həllinə təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir: “Digər tərəfdən, Türkiyə və İran danışıqlar prosesindən kənarda qalmaqdan narazıdır. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləşdirici rol oynaya bilər”.

Ä°lgili resim

Lakin politoloqun qənaətincə, yeni formatın Cənubi Qafqazda sülhün əldə olunmasına təsiri iki şərt daxilində mümkündür: “Birincisi, Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər. İkincisi, Rusiya üçlü formatın  Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasına razılıq verməlidir. Çünki Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir”.

*****

Əslində İrəvan bu formata etiraz edə bilməz. Çünki üç dövlətdən ikisi - Rusiya və İran ən azından, mənəvi planda Ermənistana daha yaxın hesab olunur, nəinki Azərbaycana. Yəni vasitəçi çoxluq ilk baxışda yenə ermənilərin tərəfindədir.  

Azərbaycan da belə üçlü format əl verir, çünki Rusiya ərazi bütövlüyümüzü tanıyır, İran isə regionda beynəlxalq miqyasda qəbul edilən sərhədlərin zorla dəyişdirilməsinin əleyhinədir. Prezident Həsən Ruhaninin son Bakı səfəri zamanı Qarabağ mövzusunda söylədikləri buna şübhə saxlamadı. Belə üçlü format həmçinin, Dağlıq Qarabağ erməniləri üçün öz müqəddəratını təyinetmə prinsipini “3 həll prinsipi”ndən biri kimi bizə sırımağa çalışan Minsk Qrupu formatını gündəmdən çıxarmış olardı.  

Bundan əlavə, Suriya münaqişənin həllində ərazi bütövlüyünü əsas götürən Tehran, Moskva və Ankara regionun başqa bir ölkəsinə - Azərbaycana münasibətdə ola bilməz ki, “ikili standart” yanaşması sərgiləsin və ərazi bütövlüyü prinsipini qulaqardı eləsin. Nəhayət, nə Rusiya və İran, nə də qardaş Türkiyə bölgədə, öz sərhədləri yaxınlığında böyük müharibədə maraqlı deyil. Azı iki səbəbdən: 1. Müharibə üç ölkənin regiondakı maraqları üçün ciddi sınaq olmaqla onları üz-üzə də gətirə, toqquşdura bilər; 2. Regiondan uzaq güclərə (ABŞ, Avropa) bölgəyə hərbi nüfuz eləmək imkanı yaradar.

Türkiyə-Rusiya-İran ile ilgili görsel sonucu

*****

Qarabağda müharibə xüsusən də son vaxtlar ABŞ-ın hədəf götürdüyü Rusiya və İranın maraqlarıma cavab vermir. Hər necə olmasa, Moskva və Tehran özlərinə qarşı lüzumsuz “ikinci cəbhə”nin açılması üçün Qərbə bəhanə - “kart-blanş” vermək istəməz. Dalıq Qarabağ konfliktinin uzanması həm belə bir bəhanəni gündəmdə saxlayır, həm də bütövlükdə region ölkələri arasında - Rusiya, Türkiyə, İran bir yanda, Azərbaycan və Ermənistan digər yanda - əməkdaşlığı dərinləşdirməyə ciddi əngəl yaradır...

 






Fikirlər